O, Azərbaycana ümumilikdə 23 il rəhbərlik edib
Bu gün, dekabrın 12-də Azərbaycanın sabiq dövlət başçısı Heydər Əliyevin vəfatının 15-ci ildönümüdür.
Rəsmi məlumata əsasən Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend xəstəxanasında vəfat edib.
H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda doğulub.
O, keçmiş SSRİ-nin dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) fəaliyyət göstərib.
Heydər Əliyev 1964-cü ildə Azərbayan Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə təyin edilib.
Ona 1967-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilib.
1969-1982-ci illərdə H.Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi olub, sonradan SSRİ Kommunist Partyasının Baş katibi Yuri Andropov tərəfindən ölkənin Baş nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov 1987-ci ildə onu tutduğu vəzifədən azad edib.
1990-cı ildə Moskvadan Bakıya qayıdan H.Əliyev bir müddət Naxçıvanda yaşayıb və Nehrəm seçki dairəsindən Azərbaycan Ali Sovetinə deputat mandatı qazanıb. O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri olarkən həm də Azərbaycan Ali Sovetinin sədr müavini olur.
1993-cü ildə Gəncə şəhərində Surət Hüseynovun hərbi qiyamından sonra prezident Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət edib.
H.Əliyev 1993-cü ilin 15 iyununda Milli Məclisin sədri seçilir. 24 iyulda isə Milli Məclisdə AMİP-i təmsil edən deputatların təklifi ilə prezident səlahiyyətlərinin H.Əliyevə keçməsi haqda qərar qəbul olunur.
H.Əliyev 1993-cü ilin oktyabrın 3-də keçirilən prezident seçkilərində qalib gəlir. 1998-ci il prezident seçkilərində H.Əliyev yenidən prezident seçilir.
1999-cu ildə H.Əliyevin səhhətində problem yaranır və o, bir müddət Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunur.
2003-cü il aprelin 21-də Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı H.Əliyevin ürəyində problemlər yaranır və o, yerə yıxılır. Bir neçə dəqiqə sonra yenidən səhnəyə qayıdaraq, çıxışını davam etdirir. Çıxışı zamanı ikinci dəfə eyni problemi yaşayan Heydər Əliyev yenidən yıxılır.
Həmin hadisədən sonra H.Əliyev Gülhanə Hərbi Tibb Akademiyasına aparılır. Avqust ayında isə onu müalicənin davam etdirilməsi üçün Türkiyədən ABŞ-ın Klivlend Klinikasına aparıblar.
Heydər Əliyevdən sonra ölkənin prezidenti vəzifəsinə onun oğlu İlham Əliyev seçilib.
Beynəlxalq təşkilatlar bu illər ərzində Azərbaycanda keçirilən prezident və parlament seçkilərinin beynəlxalq standartlara uyğun gəlmədiyini bəyan ediblər. Beybəlxalq hüquq müdafiəsi təşkilatları hakimiyyəti insan hüquqlarının pozulmasında, demokratik prinsiplərə əməl etməməsində günahlandırırlar.