Cəbhəçi gənc məhkəmədə seçim qarşısında qaldığından danışdı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı, 8 aydır həbsdə olan Elbəyi Kərimlinin məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə gənc fəal 6 il azadlıqdan məhrum edilib.
Hakim Elnur Nuriyevin sədrliyilə çıxarılan hökmə əsasən, Elbəyi Kərimli Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma, göndərmə – satış məqsədilə törədildikdə) maddəsilə təqsirli bilinib.
Lakin o, bu ittihamı qəbul etmir. O, şərlənərək həbs olunduğunu bildirib. Onun sözlərinə görə, narkotiki cibinə Nəsimi rayonu 22-ci polis bölməsində qoyublar. Səbəb isə Respublika Sarayının qarşısındakı parkda keçmiş Prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin heykəlinin arxasına “Stalin” sözünü yazması olub.
Elbəyi Kərimli məhkəmədə ifadəsində bildirib ki, heykəli yazanda ətrafda təmizlik işləri aparan qadınlar onu görüb və səs-küy salıblar. Dərhal polis gəlib və onu 22-ci polis bölməsinə aparıblar. Cəbhəçi gəncin sözlərinə görə, orada ona bildirilib ki, həbs olunacaq:
“Bölmədə sorğu-sual olunduqdan sonra qarşıma narkotik və silah qoydular ki, birini seçim. Xəbərdarlıq elədilər ki, yoxsa daha pis olacaq. Dedilər ki, mobil telefonuna hərbi obyektlərin fotolarını yükləyərik, hərbi əhəmiyyətli məlumatları Ermənistana, İrana göndərməkdə ittiham olunarsan”.
Elbəyi Kərimli bildirib ki, polis bölməsində adi su istəsə də, ona verməyiblər. Bölmədə fiziki və psixoloji təzyiqlərə məruz qaldığını deyən AXCP üzvünün sözlərinə görə, sonda məcburiyyət qarşısında qalıb, narkotiki üzərinə götürməli olub:
“Məni aşağı mərtəbəyə düşürtdülər. Dedilər ki, verdikləri narkotiki kamera qarşısında cibimdən çıxarmalıyam. Mən də deyildiyi kimi elədim”.
O, əlavə edib ki, verilən narkotiki üzərinə götürməyəcəyi halda, onu daha böyük çəkidə narkotiklə şərləməklə hədələyiblər. Hətta 8 il əvvəl Heydər Əliyevin heykəlini yazmış iki gənc fəaldan biri Qiyas İbrahimovun aqibətini yadına salıblar.
2016-cı ilin mayında gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov Respublika Sarayının qarşısındakı parkda Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazdıqdan sonra həbs olunmuşdu. Hər ikisinin evindən 1 kiloqramdan artıq narkotik tapıldığı iddia edilmişdi. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmüylə gənc fəalların hər biri 10 il azadlıqdan məhrum edilmişdi. 3 ilə yaxın həbsdə saxlandıqdan sonra – 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa çıxmışdılar.
Bayram Məmmədov 2021-ci ilin mayında həyatını itirib. Onun meyiti İstanbulda dənizdən tapılıb.
Azərbaycanda yüzlərlə fəal narkotik ittihamıyla həbs olunub. Onların arasında siyasi partiya və ictimai təşkilatların üzvləri, dini inanclı fəallar var.
AXCP-dən Meydan TV-yə bildirilib ki, son bir ildə təkcə bu partiyanın 3 üzvü narkotiklə şərlənərək həbs edilib:
“Hazırda Elbəyi Kərimli ilə yanaşı, fəal üzvlərimizdən Elnur Həsənov və Sahib Məmmədzadə narkotik ittihamıyla həbsdədir. Elnur Həsənov şəhid qardaşıdır. Heç siqaret çəkməyən adamları narkotiklə şərləmək insafsızlıq, vicdansızlıqdır. Onların hamısı siyasi baxışlarına, hökuməti tənqid etdiklərinə görə həbsdədilər”.
AXCP sədri Əli Kərimli deyir ki, Heydər Əliyevin heykəlinə “Stalin” yazmış gənci belə ağır cəzalandırmaq bir tərəfdən siyasi rejimin qəddarlığını və qorxusunu, digər tərəfdən isə ölkəni idarə edənlərin məntiqsizliyini göstərir.
Daxili İşlər Nazirliyi isə narkotik ittihamıyla həbs olunan ictimai-siyasi fəalların konkret faktlar əsasında cinayət məsuliyyətinə cəlb olunduğunu bəyan edib.