Sentyabrın 20-də Sumqayıt Şəhidlər Xiyabanında Daxili İşlər Nazirliyinin 2 əməkdaşı — polis serjantı Asim Camalzadə və polis serjantı Ramil Şirinov dəfn edilib. Rəsmi açıqlamaya görə, Ramil Şirinov və Asim Camalzadə Daxili İşlər Nazirliyinin digər 2 əməkdaşı ilə birliкdə ötən gün, sentyabrın 19-da mina partlaması nəticəsində həlak olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunda baş verib. Avtomobilin minaya düşməsi nəticəsində DİN-in dörd əməkdaşı həlak olub. Onların 29 yaşlı polis serjantı Camalzadə Asim Knyaz oğlu, 36 yaşlı polis serjantı Şirinov Ramil Arif oğlu, 32 yaşlı polis serjantı Mahmudov Seymur Elsevər oğlu və 25 yaşlı polis serjantı Zamanov Xəzər Azər oğlu olması müəyyən olunub.
Bu hadisədən bir neçə saat sonra Müdafiə Nazirliyi Qarabağda hərbi əməliyyata başladığını elan edib və bunu “antiterror əməliyyatı” adlandırıb. Bir gündən çoxdur ki, davam edən hərbi əməliyyatlar zamanı həm Azərbaycan, həm də Ermənistan tərəfdən hərbi qulluqçular və mülki şəxslər arasında ölən və yaralananlar var.
Sentyabrın 20-də tərəflər əməliyyatın dayandırılması ilə bağlı razılığa gəliblər. Həlak olan Ramil Şirinov İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 2 övladı var idi. Asim Camalzadə isə Xaçmaz rayonunda anadan olub. 8 il Çevik Polis Alayında xidmət edib. Nişanlı idi.