Fəqan Əhmədova qarşı qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb
Paytaxtın Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həyat yoldaşını qətlə yetirməkdə ittiham olunur. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Fəqan Əhmədov artıq şübhəli şəxs qismində istintaqa cəlb olunub:
“Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq, Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
Hadisə mayın 30-da baş verib. Pərvanə Süleyman qızı Əhmədovanın odlu silahdan qətlə yetirilməsilə əlaqədar əvvəlcə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Lakin Baş Prokurorluğun rəhbərliyinin göstərişilə bu işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində həvalə olunub.
Hakimin vəkili hadisənin qəsdən yox, ehtiyatsızlıq nəticəsində baş verdiyini bildirib.
1976-cı il təvəllüdlü Fəqan Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. Bundan öncə isə o, 5 il (2011-2016) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hakimlikdən əvvəl üç il Xətai Rayon Məhkəməsində böyük məsləhətçi işləyib. Buna qədər isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və məhkəmə iclas katibi olub. Tofiq Paşayev Xətai Rayon Məhkəməsinə sədr göndəriləndən sonra onu da özü ilə aparıb. Fəqan Əhmədov daha öncə Səbail Rayon Məhkəməsində də işləyib. O, Bakı Dövlət Universitetində hüquq təhsili alıb.
Fəqan Əhmədovun üç övladı var.
Onun adı bir sıra qalmaqallı işlərdə hallanıb, sifarişlə hökmlər çıxarmaqda ittiham olunub. AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun atası Arif Əhmədov Meydan TV-yə açıqlamasında şikayətlənirdi ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həbsdə olan oğlunun hüquqlarının pozulmasıyla bağlı şikayətlərini araşdırmadan ərizəni geri qaytarır.