“2 gün ərzində 50-dən artıq QHT rəhbərinin imzası ilə dövlətin müvafiq orqanlarına müraciət ünvanlanıb”
Martın 31-də Gəncə şəhər polisi tərəfindən saxlanılan “Kamil Vətəndaş” təşkilatının rəhbəri Həsən Hüseynlinin müdafiəsi ilə bağlı vətəndaş cəmiyyəti kampaniyaya start verib. Bu barədə RATİ sədri Emin Hüseynov Meydan TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, 2 gün ərzində 50-dən artıq QHT rəhbərinin imzası ilə dövlətin müvafiq orqanlarına müraciət ünvanlanıb: “Müracətdə Həsən Hüseynlinin dərhal azad olunması tələb edilir. Əgər həbs-qətimkan tədbiri seçilsə, daha geniş müdafiə tədbirləri keçirəcəyik. Məsələn, beynəlxalq qurumlara birgə müraciət edib, repressiya siyasətini aparan məmurlara qarşı konkret sanksiyalar tətbiq olunmasına çağırış edəcəyik”.
RATİ sədri deyir ki, məhkəmə həbs-qətimkan tədbiri seçərsə, sifarişin mərkəzi hakimiyyətdən verildiyinə şübhə qalmayacaq: “Məqsəd bölgələrdə vətəndaş cəmiyyətinin fəaliyyətini minimuma endirməkdir. Hətta Həsən Hüseynli kimi neytral, siyasi baxımdan həssas mövzulara diqqət göstərməyən şəxsi həbs edirlərsə, deməli, başqa bölgələrdə bir qədər siyasi fəallıq göstərən QHT-çilər asanlıqla həbs olunarlar. Həsən Hüseynlinin həbsində ikinci amil hakimiyyətin beynəlxalq aləmə “yumşalmadığını” göstərməkdir. Yəni, Qərbə mesaj verirlər ki, Ukraynanı BMT-də dəstəkləsələr də, daxili siyasətdə dəyişmək fikirləri yoxdur. Üçüncü məqam, əgər Həsən bəy haqqında həbs-qətimkan tədbiri seçilməyəcəksə, bu, icra başçısı Elmar Vəliyevin özbaşınalığı kimi qiymətləndirilməlidir. Amma mən inanmıram ki, Elmar Vəliyev mərkəzi hakimiyyətlə razılaşmadan belə bir addım atsın. Çünki bu tipli həbslər Prezident Administrasiyasının razılığını alandan sonra gerçəkləşdirilir. Amma məndə sual yaranır: Avropa Şurası Parlament Assambleyasının sessiyasından bir həftə əvvəl hüquq müdafiəçisinin həbsi hakimiyyətə nə verir? Anladığım cavab budur: iqtidar “yumşalmadığını” dünyaya nümayiş etdirir”.