Hesabat: 30 nəfərin siyasi motivlərlə səyahət qadağasına məruz qaldığı sübut edilib

”Səyahət qadağaları diskriminativ şəkildə tətbiq edilib”

Source:


”Səyahət qadağaları diskriminativ şəkildə tətbiq edilib”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) fevralın 20-də

Azərbaycanda hərəkət etmək azadlığı və siyasi motivli səyahət qadağaları

ilə bağlı dəyərləndirmə sənədi yayıb.

SMDT qeyd edir ki, hərəkət azadlığı Azərbaycan vətəndaşlarının milli qanunvericilik və ölkənin qoşulduğu beynəlxalq sənədlərdə qorunan əsas fundamental azadlıqlarından biridir. Bu baxımdan hazırkı sənəddə hərəkət azadlığı ilə bağlı mövcud məhdudiyyətləri həm milli qanunvericilik, həm də beynəlxalq sənədlər prizmasından araşdırılıb.

Mərkəz qeyd edib ki, sənəd hazırlanarkən həqiqiliyi təsdiq edilmiş faktlardan, məhkəmə qərarlarından, səyahət qadağasına məruz qalmış şəxslərin verdiyi məlumatlardan istifadə olunub.

Sənəddə beynəlxalq qanunvericilik kimi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, Avropa İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyaya (Avropa Konvensiyası), Avropa Məhkəməsinin qərarlarına istinad edilib.

Səyahət qadağasının yerli qanunvericilikdə hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasına, Miqrasiya Məcəlləsinə, Ölkədən Getmək, Ölkəyə Gəlmək və Pasportlar haqqında qanuna, Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarına istinad edilib.

“Sənəddə 30 nəfər şəxsin siyasi motivlərlə səyahət qadağasına məruz qaldığı faktlarla sübut edilib. Ancaq bu cür şəxslərin sayının 30-dan artıq olduğu istisna edilmir. Qadağaya məruz qalan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfər siyasi fəal, 4 nəfər hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfər yazar, bir nəfər isə vətəndaş cəmiyyəti nümayəndəsidir. Onlardan 26 nəfərə səyahət qadağası qeyri-müəyyən müddətə, 4 nəfərə isə müddətli tətbiq edilib. Siyahıda olanlardan 24 nəfərə səyahət qadağası məhkəmə qərarı olmadan hüquq mühafizə və istintaq orqanlarının qərarı ilə, 6 nəfərə məhkəmə qərarı ilə tətbiq edilib”.

SMDT qeyd edib ki, sənədin məqsədi diskriminativ şəkildə tətbiq edilən səyahət qadağalarının yaratdığı hüquqi problemlər və nəticələri barədə ictimaiyyəti, dövlət orqanları və Azərbaycan Respublikasının üzvü olduğu beynəlxalq təşkilatları məlumatlandırmaq, mövcud pozuntuların ortadan qaldırılması üçün tövsiyələr təqdim etməkdir.

Ana səhifəXəbərlərHesabat: 30 nəfərin siyasi motivlərlə səyahət qadağasına məruz qaldığı sübut edilib