Hərbi Prokurorluq ordudan tərxis edilən keçmiş əsgəri həbs edib

Fotolar: Meydan TV

“Məzuniyyətə gələndə ağır xəstə idim, oğlum bir az gecikdi”

“Hərbi xidmətdə olan oğlum məzuniyyətə gələndə mənim səhhətimlə əlaqədar bir neçə gün gecikmə ilə geri qayıtdı. Oğlum beş aydır ki, tərxis olunub. Bunlar indi ayılıblar ki, belə bir əsgər vardı, onun gecikməsi olmuşdu. Əgər əsgər gecikmişdisə, niyə komandiri maraqlanmırdı?”

Bunu Meydan TV-yə Bakı sakini Təhminə Oruc qızı Abdullayeva deyir.

O bildirir ki, oğlu Böyükxan Zaur oğlu Mirzəzadə Kəlbəcərin Alagöllər kəndi ərazisindəki N saylı hərbi hissədə hərbi xidmətdə olub.

Böyükxan Mirzəzadə. Foto: ailə albomundan

2022-ci ilin noyabrında oğlum məzuniyyətə gəldi. Həmin vaxt mən ağır xəstə idim. Oğlum məni əvvəlcə Xırdalanda xəstəxanaya yerləşdirdi. Daha sonra isə Respublika Klinik Xəstəxanasına apardı. Buna görə də məzuniyyəti bitsə də, hərbiyə qayıtmadı. Gecikmə ilə əlaqədar zəng edib oğlumun komandirinə məlumat verdik. Buna görə də heç bir problem yaşanmadı”, – o deyib.

“Xəstəxanadan evə buraxılanda xəstəlik kağızı götürdüm. Oğlum hərbi hissəyə qayıdanda Zəfər bayramına təsadüf etdi. Gecə 3-ə işləmiş zəng vurdu ki, ana, mən yolda qalmışam, Kəlbəcərə qalxmağa maşın yoxdur. Komandirinə zəng vurdum ki, hazırda Kəlbəcərdədir, amma yuxarı, hərbi hissəyə qalxmağa maşın tapmır. Komandir də tövsiyə etdi ki, günü beş manata hərbiçilər üçün ev var, orada gecələsin”.

Valideyn deyir ki, oğlu 2023-cü il yanvarın 3-də tərxis edilib.

Dörd ay sonra isə gözlənilmədən zəng edib, Gəncə Hərbi Prokurorluğuna çağırıblar:

Dedilər ki, oğlun gəlib, burada izahat versin, görək, nə olub. İzahat adı ilə uşağı həbs ediblər. Oğlumu mayın 9-da Gəncəyə çağırıb, sonra da orada saxlayıblar. Oğlum erməni ilə üz-üzə qalıb. İndi bu nədir, onun başına gətirirlər? Oğluma zəng etdim, ağlaya-ağlaya dedi ki, ana telefonumu əlimdən alırlar, məndən narahat olma. Məni həbsxanaya atırlar”.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, qanunvericilik hərbi ilə əlaqədar məsələlərlə bağlı açıqlamalara məhdudiyyət qoyur.

Ona görə də açıqlama verilməyəcək. Bununla belə, hər bir müraciətə qanunvericiliklə uyğun qaydada baxılır”, – mətbuat xidmətindən bildirilib.

Ana səhifəSosialHərbi Prokurorluq ordudan tərxis edilən keçmiş əsgəri həbs edib