Ayaz Mütəllibov: ”Bu barədə dəfələrlər danışmışam və Azərbaycan xalqı həqiqəti bilir”
“Xocalı faciəsinin baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəcədən bilirdi”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında deyib.
Onun sözlərinə görə, faciədən sonra Azərbaycan Daxili İşlər Nazirliyi faciədə cəmi iki adamın öldüyü haqqında məlumat yayıb: “Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirilməsini sübut etmək üçün xeyli əziyyət çəkdi”.
X.Vəliyev əlavə edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılmasında Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasının böyük rolu olub.
O qeyd edib ki, soyqırım üçün hansısa irqi məhv etmək lazım deyil, buna cəhd etmək, belə bir fikirə düşmək özü də bu cinayətin bir hissəsi deməkdir: “Günümüzdə soyqırımların ən pik nöqtəsi Xocalı faciəsidir”. Xanlar Vəliyev hadisənin təfərrüatlarını da açıqlayıb: “Azərbaycan hakimiyyəti Xocalıda Soyqırım olacağından xəbərdar idi. Bunu bilmək üçün xüsusi məlumatların olmasına gərək yox idi. Bu hadisələr 1991-ci ilin noyabrında başlamışdı və intensiv şəkildə davam edirdi. Qarabağın müxtəlif kəndlərində bunlar baş verirdi. Əlbəttə Xocalı həcmində olmasa da onlarla adamlar öldürülür, yüzlərlə insan yaralanırdı. Fevral ayının 16-17-də Qaradağlıda 67 nəfər qətlə yetirildi. Ondan da bir həftə sonra Xocalı faciəsi baş verdi. Siz bilirsiniz ki, o zaman Xocalıda 7 minə yaxın əhali yaşayırdı. Amma hadisə baş verəndə orda o qədər adam olmayıb. Bunun səbəbini başa düşmək üçün alim olmağa gərək yoxdur. Azərbaycan hakimiyyətinin sözsüz ki bundan xəbəri var idi, amma bunun qarşısını almaq üçün heç bir tədbir görmədi, bu bir yana qalsın hadisə baş verəndən sonra da insanların heç olmasa ordan köçməsini təşkil etmək lazım idi”, – deyə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev əlavə edib.
Eks-prezident Xanlar Vəliyevin ittihamlarına münasibət bildirib. Ayaz Mütəllibov Meydan TV-yə deyib ki, bu barədə dəfələrlər danışıb və Azərbaycan xalqı həqiqəti bilir: “Necə ola bilər ki, mən əvvəlcədən məlumatlı olam, amma tədbir görməyəm?! Bu baxımdan yenidən deyilənlərə cavab verməyə ehtiyac görmürəm. Xalq hər şeyi yaxşı bilir”.