Milli Məclisdə yeni qanun layihəsinin təqdimatı olub
Fevralın 9-da Milli Məclisdə yeni hazırlanmış “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması” haqqında qanun layihəsinin təqdimatı keçirilib.
Meydan TV-nin xəbərinə görə, qanun layihəsi barədə məlumat verən vitse-spiker, MM-in İnsan haqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan zaman-zaman öz ərazilərini itirib, vətəndaşları qırğına məruz qalıb, mədəniyyət abidələri dağıdılıb. Vitse-spikerin sözlərinə görə, beynəlxalq aləmi məsələ ilə bağlı düzgün bilgiləndirmək, Azərbaycana qarşı törədilən cinayətlərin hüquqi qiymət alması və cinayətkarların cəzalandırılması barədə məlumatlandırmaq yönündə müəyyən işlər görülsə də, bu gün ərazilərimiz işğal altındadır, insanlar öz evlərində, yurdlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. “Cinayətkarlar bəlli olsa da, qonşu ölkələrin rəhbərliyində təmsil olunaraq cəzadan yayınırlar” – deyə B.Muradova bildirib. O qeyd edib ki, bu səbədən belə bir qanun layihəsinə ehtiyac var.
“Soyqırımı törədənlər günahlarını gizlətməyə çalışmırlar”
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, indiyədək beynəlxalq aləmdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilsə də, hələlik məsələyə lazımi hüquqi qiymət verilməyib:
“Bunun üçün qarşımızda mühüm işlər dayanır”.
Azərbaycan prezidentinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı sərəncamını diqqətə çatdıran PA rəsmisi qeyd edib ki, sərəncama əsasən müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək. Onun sözlərinə görə, beynəlxalq aləmdə də soyqırım ən ağır cinayət əməli kimi qiymətləndirilir.
“Biz də bundan istifadə edərək ölkəmizə qarşı törədilən cinayət işinin günahkarlarını cəzalandırmağa çalışmalıyıq. Burada çox faktlar məlumdur. Onu törədən vaxtilə Ermənistan rəhbərliyində təmsil olunan şəxslər – keçmiş prezident Köçəryan, indiki rəhbər Sarkisyan və digər şəxslərdir. Onların çoxu da öz çıxışlarında günahlarını gizlətməyə çalışmırlar. Sarkisyan bu işdə yaxından iştirak etdiyini etiraf edərək əməllərinə bəraət qazandırmağa çalışıb. Bu gün qarşıda duran vəzifə siyasi informasiya mübarizəsi işini gücləndirmək, məsələyə beynəlxalq qiymətin verilməsinə nail olmaqdır” – deyən PA rəsmisi qeyd edib ki, əsas məqsəd məsələyə hüquqi qiymətin verilməsidir.
“Bu baxımdan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsini yüksək qiymətləndirirəm. Bu sənəd hüquqi baxımdan işlərin yekunlaşmasına öz töhfəsini verəcək ki, bunu törədənlərin cəzalandırılmasına nail olaq, ərazi bütövlüyümüzü pozanlara qarşı zəruri işlərimizi görə bilək”.
Xanlar Vəliyev: “İnterpolda da ikili standartlar var”
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev isə bildirib ki, azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə dair 297 nəfərin həbsi üçün beynəlxalq axtarışla bağlı qərar qəbul edib. “Həmin şəxslər İnterpol vasitəsi ilə axtarışa verilsə də, hələ də heç kim saxlanılaraq, Azərbaycana verilməyib. Bu da ikili standartların bariz nümunəsidir. Beynəlxalq İnterpol təşkilatı da eyni mövqedə durub”.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib ki, 2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı 700 ərizə Avropa Məhkəməsinə göndərilib və işlər icraata götürülüb. Həmçinin Milli Qəhrəman Çingiz Qurbanovla bağlı hadisə ilə bağlı azərbaycanlı hüquqşünaslar tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilib.
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı olan bloqqerin Azərbaycana gətirilməsinə də toxunan Ç.Əsgərov bu məsələnin əhəmiyyətsizliyindən danışanların yanlış fikirləşdiyini deyib. O vurğulayıb ki, həyata keçirilən proses qanun çərçivəsindədir:
“Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”.
Milli Məclis, QHT-lərə Dövlət Dəstəyi Şurası və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi tərəfindən hazırlanan layihə ilə bağlı müzakirələrdə deputatlar, parlament aparatının əməkdaşları və QHT təmsilçiləri çıxış edərək, irad və təkliflərini də bildiriblər.