Hər şey səhv start xəttindən başlandı

Bugünkü reallığımız həmin səbəblərin acı nəticəsi kimi meydana çıxdı

Source:


Bugünkü reallığımız həmin səbəblərin acı nəticəsi kimi meydana çıxdı

Azərbaycan iqtisadiyyatında xarici borcların bu sürətlə artması neqativ haldır. Çünki xarici borcun miqyası ildən-ilə yox, aydan-aya artır. Həm də sürətlə. Həm dövlətin özünün beynəlxalq maliyyə qurumlarından aldığı borclar, həm şirkətlərin beynəlxalq qurumlardan götürdüyü kreditlər, həm də dövlət zəmanəti ilə dövlət şirkətlərinin infrastruktur və institsional layihələr üçün aldığı borclar formasında maliyyə axını baş verir.

Bütün bunlara görədir ki, bizim əvvəllər dövlət büdcəsi xərclərindəki “xidməti borclar” bölməsində daxili və xarici borcların səviyyəsi büdcə xərclərinin illər üzrə 0,5-3 faizə qədər dəyişirdi. Bu ilin dövlət büdcəsində bu xidmətə yönəlik xərclər 1,6 milyard manat təşkil edəcək. Bu isə büdcə xərclərinin təxminən 10 manatından 1-nin sərf olunması deməkdir. Və ya bu büdcə xərclərini, yaxud 9,7 faizi alınan borclar üçün sərf olunacaq.

Xarici borcların miqyasını artıran bir neçə faktor eyni zamanda ziyanımıza işləyir.


Birinci,

dolların manat qarşısında dəyər qazanması və manatla əldə edilən gəliri dollara konvertasiyası zamanı ödəmə qabiliyyətinin aşağı düşməsi və əlçatanlığın zəifləməsidir.


İkinci,

xarici borclamalarla bağlı bağlanmış kredit sazişlərinin sayı və həcmi artır. Bu isə xarici borcun toplam həcmini artırır.


Üçüncü,

ÜDM-in həcmi ildən-ilə zəifləyir. ÜDM-in həcmi kiçiləndə onda xarici borcun xüsusi payı daha da artır ki, bu da təhlükəli həddə yaxınlaşmağı və qırmızı xətti keçməyimiz sürətləndirir.

Məlumat üçün bildirim ki, beynəlxalq normalar baxımından yanaşsaq, xarici borcun həcmi ÜDM-in 40 faizini keçərsə, bu, artıq təhlükəli zolağa daxil olmaq deməkdir. Bunu ÜDM-in və xarici borcun dollarla ifadəsi onu deməyə imkan verir.

Amma Azərbaycan hökumətinin maliyyə idarəçiliyində olan nöqsanları ilə bərabər, beynəlxalq maliyyə qurumlarının məsuliyyəti az deyildir. Açığı, mən bu işdə təkcə Azərbaycan hökumətinin səriştəsiz idarəçiliyi ilə bərabər beynəlxalq birlikləri, o cümlədən maliyyə qurumlarını da qınayıram. Dünya Bankı başda olmaqla digər banklar qrupu verilmiş kreditlər üzərində vətəndaş cəmiyyəti institutlarını prosesə cəlb etməklə effektiv monitorinq işini təşkil etmədi. Bu isə şəffaflıqla bağlı problemlərin meydana çıxmasına, şübhəli və risk yaradıcı amillərin daha da güclənməsinə gətirib çıxardı. Mən bunu böyük uğursuzluğun başlanğıcı hesab edirəm. Məhz hər şey səhv start xəttindən başlandı. Bugünkü reallığımız isə həmin səbəblərin acı nəticəsi kimi meydana çıxdı.

Ana səhifəAnalitikaHər şey səhv start xəttindən başlandı