Helsinki Komitəsi Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıb

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

“Bu, Azərbaycan hökumətinin islahat aparmaq iddialarını sarsıdır”

Norveçin Helsinki Komitəsi (NHC) Azərbaycan hökumətinə səslənən bəyanat yayıb.

NHC bəyanatda Azərbaycan hakimiyyətini ötən həftə həbs edilən hüquq müdafiəçisi və hökumət tənqidçisi Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıb.

Komitə bildirib ki, Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittihamlar saxtadır və dərhal ləğv edilməli, o, sərbəst buraxılmalıdır.

NHC təəssüflənir ki, Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittihamlarla onu üç ilədək həbs cəzası gözləyir.

Təşkilat hesab edir ki, bütün bunlar onun siyasi fəaliyyətinə və hakimiyyəti tənqid etdiyinə görə cavab addımıdır: “Tənqidçiləri şübhəli cinayət ittihamları ilə hədəfə almaq və ya onlara uzunmüddətli həbs cəzası vermək azad sözə basqıdır. Bu da Azərbaycan hökumətinin islahat aparmaq iddialarını sarsıdır”.

Dekabrın 15-də Bakı Apelyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin həbsindən verilən apelyasiya şikayətinə baxılacaq.

Xətai Rayon Məhkəməsi dekabrın 9-da onun Bəxtiyar Hacıyev barəsində ilkin istintaq dövrü üçün 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb.

Söhbət Bəxtiyar Hacıyevlə jurnalist Ülviyyə Alovlu arasındakı qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılıb.

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.

İctimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Beynəlxalq Amnistiya Təşkilatı da (“Amnesty International”) Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılmasına çağırıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi də Bəxtiyar Hacıyevin həbsindən narahatlığını ifadə edib.

Səfirlik yaydığı açıqlamada bildirib ki, Bəxtiyar Hacıyev İnsan Hüquqları Günü ərəfəsində həbsi edilib və hakimiyyət onu mümkün qədər tez azad etməlidir.

Ana səhifəSiyasətHelsinki Komitəsi Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıb