“Azərbaycan hakimiyyətini Hacıyevlə humanist rəftar etməyə çağırırıq”
Azərbaycanlı vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin vəziyyətinin kəskin pisləşməsi ilə bağlı xəbərlərdən sonra Helsinki Komissiyasının sədri Co Vilson və həmsədr senator Ben Kardin bəyanatla çıxış ediblər.
Bəyanatda bildirilir ki, onlar qondarma ittihamlarla həbsdə olan və aclıq aksiyasını davam etdirərkən səhhəti kəskin pisləşən azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin əsassız həbsi və pis rəftarının davam etməsindən tamamilə dəhşətə gəliblər:
“Onun Azərbaycan rejimi tərəfindən cəzalandırılması ona qarşı irəli sürülən ittihamlarla tamamilə qeyri-mütənasib olmaqla yanaşı, həm də haqlı fəaliyyəti nəticəsində ilk dəfə təzyiqə məruz qalması, saxlanılması və zorakılığa məruz qalması deyil”.
Sənəddə qeyd edilir ki, Azərbaycan ABŞ-ın mühüm tərəfdaşı olub və dünyada enerji imkanları üçün mühüm əhəmiyyət kəsb edir. Lakin əsas olan insan hüquqlarının əsas prinsiplərinin qarşılıqlı tanınmasıdır:
“Bu, həm cənab Hacıyevə, həm də çoxsaylı digər siyasi məhbuslara aiddir. Biz Administrasiyadakı və Avropadakı həmkarlarımıza qoşularaq Azərbaycan hakimiyyətini cənab Hacıyevlə humanist rəftar və insan haqlarını təmin etməyə, Helsinki Prinsipləri çərçivəsində onun daxili və xarici öhdəliklərinə qayıtmağa çağırırıq”.
Fevralın 20-də Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc açıqlama verərək bildirdi ki, ictimai fəal ölümcül haldadır, o, məhkəməyə əlilliyi olan insanlar üçün nəzərdə tutulmuş arabada gətirilib və yolda qusub.
Bəxtiyar Hacıyev fevralın 10-da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülüb.
O, fevralın 16-da sudan imtina etdiyini açıqlayıb.
İctimai fəal ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edib.
Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, bu ittihamla razı deyil.
Dekabrın 15-də Bəxtiyar Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib.
Bəzi ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırdığını bildirib.
Yanvarın 9-da isə yenidən aksiyanı bərpa etdiyini açıqlayıb.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.
Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.
İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir. Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.
İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.
Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.