İlham Əliyev DSK hərbçilərini mükafatlandırıb
Prezident İlham Əliyev avqustun 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) bəzi hərbçilərinə ordenlər verib. Mükafatlandırılanlar sırasında 2021-ci il noyabrın 30-da Xızıda qəzaya uğrayan helikopterdə həlak olanların da adı var.
Prezidentin imzaladığı sərəncamla kapitan Xəyyam Əliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, mayorlar Elbrus Əhmədov, Emil Əliyev, tibb xidməti kapitanı Ceyhun Əhmədxanov, kapitan Teymur Qaraisayev, baş leytenant Fərid Nağıyev, leytenant Abdulla Süleymanov “Vətən uğrunda” medalına layiq görülüb.
2021-ci ilin noyabrın 30-da DSX-nın hərbi helikopteri Xızı rayonununda qəzaya uğrayıb.
Helikopterdə ekipaj üzvü ilə birlikdə 20 nəfərə yaxın zabit olub. Qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.
DSX-nın həmin vaxt yaydığı məlumatda qəzanın saat 10:40 radələrində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən baş verdiyi bildirilib.
Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada isə deyilirdi ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.
2022-ci il yanvarın 13-də isə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hadisə zamanı yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun iddiası əsasında həbs olunub.
Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin hadisə vaxtı orada olduğuna inanmır.
Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Əvvəl DSX-nın polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsiylə VİP sədri yanvarın 13-də 5 ay azadlıqdan məhrum edilib. Daha sonra o, Ramin Cəbrayılovun iddiası əsasında eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərinə qəti olaraq 6 ay həbs cəzası gəlib.
Partiya sədri özünü təqsirli bilməyib, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edib.