”Heç kim istəyərək öz vətənini tərk etməz”

Mühacir həyatı yaşamaq istəyənlərin hekayəti

Source:
Fariza Qurbanova və bacısı
Fariza Qurbanova və bacısı


Mühacir həyatı yaşamaq istəyənlərin hekayəti


“Ölkəni siyasi fəaliyyətimlə əlaqədar tərk etməyə məcbur olmuşam. Belə ki, ölkədə özbaşınalıqlar baş alıb getdiyi halda, buna etirazını bildirə bilmirsən, hansısa problemini həll edəndə hüquqlarını müdafiə etmək imkanın məhdudlaşdırılır, yaxud da pozulur. Ölkədə söz azadlığı hər vasitə ilə boğulur. Hətta hər hansı məmuru tənqid etmək belə, ən yaxşı halda səni polis şöbəsində “qonaq” edir”.

Bu sözləri hazırda ailəsi ilə Almaniyada mühacir düşərgəsində yaşayan Tural Hüseynli deyir.

Onun sözlərinə görə, seçkilərdə iştirak etdiyi zaman Binəqədi rayonunun keçmiş icra hakimiyyəti başçısı Xaləddin İsgəndərova etirazını bildirib, nəticədə polis idarəsinə aparılıb:

“Seçki saxtakarlıqları haqqında fikirlərini deyəndən dərhal sonra, olduğum ərazini tərk edərkən birbaşa polis idarəsinə aparıb , hədə-qorxu gəlib, təhdid etdilər. Bir daha kütləvi yerlərdə fikirlərimi deməməyi tapşırdılar, əks halda, həbs ediləcəyim barədə məni xəbərdar etdilər. Bundan başqa, mitinqlərdə iştirak edəndə də polis narahat edir. Universitet tələbələri üçün isə başqa metoda əl atırlar. Əvvəlcə dekanlıqdan xəbərdarlıq gəlir , sonra universitetdən qovulmaqla təhdid edirlər. Bütün bunlar məni buraya gətirib çıxardı, artıq 7 aydır ki, ölkədən kənarda, kampda yaşayıram”.

İnsan azadlığın dadını biləndə onu itirməməyə çalışır

Tural Hüseynli çətin kamp həyatının qarşılığında azadlıq əldə etdiyinə sevinir. Bununla belə, ölkədən kənarda ailə ilə yaşamağın yüngülləşdirici hal olduğunu əlavə edir:

“Ailə ilə birlikdə kamp həyatı o qədər də çətin deyil. Təbii ki, kamp həyatının müəyyən çətinlikləri olur, ancaq ailədə dəstək olanda problemləri də həll etmək asanlaşır. Əsas çətinlik qida ilə bağlı yaşanır. Mətbəxlər fərqli olduğu üçün kampdakı yeməklərə öyrəşmək də bir az çətin olur. Hüquqlarımın qorunduğu, söz azadlığımın olduğu ölkədə daha rahat yaşaya biləcəyimi, daha çox inkişaf edəcəyimi, həyatımı daha yaxşı quracağımı düşünürəm. İnsan azadlığın dadını biləndə onu itirməməyə çalışır. Heç kim istəyərək öz vətənini tərk etməz. Söhbət mühacir həyatı yaşamağı seçməkdən gedir. Ancaq ölkədəki problemlər, haqsızlıqlar, özbaşınalıqlar buna bizi vadar edir”.

Burada polis insanların təhlükəsizliyini təmin etmək üçündür

Azərbaycanda söz azadlığının olmadığını deyən siyasi fəal bu ilin mayında Almaniyanın bir neçə şəhərində AXC-nin 100 illiyi münasibətilə baş tutan tədbirlər zamanı baş verənləri xatırlayaraq qeyd edir:

Tural Hüseynli
Tural Hüseynli

“AXC-100 tədbirləri zamanı polis insanların təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edirdi. Azərbaycanda isə məhz Azərbaycanın qurulması ilə bağlı Cümhuriyyət adibəsini ziyarət edənlərə, bu ziyarəti təşkil edənlərə 30 sutka iş verdilər”.

Xüsusi tapşırıqla atamgili 2 gün ac saxlayaraq, ağır işgəncələr vemişdilər

Fariza Qurbanova atasına olan təzyiqlər nəticəsində Almaniyaya mühacir gedib. Azərbaycan hökumətinin onu və ailəsini mühacirətə getməyə vadar etdiyini düşünür:

“Azərbaycanda bizə yaşamağa imkan vermədilər. Bizi istismar edir, üstəlik pis münasibət göstərirdilər. Atam Məmməd Qurbanov hər zaman bu rejimə, haqsızlıqlara qarşı çıxıb. Onun Naxçıvanda kiçik biznesi vardı. Ərzaq mallarının pərakəndə satışı ilə məşğul idi. 2011-ci ildə Türkiyədən mal gətirərkən Naxçıvan sərhəddində rüşvət istədilər, atam da bu rüşvəti ödəmədi. Bundan sonra dövlət qurumları rüşvəti bahənə gətirərək, siyasi çıxışlarına, fikirlərinə görə atamı və bacımın yoldaşını qabaqcadan hazırlanmış planla həbs etdilər. Lazımi orqanlara müraciət etsək də, bizə məlumat verən tapılmadı. Ailə üzvlərimi 2 gün ac saxlayaraq, ağır işgəncələr vemişdilər. Daha sonra saxta məhkəmə qərarı ilə atama 4 il, bacımın yoldaşına isə 5 il həbs cəzası verildi. Gətirdiyimiz ərzaq malları isə gömrükdə yandırılmışdı”.

Naxçıvan ayrıca respublikadır, oranın qanunlarına qarışa bilmərik

Fariza Qurbanova əlavə edir ki, 4 bacı ailə üzvləri üçün Bakıda hüquq- mühafizə orqanlarının qapısını döysələr də, aldıqları cavab “Bakı Naxçıvanın işinə qarışmır” olub:

Fariza Qurbanova və atası Məmməd Qurbanov
Fariza Qurbanova və atası Məmməd Qurbanov

“Məsələni mətbuatda işıqlandırdıq və bizim məsələyə görə 11 ölkənin səfiri Naxçıvana gəldi, bizimlə görüşdü. Atamgilin haqsız yerə həbsi ilə bağlı bütün qəzetlərdə yazılmışdı. Atamgil 5 ay həbs yatdı, bu 5 ay ərzində hər cür şantajla bizi susdurmaq və alçaltmaq istədilər. Amma yenə də biz mübarizəmizdən bir addım belə geri dönmədik”.

Hər kəs, qohumlar belə bizdən uzaqlaşmışdı

“Təhdidlərə məruz qaldığımız halda yorulmadan mübarizə apardıq və sonunda qazanan biz olduq. 5 aylıq həbsdən sonra Bakıya köçüb, 3 il burada yaşamağa məcbur olduq. Bakıda da siyasi fəallığa davam etdik və yenidən “davam etdi 37”. Bu dəfə təkcə Naxçıvanı yox, ölkəni tərk etməyi qərara aldıq. Artıq 2 il 2 aydır Azərbaycandan kənarda – Almaniyada siyasi mühacir kimi yaşayırıq. Artıq kampdan çıxıb, oturum icazəsi almışıq. Bundan sonrakı həyatımızı Azərbaycandan kənarda qurmaq nə qədər çətin olsa da, bir o qədər təhlükəsizdir”.

Azərbaycanda xəstəliyimə çarə tapa bilmirdilər

14 yaşından talassemiya xəstəliyindən əziyyət çəkən Fidan Qafarova sağlamlığı üçün Hollandiyaya pənah gətirib. 1999-cu ildə mühacirətə gedən Qafarovlar artıq 19 ildir ki, ölkədən kənarda yaşayırlar:

Fariza Qurbanova
Fariza Qurbanova

“Azərbaycanda müalicə o vaxt da elə indiki kimi bərbad vəziyyətdə idi. Valideyinlərim mənim sağlamlığım üçün ölkəni tərk edib, Avropaya mühacir kimi köçmək qərarına gəldilər. Artıq 19 ildir ki, biz Hollandiyada yaşayırıq. Düz 5 illik kamp həyatımızda 8 kamp dəyişməli, fərqli şəhərlərə köçməli olduq. Kamplardakı vəziyyəti xatırlayanda hələ də o çətinlikləri hiss edirəm. Yeni dilə, muhitə öyrəşmək xüsusən valideynlərim üçün çətin idi. Kamplarda dünyanın dörd tərəfindən gələn insanlarla eyni mühiti, bəzən də eyni yeməyi bölüşməli olurduq. Afrika, İraq, Əfqanıstandan gələn insanlardan elə də fərqimiz yox idi”.

Hər dəfə kamp dəyişəndə yeni şəhərə və yeni məktəbə öyrəşmək lazım gəlirdi

Mühacirətin birinci ilində Fidan Qafarova və qardaşı Azərbaycan üçün darıxsa da, ölkəyə qayıtmaq ehtimalının az olduğunu düşünüblər:

“Darıxmağımıza baxmayaraq, oturum almayana qədər Hollandiyanı tərk etmək istəmirdik. Kampın bütün çətinliklərinə- ümumi mətbəx, hamama rəğmən, biz bu duruma 5 il dözməli olduq. Hətta kampdakı mühacirlərin bəziləri oturum almaq üçün özünü dəli kimi aparırdı. Kapmda dəfələrlə bıçaqlanma, davalar və hətta atışmalar olurdu”.



Ən böyük çətinlik odur ki, illərlə gələcəyin haqqında heç nə bilmirsən

Oturum aldıqları günə qədər Qafarovlar ailəsi geri göndərilmə qorxusu ilə yaşayıb, ölkəyə qayıtmaq ehtimalı isə onlar üçün düz 5 il kabusa çevrilib:

“Azərbaycana ömrümüzboyu bağlıyıq. Amma valideyinlərim düşünürdü ki, mənim üçün orda gələcək yoxdur. Artıq mən həyatımın 19 ilini Hollandiyada keçirmişəm və gələcəyimi təkcə burada görürəm. Burada oxuyub, diplom almışam, indi isə işləyirəm. Çox istərdim ki, Azərbaycanda insan haqları, tibbi yardım və başqa sektorlar Hollandiyadakı kimi olsun”, – Fidan Qafarova deyir.



Sosioloq deyir ki…

Sosioloq Nail Cəlil son zamanlar azərbaycanlıların ölkədən kütləvi köçməsinin səbəbini sosial, xüsusilə, maddi çətinliklərdə görür:

“İnsanların mühacirətə meyilinin artması sürətli inkişaf barədə söylənilən fikirlərin nağıl olduğunu bir daha sübut edir. Azərbaycanda yaşayış səviyyəsi Gürcüstan, Rusiya, İran və eləcə də Ermənistan kimi ölkələrdən çox da geri qalmır, yəni müəyyən bir təbəqə normal yaşayır. Amma əhalinin əksəriyyəti həm yaşayış, həm də inkişaf perspektivi baxımından ciddi baryerlərlə üzləşir. Avropada yaşayış səviyyəsi və şərtləri Azərbaycanla müqayisədə dəfələrlə yaxşıdır. Elə insanlara da bu cəhət cəlbedici görünür. Ömürboyu vəzifədə olan şəxslərin belə, qeyri-obyektiv yollarla Avropada siyasi mühacir statusuna can atması problemin ciddi olmasını sübut edən amillərdən sadəcə biridir. Digər bir amil isə orta təbəqədən olan insanların 10 illər boyunca öz əməkhaqlarından kənara yığdıqları pullarla ev ala bilməməsidir. Üstəlik, ipoteka ilə ev sahibi olmaq da o qədər asan iş deyil. Hazırda aşağı gəlirli ailələrin durumu bir o qədər də ürəkaçan deyil, təbii ki, bu məsələdə son iki devalvasiyanı da gözardı etmək olmaz.

Əhalini sosial sahibkarlığa təşviq etməli və fərdi təşəbbüskarlıq himayə olunmalıdır

Sosioloq hesab edir ki, hökumət bu tendensiyanın qarşısını almaq üçün əhalini sosial sahibkarlığa təşviq etməli və fərdi təşəbbüskarlığı himayə etməlidir:

“Mənzil təminatı isə görüləcək işlər arasında ən öndə olanıdır. Belə ki, Azərbaycanda kifayət qədər boş mənzillər olsa da, insanlara bu mənzillər real duruma uyğun şərtlərlə təqdim olunmur. Düşünürəm ki, insanlara güzəştli mənzil əldə etmək şansı yaradılsa, kütləvi köçü azaltmaq mümkün olar”.

Elə təkcə bu ayın 18-də

51 azərbaycanlı

Almaniyadan deportasiya edilib. Məlumatı Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzi yayıb. Bildirilib ki, deportasiya edilənlərin şəxsiyyətləri son bir həftə ərzində “Readmissiya haqqında” sazişə əsasən müəyyən edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.

Ana səhifəReportaj”Heç kim istəyərək öz vətənini tərk etməz”