”Heç ayda bir dəfə ət almağa imkanımız olmur”

9 nəfərlik ailə pensiyanın ümidinə qalıb

Source:

“Bir tərəfdə kasıblıq, aclıq,  bir tərəfdə də beş ruhi xəstə. Nə edəcəyimi bilmirəm.  Çox çətindir…”.

Bu sözləri Hövsan qəsəbəsində yaşayan Teybə Hacıyeva deyir. Onun 65 yaşı var.  Həyat yoldaşı və 4 övladı psixoloji problemlərdən əziyyət çəkir. Elə ailənin yeganə qazancı da əlilliyə və qocalığa görə alınan pensiyadır – ümumilikdə 440 manat.


“Borc içində batıram”

Teybə Hacıyeva 22 yaşında ailə qurub.  Deyir ki, həyat yoldaşı Qəşəm Hacıyev anadangəlmə psixoloji problemli olub. Qadın onun ilk evliliyindən olan övladına analıq edib. Sonradan  üç övladı dünyaya gəlib.

“Övladlarımın hamısı ruhi xəstədir. Əvvəllər fermada işləyirdim, evlərə təmizliyə gedirdim, bu yolla ailəni dolandırırdım. İndi qocalmışam, 65 yaşım var, heç kim iş vermir. Ona görə də ancaq onların pensiyası ilə dolanırıq.  Oğlum Fərzəli 126, Günel 50 manat pensiya alır. Fərzəlinin pensiyasının tam yarısı pampersinə, yarısı da dərmanlarına xərclənir.  O qədər borca girmişəm ki, heç bilmirəm haradan alıb qaytaracam” – deyir, ana.


“Sənəd üçün 300 manat istəyirlər”


Teybə Hacıyevanın sözlərinə görə, övladlarının vəziyyəti getdikcə daha da pisləşir: “Xəstəliyi başlayanda  evi dağıdır, şüşələri qırır, soyuducuya, qapıya təpik vurur. Bir ildən çoxdur qapının şüşələrini qırıb. İmkanımız yoxdur düzəltdirməyə. Xəstədir, heç nəyi başa salmaq olmur”.

Qadın deyir ki, əvvəllər yaxşı həyət-bacası olub. Əkdiyi göyərtini satışa çıxarmaqla da pul qazanıb. Amma sonradan imkansızlıqdan həyətinin bir hissəsini satıb: “Həyət-bacamı əlimdən almaq istəyirdilər. Düşünürdülər, xəstədi hamısı, mən də tək, köməksiz qadın. Fikirləşdim, ölsəm, balalarımı tökəcəklər bayıra. Ona görə də dəyər-dəyməzinə satdım, xərclədim uşaqların problemlərinə.  İndi olsaydı, heç olmasa əkdiklərimi satıb dolanardım”.

Son illər ailənin yükü daha da artıb. Belə ki, Teybə Hacıyevanın qızı Samirə iki azyaşlı övladı ilə onun yanına köçüb. Həyat yoldaşı onu uşaqları körpə ikən tərk edib. Hətta öz soyadının belə övladlarına verilməsini istəməyib. “İndi uşaqların doğum şəhadətnaməsi də yoxdur. Sənədləri düzəltmək üçün hansı qapıya gedirəmsə, məndən pul istəyirlər. Deyirlər, xərci 300 manatdır, ödəməsən, şəhadətnaməni verə bilmərik. Mənim də o qədər pulum yoxdur”.



“Heç ayda bir dəfə ət yemirik”


İmkansızlıqdan normal qidalana bilməyən ailəyə əvvəllər kənd məscidi köməklik göstərib. Ancaq indi heç kim yardım etmir: “Hacı Akif xəstələndi, daha bizə kömək etməyə imkanı yoxdur. Qonşular hərdən əl tutur, bişirdikləri xörəkdən bizə gətirirlər. 9 nəfərlik ailəyik. Heç nəyi çatdırmaq olmur. Əti əsasən Qurban bayramında yeyirik. Heç ayda bir dəfə ət almağa imkanım olmur.  Sonuncu dəfə pensiyanı alanda ət almışam. Hərdən düşünürəm, sabah mən olmasam, bu ailəyə, balalarıma kim baxacaq?”


Teybə Hacıyevanın sözlərinə görə, kommunal xərcləri ödəyə bilmədiyindən xeyli borc yığılıb: “Sabah gəlib işığımızı kəssələr, aylarla qaranlıqda qalacağıq. Az qala min manata yaxın borcumuz var. Mən hələ o biri borcları demirəm. Xəstə uşaqlarım bir yana, evdə iki körpə var, onların da dərdini çəkirəm”.

Qadın düşünür ki, ölkə rəhbərliyi, əlaqədar qurumlar xəbərsizdirlər deyə problemləri çözülmür.  İnanır ki, söylədikləri işıqlandırılsa, dərdinə əlac da tapılacaq…

Ana səhifəXəbərlər”Heç ayda bir dəfə ət almağa imkanımız olmur”