Həbsdə maraqlı xəbərlər eşidirik. Bəzən bu xəbərlər bizə gec çatır. Məsələn, dəqiq nə vaxt, bilmirəm, amma eşitdim ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan açıqlama verib ki, Amerikanı Xristofor Kolumb deyil, müsəlmanlar kəşf edib. Ərdoğanın dediyinə görə, Kolumbdan 314 il əvvəl, yəni 1178-ci ildə Amerika sahillərinə ilk dəfə müsəlman dənizçilər gəlib. X. Kolumbun memuarlarında Kuba dağlarının başında bir məscidin olması göstərilib. Kolumbdan daha əvvəl Amerikada islam dini mövcud olub və geniş yayılıb. Bu açıqlama dünyada geniş səs-küy doğurub.
Həbsdə New-York Times, The Washington Post, The Guardian və s. oxumaq imkanımız yoxdur. Biz həbsdə ancaq Yeni Müsavat oxuya bilirik. Mən də onun yalançısıyam. Oxuduğum qədərilə, böyük əksəriyyət Ərdoğanı yalançı çıxarmağa tələsir. Belə məlum olur ki, Amerikanın kəşfinə skandinaviyalılar, ispanlar, portuqalllar, irlandlar, hətta yaponlar da iddialıdırlar. Bu barədə geniş araşdırmlaar, arxeoloji qazıntılar aparılmış, ciddi-ciddi alimlər cildlərlə kitablar yazmışlar.
Amerikanı ilk kəşf edən xalq olmağın nə mənası var, bu, həmin xalqa nə kimi üstünlüklər gətirir, bilmirəm. Həbsdə isə belə şeylər heç maraqlandırmır. Mənə görə çox mənasız bir işdir. Amerikanı kəşf edən X. Kolumbdur və məhz bundan sonra Amerikanın avropalılar tərəfindən amansız istismarı başlanmışdır.
Ancaq Ərdoğanın sözünü qəribçiliyə salmayaq. Çünki Amerikanın kəşfində müsəlmanların, konkretləşdirsək, Osmanlı İmperiyasının böyük rolu var. 1453-cü ildə Sultan Məhəmməd tərəfindən Konstantinopol (İstanbul) fəth edildikdən sonra faktiki olaraq avropalıların Şərqə yolu kəsildi. Avropalılar özlərinə alternativ yollar axtarmağa başladılar və bir səhv nəticəsində Amerika kəşf olundu. Bu hadisəni müsəlmanların fəalkətlərinin başlanğıcı da hesab etmək olar. Həmin dövrlərdə müsəlmanlar inkişaf səviyyəsinə görə, Avropadan xeyli irəlidə idilər. Osmanlı İmperiyası məlum olan dünyanın bir xeyli hissəsinə nəzarət edirdi və bu ərazilər həmin dövr üçün çox əlverişli idi. Ancaq Amerikanın, eləcə də Hindistan və Çinə dəniz yolunun kəşf olunması Avropanın sürətlə inkişaf etməsinə səbəb oldu. Avropa yeni ucuz xammal, ucuz işçi qüvvəsi və bazar əldə etdi.
Dəniz yollarının kəşfi avroplılara ənənəvi yollardan imtina eməyə imkan verdi. Nəticədə Osmanlı İmperiyası bütün bu inkişafdan kənarda qaldı. Osmanlı İmperiyasının həm də müsəlmanların dini lideri olmasını nəzərə alsaq, bu həm də müsəlman dünyasının inkişafdan kənarda qalması demək idi. Pis-yaxşı, Birinci Dünya Müharibəsinin sonuna kimi yaşayan Osmanlı İmperiyası dağıldıqdan sonra müsəlman dünyasının Avropa və Amerika tərəfindən istismarı başlandı. Türkiyəni bu vəziyyətdən “ümmət dövlət” ideyasını bir kənara atıb, Avropa trendi “millət- dövlət” ideyası ilə Cümhuriyyət quran Atatürk xilas etdi. Atatürk inkişaf etmiş Avropa və Amerika ilə bacarmayacağını bilirdi və ona görə minimalist siyasət yürüdürdü və hətta Mosulu belə ingilislərə güzəştə getdi.
Ancaq Ərdoğan Atataürkün minimalist siyasəti əvəzinə maksimalist siyasət yürütməyə başlayıb və yenidən “ümmət dövlət” ideyasını yayır. Türkiyədə Osmanlıya doğru bir qayıdış havası əsdirilir. Ərdoğan özünü müsəlmanların lideri kimi aparır. Misirdə, Suriyada, İraqda, Fələstində olanlara müdaxilə edir, özünü Sultan Məhəmmədin, Sultan Süleymanın davamçısı kimi görür.
Düzdür, türklər həmişə müsəlman dünyasının avanqardı olublar. Ancaq dövr çox dəyişib, dünya həmin dünya deyil, güc mərkəzləri fərqlidir. İqtisadi güc indi daha önəmlidir. Müsəlman dünyasının özündə də neft pullarında varlanmış yeni oyunçular var. (Səudiyyə Ərəbistanı, Qətər və s.) Türkiyə iqtisadiyyatı isə xarici sərmayenin əlindədir. Özünü Sultan Məhəmmədin davamçısı hesab edən Ərdoğan isə olsa-olsa Avropa ilə biabırçı müqavilələr imzalayan XIX əsr Oosmanlı sultanlarının davamçısı ola bilər.Ən çox isə “Gənc türklər”in lideri Ənvər Paşaya bənzəyir. Onun sonu Orta Asiya səhralarında gəldi.
Təki Ərdoğanın sonu belə olmasın.
Nəticəsi Türkiyə üçün acınacaqlı olar.