”Evimiz mən və övladlarım üçün təhlükəlidir”
Oktyabrın 15-i gecə saatlarında naməlum şəxslər həbsdə olan JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsinin yaşadığı mənzilə daxil olmaq istəyib.
Bu barədə baş redaktorun xanımı Faiqə Nösrəti özünün ”Facebook” səhifəsində yazıb.
Bildirib ki, gecə saatlarında mənzilin qapısının döyüldüyünü eşidib. Səsini çıxarmadığından qapıya açar salındığını görən, Faiqə xanım qışqıraraq, səs-küy salıb:
“Yaxşı ki, qapını içəridən açarla bağlamışdım. Aça bilmədilər. Mən yüksək səslə 102-yə zəng edəcəyimi deyəndən sonra qaçıb getdilər. Bu ev artıq mən və övladlarım üçün təhlükəlidir. Köçmək haqqında düşünürəm”.
Hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edən jurnalistin xanımı evə gələn polislərə olayı danışıb.
Faiqə Nösrəti bunun sıradan şəxslərin işi olmadığını düşünür:
“Çünki, binamız mühafizə olunur. Ətrafda müşahidə kameraları var. Əgər bu olay obyektiv araşdırılmasa, o zaman bu şəxslərin kimliyinə şübhə qalmayacaq”.
Faiqə Nösrəti ailəsinin düşdüyü vəziyyətlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Bildirib ki, həyat yoldaşı Fikrət Fərəməzoğlu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həbs edilən gündən ailəsinə rahatlıq yoxdur. Müxtəlif yollarla iki körpə övladı ilə təhdid altında yaşayır:
“Tutaq ki, həyat yoldaşım Fikrət Fərəməzoğlu hansısa cinayəti törədib, bəs mənim və iki körpəmin təhdid olunması hansı qanuna və məntiqə sığır? Mən həyat yoldaşımın heç bir cinayət törətmədiyinə əminəm. O, jurnalistdir. Yazı yazmaq nə vaxtdan cinayət sayılır? Əgər hansısa bir yazısında cinayət elementi varsa, buna hüquqi qiymət vermək üçün məhkəmə də var.
Cənab nazir, məlumat üçün bildirim ki, bu təhdidlərdən biri də oktyabrın 15-də gecə saat 01:43 radələrində baş verdi. Belə ki, yaşadığımız mənzilə naməlum şəxs(lər) girmək istəyirdi. Mən hay-həşir salaraq, DİN-in 102 Xidmətinə zəng etdim və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verdim. Onlar da hadisə yerinə gəlib baxış keçirdilər.
Cənab nazir, onu da qeyd edim ki, yaşadığımız binanın ətrafında güvənlik kameraları var. Sayları 20-dən çoxdur. Hətta bizə qonşu olan şəxsin də evində kamera var ki, bizim qapıya yaxınlaşan hər kəsi görmək mümkündür. Ola bilər ki, həyat yoldaşım “pul alarkən” Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin “kameraları işləməyib”, ona görə də ortada heç bir fakt və sübut yoxdur, amma bizim binanın giriş qapısında belə kamera işləyir və binaya kimlərin gəldiyini də aydın müşahidə etmək olur.
Bir də həmin vaxt, yəni gecə 01:43 elə bir vaxtdır ki, binaya giriş az olur və bizi təhdid edənlərin kim olduğunu asanlıqla tapmaq olar.
Ona görə də sizdən bu məsələni araşdırmağınızı xahiş edirəm”.