“O vaxt hələ 6 yaşında məktəbə götürmürdülər. Amma o, imtahan verdi, Xəqaninin şeirini dedi. Çox xoşlarına gəldi şeir deməyi. Və məktəbə götürdülər onu”.
Araşdırmaçı jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova qızının birinci sinfə qəbul olmasından danışır. Ötən il həbs olunan Xədicə İsmayıl mayın 27-də ad gününü ilk dəfə Kürdəxanı təcridxanasında keçirəcək. Elmira xanım qızının məktəb illərini xatırlayıb, Xədicənin uşaqlıqdan ədəbiyyat vurğunu olduğunu deyir :
“Xədicə məktəbdə də əlaçı olub. Ədəbiyyatı çox yaxşı bilirdi. Ədəbiyyat müəlliməsi onu həmişə mənə tərifləyirdi. Riyaziyyatı da evdə uşaqların hamısıından yaxşı qavrayıb. 2- 3-cü sinfdə oxuyanda, 4, 5-ci sinfin məsələlərini həll edə bilirdi”.
“Dedi ki, oxuya bilsəniz, “Sarı gəlin” sizindir”
Elmira İsmayılova qızının elə universitet illərində də dərslərini əla qiymətlərlə oxuduğunu vurğulayır. Onun iş fəaliyyətinin hamıya məlum olduğunu deyən ana qızının jurnalist kimi aldığı mükafatları da xatırlayır. Elə həmin mükafatlardan birini almaq üçün o, Xədicə ilə birlikdə Almaniyaya gedib. Elmira xanım deyir ki, mükafat təqdim olunduqdan sonra, axşam iştirakçılarla birlikdə şam yeməyinə gediblər. Yeməkdə Ermənistandan olan jurnalistlər də iştirak ediblər. Bu vaxt mahnı oxumaq istəyən Xədicə üzünü qonşulara tutub, azərbaycanlılarla ermənilərin uzun illərdir mübahisə mövzusu olan “Sarı gəlin” mahnısını oxuyacağını bildirib:
“Onlara dedi ki, gəlin, siz də “Sarı gəlin”i oxuyun, mən də. Əgər siz bu mahnını məndən daha yaxşı oxusanız, haqqınız olar deyəsiz ki, bu, sizin mahnıdır. Amma onlar oxuya bilmədilər. Xədicə də dedi ki, bu mahnı Azərbaycanın idi, Azərbaycanın da qalacaq”.
Çəkiliş üçün uzun müddətdən sonra Xədicənin evinə yenidən gələn Elmira xanım evi gəzib, diqqətlə Xədicəyə məxsus əşyalara baxır. Xədicənin tez-tez ifa etdiyi pianoya yaxınlaşanda isə bir az kövrəlir və hisslərini dilə gətirir:
“Bu pianoya baxanda, Xədicənin oxuduğu mahnılar yadıma düşür. Mənim uşaqlarım hamısı piano çalır. Xədicə isə həm də oxuyurdu. Çox qəşəng səsi var idi. Klassik mahnıları oxuyurdu. Allah qoysa, arzu edirəm ki, tezliklə çıxsın. Onun mahnılarına yenidən qulaq asım”.
“Ona tapşırmışam, mənə görə də sınmasın”
Elmira xanım söyləyir ki, o, qızının nəyə görə həbsdə olduğunu yaxşı anlayır. Ana Xədicənin əfv istəməsini mümkünsüz hesab edir. Elmira xanımın söylədiyinə görə, Xədicə heç anası üçün belə, əfv istəməz:
“Xədicədən nə isə yazırlar. Mən buna göz yumuram. Çünkü mən öz uşağımı yaxşı bilirəm. Bilirəm nəyə görə belə edirlər. Yəni, onlar bilsinlər ki, mənim uşağım sınan deyil. Onlar murdar işlərlə məğul olmasınlar. Xədicə məni çox istəyir. Mən bilirəm bunu. Amma mənə görə də sınan deyil. Ona da tapşırmışam. Mən görə sınma heç vaxt”.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də jurnalist Tural Mustafayevin şikayəti əsasında həbs olunub. Özü və ailə üzvləri onun həbsini araşdırmaçı fəaliyyəti ilə əlaqələndirir. O, daha çox Azərbaycan prezidenti İlham Əliyevin ailə biznesini araşdırırdı. Azadlıqda olarkən, mətbuata verdiyi açıqlamalarına görə, hökumət nümayəndələri onu dəfələrlə təhdid edirdilər. 2012-ci il martın 8-də internetdə onun intim görüntüləri yayınlandı. Xədicə İsmayıl mətbuat konfransı keçirdi və bu görüntülərin apardığı araşdırmalarla bağlı olduğunu, görüntülər yayınlanmamışdan öncə hökumət təmsilçilərinin yayınlanan videonu onun evinə göndərərək, araşdırmalarına son verməsini tələb etdiklərini açıqladı. Bu təhdidlərə baxmayaraq, Xədicə araşdırmalarına son verməyəcəyinibildirdiyi üçün görüntülər yayınlandı. Özünün dediyinə görə, həbsindən əvvəl ölkə xaricində olarkən, ona geri qayıdacağı təqdirdə, həbs olunacağını bildirmişdilər. Amma o, bu təhdidlərə də əhəmiyyət vermədi. Azərbayacana qayıdanda isə onun ölkədən çıxışına qadağa qoyuldu. Həbsindən öncə “Amerikanın Səsi”nə müsahibəsində Xədicə İsmayıl özünə qarşı olan təhdidlərə belə şərh vermişdi: “Əgər güman edirlərsə, məni hansısa şəkildə bu addımlarla və yaxud da başqa addımlarla susdura biləcəklər, yox susdura bilməyəcəklər. Bilmirəm, bəlkə hökumət başqa cür addımlar atsa idi, mənə qarşı tədbirlərinin ardıcıllığını fərqi düşünsə idi… Mənə qarşı edə biləcəkləri ən pis şeyi artıq ediblər. Nə edə bilərlər, həbs edəcəklər olsun, işgəncə verəcəklər olsun, öldürəcəklər yaxşı, yəni mən bir adamın keçə biləcəyi ən çətin sınaqdan artıq keçmişəm”.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus hesab edir. Azadlıqda və həbsdə olarkən dünyanın nüfuzlu media qurumları tərəfindən müxtəlif mükafatlar alan jurnalist həbsindən sonra dostlarına yazdığı məktubunda deyir:
“Hansı cinayətdə suçlanmasından asılı olmayaraq həbsxanadakıların hər biri bu sualı verir: “Mən niyə burdayam? Mənim həbsxanada olmağımın səbəbi – korrupsiyadır. Amma mənim yox, rejimin korrupsiyası. “Repressiv rejimlərin haqsızlığını sübut etməyin yeganə yolu onların bulaşdığı korrupsiyanı faş etməkdir. Mən 2015-ci ildə oxucularıma daha çox araşdırma söz vermişdim. Bəli, belə şeylərə görə səninlə haqq-hesab çəkiləcəyinə hazır olmalısan. Amma buna dəyər”.
Məktubunun sonunda isə o, insanları sadəcə həqiqəti seçməyə səsləyir:
“Mənim həbsim bir daha göstərir ki, biz ölkəmizdə həqiqəti deməyin cəsarət tələb etmədiyi bir gerçəklik yaratmalıyıq. Həyat çox mürəkkəbdir. Amma bəzən bəxtimiz gətirir və aydın seçimlə üz-üzə qalırıq. Həqiqət və yalan arasında seçim. Həqiqəti seç və bizə kömək et”.
Qızının seçimlərinə hər zaman hörmət etdiyini deyən anası Elmira İsmayılova Xədicənin ad gününü təbrik edir. Və ondan sadəcə dəyişməməyi istəyir:
“Allah birinci ona can sağlığı versin. Bu, ən vacibidir. Xədicə, ekrandan deyirəm, olduğun kimi qal. Yəni, bir mübarizə aparırdın, on elə. Sən mənim ən dürüst uşağımsan”.