Həbsdə aclıq edən jurnalist müalicə müəssisəsinə köçürülüb

Foto: Polad Aslanovun şəxsi arxivindən

“Artıq nitqində də qüsurlar yaranıb”

“Xeberman.com” saytının rəhbəri Polad Aslanovun həyat yoldaşı onun 20 gündür ki, həbsdə aclığı davam etdirdiyini bildirir. Gülmirə Aslanova Meydan TV-yə bildirib ki, aclığın 19-cu günündə – yanvarın 24-də səhər saatlarında həyat yoldaşının durumu kəskin pisləşdiyinə görə onu saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər.

Gülmirə Aslanovanın sözlərinə görə, o, bu barədə məlumat alandan sonra Müalicə Müəssisəsinə yollanıb. Onu müəssisənin rəisi Mayıl Məmmədov qəbul edib: “Polad Aslanovdan qan götürülüb, rentgen müayinəsindən keçirilib. Həkim aclığı dayandırmasının mütləq olduğunu bildirdi. Mən də xahiş etdim, amma razılaşmadı, davam etdirəcəyini bildirdi. Həkim dedi ki, Poladın vəziyyəti nəzarətimiz altındadır. Komaya doğru getsə, məcburi müdaxilə olunacaq”.

Gülmirə Aslanova deyir ki, həyat yoldaşı aclığa 44 kiloqram çəki ilə başlamışdı. Aclıqdan sonra tanınmaz hala düşüb: “Onu artıq tanıya bilmirəm. Ayaq üstdə qala bilmir. Çox halsızdır, oturduğu yerdə yuxulayır. Nə deyirsən, çox gec anlayır. Artıq nitqində də qüsurlar yaranıb. Hələ Ali Məhkəmədə onun işinə baxılmasına 9 gün qalıb. Polad bu vəziyyətdə 9 gün davam gətirə bilməyəcək. Müalicə Müəssisəsinin rəisinə də dedim ki, heç olmasa, bir sistem, qlükoza vurun. Bildirdi ki, belə vəziyyətdə hər adama sistem köçürmək də olmur. Bəlkə də istəyirlər, Polad özü normal qida qəbul eləsin…”

Polad Aslanovun işi üzrə Ali Məhkəmənin iclası fevralın 3-də keçiriləcək.

Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Sayt rəhbəri isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəSiyasətHəbsdə aclıq edən jurnalist müalicə müəssisəsinə köçürülüb