Ulrike Lunacek Leyla Yunusu müasir dövrün Saxarovu adlandırıb
Sentyabrın 23-də Avropa Parlamentinin Xarici İşlər və İnkişaf komitələrinin, habelə İnsan haqları alt komitəsinin Brüsseldə keçirilən birgə iclasında Saxarov mükafatına namizədlərin siyahısına yenidən baxılıb və namizədlərin sayı 7-dən 4-ə qədər azaldılıb. Namizədlər arasında hazırda həbsdə olan Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus da var.
Leyla Yunusun namizədliyini təqdim edən AP-nin avstriyali üzvü Ulrike Lunacek hüquq müdafiəçisinin barışıq axtararkən xəyanətdə ittiham olunduğunu deyib: “O həyat yoldaşı ilə birlikdə iyulun 30-da həbs edilib. Bundan bir gün əvvəl prezident Əliyevə yazdığı açıq məktubda sual edirdi: “Siz nədən qorxursunuz, cənab prezident?”. Elə buna görə də ertəsi gün onu qorxutdular. O vaxtdan bəri həbsxanadadır”.
Ulrike Lunacek bildirib ki, Leyla Yunusla heç bir kommunikasiya yoxdur.
“BMT nümayəndələrinin həbsxanaya baş çəkdiləri zaman Leyla Yunusun üstünə bir kamera yoldaşı bir neçə dəfə hücum çəkib. Onun ailəsi və ya vəkili ilə heç bir əlaqəsi yoxdur. Bu qadağan edilib. Onun səhhəti pisləşməkdədir. Onu nominasiya edənlər əmindirlər ki, Leyla Yunus Saxarov mükafatına layiqli namizəddir və hazırda müdafiə olunmağa ehtiyacı var” – deyə cənab Lunacek bildirib.
Ulrike Lunacek Leyla Yunusu müasir dövrün Saxarovu adlandırıb: “Andrey Saxarov bir növ sovet Qoliafına qarşı vuruşan Davud kimi idi. O dövlət sistemi ilə tənha və təcrid olunmuş qəhrəman kimi mübarizə aparırdı”, – deyib Lunacek, – bu mənada Leyla Yunus müasir Saxarovdur. O bugünün repressiv Azərbaycanında, öz mübarizəsində tənhadır”.
Pul dəyəri 50 min avro olan Saxarov mükafatı hər il insan haqları fikir azadlığının müdafiəçisinə təqdim olunur.