“Lap öldürsəniz də, geri addım atmayacam”
Meydan TV-nin sosial media meneceri Həbib Müntəzirin qohumlarına təzyiqlər edilir. Meydan TV-yə bu barədə məlumat verən Həbib Müntəzir deyir ki, iyunun 8-də hüquq-mühafizə orqanlarının əməkdaşları doğulub-böyüdüyü evə gedib, bibisini və əmilərini dindiriblər: “Sahə müvəkkili və müstəntiq də gəlib. Dörd nəfər olublar. Əmim uşaqlarını aparb bir gün saxlayıblar. Bu gün də dayılarımı aparıblar. Mənimlə dost olan bir neçə nəfəri də sorğulayıblar. Bütün qohumlarımın siyahısını tutublar. Mənə görə qohumlarıma təzyiq etməyə, məni dostlarımla qorxutmağa çalışırlar”.
Öz Facebook səhifəsində də bu barədə məlumat verən Meydan TV əməkdaşı bəyan edib ki, heç bir qohumu ilə əlaqəsi yoxdur:
“İndidən bəyan edirəm, mənim heç bir qohumumla əlaqəm yoxdur, hamısından imtina etmişəm. İstəyirsiz imtina məktubu yazdırın, istəsəniz məzarını görmədiyim anamı belə qəbirdən dirildib məktub yazdırın, istəsəniz ümummilli lideriniz Heydər Əliyev dirilib gəlsin, xeyri yoxdur.
Mən illərdir doğru bildiyimdən, haqsızlığa, ədalətsizliyə qarşı olan bu mübarizəmdən vaz keçən deyiləm. Qəhrəman filan da deyiləm, olmaq məqsədim də yoxdur. Etdiyim hər bir hərəkət vətəndaş mövqeyimdir. Sizin kimi diqtəylə, əmrlə işləmirəm, buyruq qulu da deyiləm”.
Həbib Müntəzir indiyədək bir neçə dəfə bu cür təzyiqlərlə üzləşdiyini diqqətə çatdırıb:
“Berlinə qədər adam göndərdiniz ki, məni aradan götürəsiz, əlinizə-gözünüzə bulaşdırdınız. Hər işiniz belə uğursuz və saxtadır zatən. Yenə deyirəm, lap öldürsəniz də, geri addım atmayacam. Odur ki, əbəs yerə nə özünüzü yorun, nə də başqalarını. Gedin, daha ciddi işlərlə məşğul olun. Məsələn, gedin, Eldar Mahmudovun tökdüyü tör-töküntüləri təmizləyin. O boyda dövlət, onun DTX-sı düşüb qohum-qonşu, arvad-uşaq güdür, dindirir, 14 ildir sifətini görmədikləri adama görə”.
Həbib Müntəzir 14 ildir Almaniyada yaşayır. O, “Sərhədsiz Reportyorlar” Birliyinin prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı keçirdiyi etiraz aksiyasının iştirakçılarından olub. Eyni zamanda Almaniya kansleri Angela Merkelin iqamətgahı qarşısında siyasi məhbuslara azadlıq şüarları səsləndirməklə İlham Əliyevin diqqətini bu məsələyə çəkmək istəyib. Onun bu fəaliyyətindən sonra qohumlarına təzyiqlər edildiyi güman olunur.