Deputat Araz Əlizadə Azərbaycanda 3 uşağı olan ailələrin çoxuşaqlı ailələr hesab edilməsini təklif edib
"Analar əlinə zənbil alıb küçələri gəzməməli, meyvə-tərəvəz satmamalıdırlar ki, balalarını dolandırsınlar. Ananın əsas vəzifəsi uşaqlarını tərbiyə etməkdir. Əgər ana uşaqlarını dolandıra bilmirsə, uşaqlarını nə zaman tərbiyə edəcək?"
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə əhaliyə uşaqpulu verilməsi ilə bağlı təkliflərin reallaşdırılmasını təklif edib. Deputat hesab edir ki, dövlət hər uşağı olan ailəyə ayda mütəmadi 100-200 manat pul verməlidir: "Çünki həmin uşaqlar böyüyüb Vətənin övladları olacaq. Sabah çağıracaqlar ki, Vətən övladısan, Vətəni qoru, müharibədə iştirak et. Vətən də övlad üçün nə isə etməlidir. Hara gedirik, bizdən uşaqpulunu soruşurlar. Bu məsələ həllini tapmalıdır.
A.Əlizadə Azərbaycanda 3 uşağı olan ailələrin çoxuşaqlı ailələr hesab edilməsini təklif edib. O bildirib ki, 3 uşaqlı ailələrin çoxuşaqlı ailə sayılması dünyada qəbul edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, sadalanan fikirlərin bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin müzakirəsi zamanı parlamentdə səsləndiriləcək: “Bu fikirlər populizmdən kənar, reallığa və büdcə imkanlarına yaxın, ümumi işimizə kömək edən fikirlərdir. Həmin fikirləri deputat həmkarlarımız da eşidəcəklər”.