Hansı prezidentlər həyat yoldaşını vəzifəyə gətirib?

Source:


”Ölkəsi yoxsul, özü təmtəraqlı həyat keçirən xanımlar”

Fevralın 21-də prezident İlham Əliyev xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması barədə sərəncam imzalayıb. Sərəncam bir gündür nəinki ölkə mediasının, xarici mətbuatın da gündəmini dəyişib.

Azadlıq Radiosu dünyanın müxtəlif ölkələrində həyat yoldaşını vəzifəyə gətirmiş prezidentlərdən yazıb.



Geyim marağı, ayaqqabı kolleksiyası

1965-86-ci illərdə Filippinə rəhbərlik etmiş diktator Ferdinand Markosun (1917-1989) qurduğu avtoritar rejim təkcə korrupsiya və basqılara görə yox, həm də həyat yoldaşı İmelda Markosa (1929) görə tanınırdı. “Dəmir Kəpənək”, ya da “Polad Kəpənək” ləqəbli İmelda bir ara hakimiyyətə gəlməyə də çalışıb. Ferdinand iqtidardan düşəndən sonra cütlük Havay adalarına yerləşib. 5 il sonra İmeldanın hakimiyyətə gəlmək istəyi baş tutmayıb.

İmelda Markos geyim-keçimə düşkün olub. Xüsusi ayaqqabı kolleksiyası varmış.

Ferdinand Markosun hakimiyyəti dövründə Filippin ağır iqtisadi durumdaymış. Ancaq ər-arvad Markosların parıltılı həyatı həmişə gündəmdə olub. İmelda Markos ərinin hakimiyyəti dövründə Avropa və Amerikaya 5 milyon dollarlıq alış-veriş turlarına çıxırmış. Cütlüyün bu bədxərcliyinə, hakimiyyətin korrupsiyalaşmasına üsyan edən Filippin xalqı Markos hökumətini sonda üsyanla devirir.

“Media susdurulmuş, radiolar bağlanmışdı”

Rumıniya diktatoru Nikolay Çavuşeskun həyat yoldaşı Elena hər addımda əriylə birlikdə olub. Hətta edam olunanda da onu “tək buraxmayıb”, – deyirlər. Elena baş nazirin birinci müavini olub. İsrafçı Elena əri Nikolay ilə hakimiyyət divarları arasında – Rumıniya Kommunist Partiyasında tanış olmuşdu. 1939-cu ildə evlənmişdilər.

Prezident Nicolae və Elena Ceausescu

O, 1980-ci ildə həyat yoldaşı Elenanı baş nazirin müavini vəzifəsinə gətirib. Deyilənə görə həmin illər Rumıniyada media susdurulmuş, radiolar bağlanmışdı. Hər 30 nəfərdən biri gizli rejim polisi idi. Ölkə ağır iqtisadi durumdaydı. Xalq bu duruma 9 il dözüb. 1989-cu ildə qanlı inqilab olub. Hərbi məhkəmə ər-arvad Çavuşeskuları güllələyib. Həmin vaxt Elenanın 73 yaşı varmış.

“Cəld təyyarəyə min, axmaq”

Deyilənə görə, tunislilər prezident Zeynal Abidin ben Alidən çox, onun həyat yoldaşı Leyla Ben Ali-yə (Leïla Ben Ali) nifrət edirmişlər. 1992-ci ildə Zeynal Abidin ben Ali ilə ailə qurandan sonra Leyla Tunisin ən böyük şirkətlərinə yiyələnir.

Zine El Abidine Ben Ali və arvadı Leyla Ben Ali

Deyilənə görə, onun çimərlik sahilindəki villasına Parisdən şirniyyatlar gətirilirmiş. Xalq aclıq çəkən dövrdə onun pələngi gündə 4 toyuq yeyirmiş. Otellər, banklar, ticarət mərkəzləri, media qurumları varmış. Leylanın prezidentlə evliliyi sayəsində onun ailəsi Tunis iqtisadiyyatının yarısına sahiblənib. 2011-ci ildə 23 illik diktator devriləndən sonra xalq Leylaya olan qəzəbini onun evlərini yandırmaqla söndürüb. Leyla Səudiyyə Ərəbistanına qaçanda təyyarəyə minmək istəməyən ərinə “cəld təyyarəyə min, axmaq”, – deyimi ilə də yaddaşlarda qalıb.



16 milyon dollarlıq evlilik

Ölkəsi yoxsul, özü təmtəraqlı həyat keçirən xanımlardan biri də Haiti prezidentinin həyat yoldaşı Mişel olub. Əri Yan Klod hakimiyyəti atasından almışdı. Mişellə evlilik təkcə 1981-ci ilin üç ayı ərzində büdcədən 16 milyon dolların silinməsinə səbəb olmuşdu. Pullar xəz dərilərə, zinət əşyalarına, Paris bazarlıqlarına, bahalı pal-paltara, şampan məclislərinə, vanna otaqlarının qızıl və lacivərd daşlarla bəzədilməsinə gedirdi. Bu dönəmdə haitililərin nə kanalizasiyaları, nə asfalt yolları vardı.

Jean-Claude Duvalier və arvadı Michèle Bennett

Korrupsiyalaşmış hakimiyyətə dözməyən iqtisadiyyat tədricən çökməyə başlayır. Nəticədə 1986-cı ildə minlərlə insanla birgə Yan Klod və Mişel də ölkədən qaçır.

Ana səhifəXəbərlərHansı prezidentlər həyat yoldaşını vəzifəyə gətirib?