Hansı köçkün ailələrinə ev verilməyəcək?

Nazirlər Kabineti köçkünlərə ev verilməsilə bağlı Qayda təsdiqləyib

Source:


Nazirlər Kabineti köçkünlərə ev verilməsilə bağlı Qayda təsdiqləyib

Fevralın 24-də Nazirlər Kabineti məcburi köçkünlərə müvəqqəti yaşayış sahələrinin verilməsi Qaydasını təsdiqləyib.

Qaydaya görə, evlərin verilməsinə köçürülməyə daha çox ehtiyac olan obyektlərdə yaşayan köçkünlərdən başlanmalıdır:

“Söhbət köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrindən gedir. Həmin evlər köçkünlərə kirayə müqavilələri əsasında veriləcək”.

Sənəddə bəzi hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsinin verilməməsindən də danışılır. Onlar köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayanlardır:

“Köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə, onların ailə üzvlərinə yeni yaşayış sahəsi verilmir. Bundan əlavə, məcburi köçkün ailəsi köçürülmə yerində 3 ildən çox yaşamalıdır. Artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələrə də yeni yaşayış sahələri verilməyəcək”.

Sənəddə o da deyilir ki, köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir:

“Bundan başqa, kirayə müqaviləsini pozmaq da köçkün ailəsinə baha başa gələcək. Yaşayış sahəsini satmaq, bağışlamaq, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaq və digər vasitələrlə evləri özgəninkiləşdirmək olmaz”.

Yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir:


1. Ailə tərkibi 1 nəfərdən ibarət olanlara – 1 otaq;


2. 2-3 nəfərdən ibarət olanlara – 2 otaq;


3. 4-5 nəfərdən ibarət olanlara – 3 otaq;


4. 6 və 6 nəfərdən çox olanlara – 4 otaq.

Ana səhifəXəbərlərHansı köçkün ailələrinə ev verilməyəcək?