Zərdüşt Əlizadə
Rusiyanın quyruğunda sürünən dövlətlərin taleyi qibtə doğurmur
Bizim məktəbli illərimizdə hamının indi “hansı” oxuduğu sözü biz “hangi” oxuyarduq. Zaman dəyişəndə, dil də, sözlər də, hətta çapa getmiş şeirlərdəki sözlər də dəyişir.
Bu sözlər hansı şeirdəndir, bizim ölkədə bilməyən tapılmaz.
Həqiqətən, bu sual çox maraqlıdır: Azərbaycan hangi (hansı) səmtə, hansı yana gedir, getməlidir?
Dünya parçalanıb qütbləşir.
Dünənə qədər bizə doğma sayılan Rusiyanın indiyə qədər getdiyi yol onu dalana və uçuruma aparır. Səbəb gün kimi aydındır: bu dövlətin idarə quruluşu günün tələblərinə, müasir həyatın mürəkkəbliyinə cavab verə bilmir. Desələr ki, rus xalqı istedadsızdır, yanlış olar. Bu xalqın bəşəriyyətə verdiyi dahilərin sayı qibtə doğurur.
Ölkənin nəhəng təbii sərvəti var, fəqət xalqı kasıb yaşayır. Hakim siyasi sinif dövlətin aramsız tənəzzülünün qarşısını almaqda nəinki acizdir, əksinə, gündən günə böhranı dərinləşdirir. Rusiya təcrid olunub, Qərbin sərt cəza tədbirləri onun əlini-qolunu bağlayır, dünyanın mütərəqqi məhsul bazarından məhrum olub, nə mədəniyyəti, nə idmanı qəbul edilir. Bəzi ölkələrdə Rusiyaya qəzəblənib zavallı Puşkinin heykəllərini aşırırlar.
Rusiya Federasiyasının Prezidenti barəsində cinayət ittihamı irəli sürülüb. Bundan böyük biabırçılıq təsəvvürə gətirmək çətindir: BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan dövlətin başçısı cani kimi axtarışa verilib.
Rusiyanın quyruğunda sürünən dövlətlərin taleyi qibtə doğurmur. Belarus sanksiyaların torunda çırpınır və hələlik işıq ucu görmür. Ermənistan məğlub ölkədir və çətin seçim qarşısında çaşbaş qalıb arabir dünənki sahibinə təpik atır. Rusiyaya sadiq qalmış Eritreya, Venesuela və Nikaraqua barəsində yazmayacağam, zira bu ölkələr bizə və dünyaya maraqsızdır.
Burada deyə bilərik ki, bəxtimiz gətirib. Dövlətin və iqtisadiyyatın quruluşu baxımından Rusiya ilə əkiz olsaq da, siyasi hadisələrin gedişinin istiqaməti Azərbaycanı ondan aralı saxlamağa imkan verib. Buna əsasən deyə bilərik ki, Rusiya tam batmağa başlayanda Belarusu və Ermənistanı ağır sınaq gözləyirsə, məhz bu siyasi böhranın Azərbaycana ciddi zədə vurması labüd deyil.
Lakin zədə qaçılmazdır, mütləq olacaq. Niyə? Səbəb sadədir, əgər Azərbaycan Rusiyanı fəlakətə aparan eyni siyasi quruluşdan xilas olmasa, bizi də gec-tez eyni tale gözləyir.
Bu quruluşun əsas ünsürləri və əlamətləri həm Rusiyada, həm Azərbaycanda sanki eyni sovet DTK qəlibindən çıxıb: bir şəxsin və bir dar zümrənin xalqı aldadıb və əzib hakimiyyəti qamarlaması, milli sərvətin bu zümrənin xeyrinə ədalətsiz bölgüsü, müqavimət göstərməyə cürət edən vətəndaşların şərlənməsi, qanunsuz cəzalarla əzilməsi və susdurulması.
Təməlində ədalət yatmayan quruluş məhvə məhkumdur. SSRİ nümunəsi bu həqiqəti təkzibedilməz tərzdə sübut etdi.
İndiyəcən getdiyimiz bu səmt və bu yan dövləti dalana və uçuruma aparır. Heç bir şübhə olmasın ki, bu səmərəsiz quruluş, zahiri bəzək-düzəyinə, şüşə göydələnlərinə və “Formula-1” yarışlarına baxmayaraq, millətə gün ağlamayacaq. Prezident gündə bir fərman, iki gündən bir yeni bir dövlət agentliyinin yaradılması barədə sərəncam imzalasa da, həftədə bir dəfə Qarabağa, ayda üç dəfə xarici səfərlərə çıxsa da, xeyri yoxdur: bu əski sovet DTK tərzli dövlət quruluşu xalqımızı tərəqqiyə və ağ günə apara bilməyəcək.
Azərbaycanın beynəlxalq ictimai-iqtisadi inkişaf cədvəllərindəki göstəriciləri idarə sistemindəki islahedilməz qüsurların əzici-boğucu təsirindən xəbər verir.
Yaxşı, bəlkə şimal qonşumuza deyil, cənub qonşumuza baxıb öyrənək? Odey, nə qədər insanımız başlayıb İslama pənah aparmağa, başlayıb namaz qılmağa, oruc tutmağa, gözünü müsəlman dövlətlərinə zilləməyə.
Fəqət heyhat, İranın gününə diqqət edib baxsaq, gərək iri bir yaylıq götürüb başlayaq ağlamağa, zira onun haləti əsla qibtə doğurası deyil. İran dərin ictimai-iqtisadi-mənəvi böhran burulğanında çapalayır və onun, bu quruluş durarsa, nicat tapacağına ümid azdır. Xeyr, Azərbaycana İran nümunəsi əsla yaramır və yaddır.
Digər müsəlman dövlətləri də, əgər xəyali neft-qaz sərvətinin içərisində üzən dörd-beşini nəzərə almasaq, əsla cazibədar görünmürlər.
Ə bə nə qalır? Qalır liberal dəyərlərə söykənən Qərb nümunəsi. Bəlkə səmtimizi Qərbə tərəf tutaq? Demirəm onlara siyasi cəhətdən qoşulaq, deyirəm onlardakı səmərəli işlək qurumları öz ölkəmizdə tətbiq edək.
Nəzəriyyə baxımından bu təqlid ağlabatandır, fəqət şərqşünas kimi deyə bilərəm ki, bu yol hədsiz uzun və məşəqqətli yoldur, və heç də yüz faiz uğur vəd etmir. Vaxtilə Qərbin istila etdiyi ərəb dövlətlərinin hamısı bu yolla gedib-gedib, gəlib çıxıblar indi olduqları yerə. Bilmirəm, indi onlara qibtə edən kimsə tapılarmı? Hansı ağlı başında olan kəs deyər ki, “kaş mənim də dövlətim Misrin, Tunisin, Liviyanın, Suriyanın, Livanın, İraqın, Sudanın, Əlcəzairin, Yəmənin kökünə düşəydi”.
Bu Qərbin siyasi quruluşunu təqlid edən dövlətlərin aqibəti niyə belə acınacaqlı oldu? Bu təqlidin uğursuzluğunun günahı Qərbdədirmi, Şərqdədirmi?
Ərəb mütəfəkkirləri bu sualın cavabını tapmaq məqsədilə qalaq-qalaq kitab yazıblar. Sizin həqir bəndəniz onlardan müyəssərlərini diqqətlə oxuyub və bu qənaətə gəlib ki, məsələ zahirən sadə olsa da, əslində çox qəlizdir.
İzah uzun da ola bilər, qısa da. Oxucumun zəhləsini uzunçuluqla tökmək istəmirəm və mətləb aydın olsun deyə arifə kifayət edən işarəni vururam: hər ərəb dövlətinin tarixində öz Xalq Cəbhəsi və onun şanlı milli-azadlıq mübarizəsinin Əbülfəz Elçibəyə tay olan şəksiz lideri olub deyə onlar indiki halətə düşüblər.
Bu dövlətlərin müasir tarixinin siyasi-əxlaqi təməli əzəldən əyri qoyulub deyə ucaldıqca dövlətin binası uçulur.
Niyə sualının həqiqi cavabı isə ondadır ki, həmin xalqların siyasi mədəniyyəti və siyasi şüur səviyyəsi bizim şanlı 1988-ci ildə sabiq Lenin adına, indi isə Azadlıq adına meydanda toplaşıb əbləh şüarlar bağıran kütlənin siyasi mədəniyyətindən və siyasi şüur səviyyəsindən əsla fərqlənmirdi.
“Nə tökərsən aşına, o çıxar qaşığına”.
Aya, ərəb ölkələrində millətə fərqli yol göstərən insanlar var idimi? Var idi. Lakin…
“Eşşək nə bilir zəfəran-plov nədir”.