“Hakimiyyətdəkilərə baba obrazı lazımdı”

Müğənni Qismət Məmmədzadə: “Rəsulzadəni hər bir vəchlə unutdurmağa çalışırlar”

Source:


Müğənni Qismət Məmmədzadə: “Rəsulzadəni hər bir vəchlə unutdurmağa çalışırlar”



Mətbuatın yazdığına görə, Məmməd Əmin Rəsulzadə haqqında mahnı yazdırdığı üçün telekanallar müğənni Qismət Məmmədzadəyə qadağa qoyub. Hətta yayılan məlumatlar arasında müğənninin təzyiqlər nəticəsində ölkəni tərk etdiyi də deyilir.  Meydan TV Qismət Məmmədzadəni Almaniyada tapdı və suallara cavab aldı.


– Qismət bəy, yazılanlara görə, Məmməd Əmin Rəsulzadə haqqında mahnı yazdırdığınıza görə telekanallar qapılarını üzünüzə bağlayıb. Özünüzdən öyrənək. Bu hadisə necə olub?

– Əslində telekanallar bu qadağanı mənə həmin mahnıya görə qoymayıblar. Bu qadağa bu ilin aprelindən başlayıb. Mən bunu facebook səhifəmdə də yazdım. Uzun müddət heç nə yazmaq istəmədim. Çünki düşünürəm ki, bu, mənim problemimdirsə, heç kimi ilgiləndirməməlidir. Efir qadağası mənim şəxsi problemimdir. Ancaq adamlar hər dəfə yazır ki, niyə efirə çıxmırsan və sən də məcbur olursan buna ümumi bir cavab verəsən.  Mən də bundan sonra facebookda bu barədə status yazdım. Qadağanın səbəbi isə mənim artıq ötən ildən başlayaraq facebookda ölkədə baş verən siyasi- ictimai proseslərlə bağlı müxalifyönlü, tənqidi yazılarım, yanlışlıqları göstərməyim olub.  Hər şey bundan başladı. Amma dərhal bunu etmədilər. Sanki bir məqam axtarırdılar. Sonda aprel ayında Gəncədə Rəsulzadənin büstünün üzərinə çuval keçirilməsi ilə bağlı bir status yazdım. Orda yazdım ki, imkan varsa insanların beyninə də bir çuval keçirin, ümumiyyətlə, Rəsulzadə haqda düşünməsinlər.  Nə oldusa, bu statusdan sonra oldu. Telekanallar bir-bir zəng edib “verilişə gəlmə” dedilər. Hətta “Lider” telekanalında məni binadan bayıra çıxardılar,  “belə tapşırıq verilib”- dedilər.


– Yəni vətəndaş mövqeyi ortaya qoyduğunuza görə belə bir halla qarşılaşdız?

– Eynən.



Sizcə,  vətəndaş mövqeyi ortaya qoyan bir insana, bir sənətçiyə niyə belə münasibət göstərilsin ki?

– Mən bunu müsahibələrimdən birində demişdim.  Təkrar olsa da, yenə deyəcəm.  Azərbaycanda nəinki incəsənət adamları, hətta bir çox insanlar Mirzə Ələkbər Sabirin personajı mövqeyindədirlər. Yəni “mən tox olum, özgələrlə nədir karım” məsələsi. Xüsusən də belələri incəsənət adamlarının arasında daha çoxdur. İncəsənət adamlarının çoxu sovet adamlarıdır və onların beynindən o kommunizm ab- havası çıxmayıb. O dövrü yaşayanlar bilər. “Lenin baba sağ olsun”, mədhiyyələr və.s. Bunların da beynində belə qalıb ki, mütləq dövlət adamlarını tərifləmək lazımdır. Hətta tərifləmək də bir yana qalsın, yaltaqlanmaq lazımdır. Nə qədər iyrənc səslənsə də, bu gün bizim incəsənət adamlarının 90 faizi, hətta deyərdim 99 faizi o gündədirlər. Yəni ad almaq, ev almaq, kiminsə xoşuna gəlmək, kiminsə bahalı məclislərinə getmək və.s.və.i.a. Bunu da bir nəfər, iki nəfər etməyəndə gözə görünür. Artıq ağ qarğa olursan. Səni daha tez görürlər. Yəni “bir dəqiqə dayan, xeyir ola, sən bu qədər adamdan çox ağıılısan? Bu qədər adam bunu edir, sən niyə etmirsən ki?” Səbəb budur. Yəni təriflə ad verək, təriflə ev verək. Saray müğənnisi ol.



Qismət bəy, dediniz ki, Rəsulzadə ilə bağlı apreldə yazdığınız statusdan sonra sizə qadağalar qoyuldu. Maraqlıdır,  siz bundan əvvəl də vətəndaş mövqeyi ortaya qoyurdunuz, yoxsa susurdunuz?

– Əslində susmurdum. Məni tanıyan dostlarım, yaxınlarım bilir ki, olduğumuz məclisdə, getdiyimiz kütləvi yerlərdə, toylarda – yəni xalqın içində olanda istər siyasət, istər dini  və ya başqa mövzu olubsa,  vətəndaş mövqeyimi ortaya qoymuşam. Yəni nə düşünürdümsə, bunu deyirdim. Sadəcə, həmin vaxtlar mən facebookun fəal istifadəçisi deyildim. Amma gördüm ki, mitinqlər ordan təşkil olunur, facebook vasitəsilə insanlara çağırışlar edilir və insanlar buna reaksiya verirlər, onda anladım ki, deməli, burda auditoriyaya səslənmək mümkündür. Burda insanlar səni eşidə bilərlər. Azərbaycan telekanallarında bunu etmiş olsan, ən yaxşı halda səsini kəsəcəklər. Bilirsiz ki, verilişlər 5-10 dəqiqə gecikmə ilə gedir efirə. Ən pis halda verilişdən çıxaracaqlar və qadağa qoyacaqlar. Mən müğənniyəm, siyasətçi deyiləm. Uzun müddət istədim ki, təvazökarlıqdan uzaq olsa da, bu bayağı musiqilərin içində tərzimlə, danışığımla, mədəniyyətimlə  nümunə olum, sonda vəziyyət o dərəcəyə gəldi çıxdı ki, artıq mənə də toxundular. Zatən o düşüncəli adam deyiləm ki, mənə toxunmayan ilan yüz yaşasın.


– Amma yəqin təxmin edirdiz ki, siz bunları desəz, sizə toxunacaqlar?

– Nəsimi də o vaxt bilirdi, Cordano Bruno da bilirdi. Adını saya biləcəyimiz neçə-neçə insanlar hamısı bilirdi. Bu, bizim susmağımıza əsas vermir axı. Kimsə bunu deməlidir. Məsələ burasındadır ki, mənim dediyim sözlər o qədər də kəskin deyildi. Ölkədə adamlar var ki, daha kəskin danışır. Misallar deyə bilərəm. Hətta bizim sənət adamlarının içərisində də var. Yəni mən heç onların dediyi qədərini deməmişdim. Amma bundan sonra deməyə qərarlıyam.


– Amma deyənlərin bir çoxu təqib olunur, onların üzünə bütün qapılar bağlı olur, hətta deyənləri bəzən həbs edirlər. Belə faktlar var. Azərbaycanda siyasi və vicdan məhbusları var. Bütün bunları gözə almısınızmı?

– Türklərin yaxşı bir sözü var, deyirlər:“ dəmirdən qorxsaydıq, qatara minməzdik”. Yəni bu yola girmişiksə, bunun hər cür neqativ halını da gözə almaq zorundayıq. O ki qaldı təqibə, həbslərə, dünya genişdir. Azərbaycanda yaşamamaq da olar. Başqa yerlərdən də biz sözümüzü deyə bilərik.



Siyasi və vicdan məhbuslarından kimlərisə tanıyırsınızmı?

– Çoxunu tanıyıram. Leyla Yunusun azadlığa buraxılmasına çox sevindim. Tofiq Yaqublunu tanıyıram. Bu yaxınlarda qızı rəhmətə getdi. Gənc NİDA-çıları bilirəm. Facebookdan izlədiyim qədər çoxunu tanıyıram, ancaq adlarını yadımda saxlaya bilmirəm.


– Hazırda Almaniyadasız. Bu günlərdə sizin haqda bəzi şayiələr də yayılıb. Təzyiqlərə məruz qaldığınız və ölkəni tərk etdiyiniz deyilir. Doğrudurmu?

– Yox, bu, doğru deyil. Mənim Almaniyaya gəlməkdə məqsədim ailəmin səhhəti ilə bağlıdır. Ona görə hazırda burdayıq. Amma burda olduğum müddətdə hər hansı bir təqib və ya təhdidlə üzləşsəm, təbii ki, geri qayıtmaya da bilərəm.  Belə bir imkan da var.


– Facebook səhifənizə baxanlar ilk baxışdan sizi Müsavat Partiyasının üzvü hesab edə bilər. Rəsulzadənin şəkli, Müsavatın bayrağı və s.  Müsavat Partiyasının üzvüsüz?

– Xeyr, partiya üzvü deyiləm. Məsələ belədir ki, Məmməd Əmin Rəsulzadə olan yerdə Müsavatın gerbi labüddür. Onları bir-birindən ayrı təsəvvür etmək olmaz. Müsavatın qurucusu Məmməd Əmin Rəsulzadədir. Müsavata sevgim var. Onu Məmməd Əmin Rəsulzadə yaradıb deyə sevirəm. Azərbaycanda heç bir partiyanın üzvü olmaq mənə görə deyil. Çünki Azərbaycanda partiyaların heç birinin söz haqqı yoxdur. Partiyalar ancaq facebook üzərindən fəaliyyət göstərirlərsə, bu qeyri-ciddidir. Türkiyədə biz MHP, CHP və digər partiyaların  hakim partiyaya, Ərdoğana qarşı necə aqressiv danışdığını görürük. Bütün telekanallar bunu açıq-aydın göstərirlər. Heç bir problem yoxdur. Tam bir demokratik ortam olmasa da, 70-80 faiz var. Ən azı TV kanallarda. Azərbaycandakı telekanallar partiyalara da mənim kimi qadağalar qoyub. Onların da söz haqqı yoxdur. O partiyalara üzv olmaram. Bu səbəbdən sadəcə Rəsulzadənin yaratdığı partiyaya, Müsavata, özünə, quruculuğuna, 1918-ci ildə qurduğu Cumhuriyyətə sayğımdan dolayı o dəyərləri paylaşıram.


– Sizdə hardandır Məmməd Əmin Rəsulzadə və Müsavatçılıq sevgisi?

– Sovet dövründə biz Leninə “baba” deyirdik. Onun haqqında şeirlər deyib oktyabryat olurduq və.s. Bizim rəsulzadənin varlığından belə xəbərimiz yox idi. Mən öz adıma danışıram. Mənim yaşıdlarım da yəqin mənimlə razılaşarlar. Bəlkə də böyüklər nəsə bir şey bilirdilər, amma qorxurdular deməyə.  Sovet dövrü dağılandan, meydan hərəkatı başlayandan və insanların kütləvi şəkildə küçələrə çıxmasından sonra, eləcə də Əbülfəz Elçibəyin hakimiyyəti dövründə biz Rəsulzadəni açıq-aşkar tanıdıq. Onun portretləri lazım olan yerlərə vuruldu. Çox təəssüf ki, bu, bir il çəkdi. Sonra o portretləri çıxardılar. Amma buna baxmayaraq, biz Elçibəyin birillik hakimiyyəti dövründə Rəsulzadə haqda yetərincə məlumat aldıq. Milli valyutanın üzərinə şəkli vuruldu, təbliğ olundu. Mənim beynimdə o vaxtdan qalmışdı. Tarixlə də az-çox maraqlanan adam olmuşam. Araşdırdım, axtardım, bilgi topladım. Sovet dövründə ağlımıza gəlməzdi ki, SSRİ hakimiyyətindən əvvəl bir dövlət var idi, onu Rəsulzadə qurmuşdu. Çünki onlar həmişə düşmən kimi təbliğ etmişdilər. Hətta “Qatır Məmməd” filmində Müsavata qarşı savaşan bir adamı qəhrəman kimi tanıdırdılar. Bu miflər məhv olandan sonra araşdırdıq, bildik. Məncə, Rəsulzadə və onun silahdaşları  milli kimliyini bilən, tarixini bilən bir insanın sevməli olduqları şəxslərdir.


– Sizcə, Rəsulzadə qısqanclığı nəyə görədir?

– Azərbaycanda kommunist hakimiyyəti bitib. Rəsmi şəkildə bitib. Amma hakimiyyətdə oturanlar kommunist düşüncəli insanlardır. Onlara mütləq bir “baba” obrazı lazımdır. Necə ki sovetlər dönəmində bunu edirdilər. İndi də sadəcə babanın adı dəyişib. Baba obrazı yerində qalıb. Bu baba da onlar üçün Rəsulzadə ola bilməz.  Çünki Rəsulzadə olsa, artıq digər baba kölgədə qalmış olur. Ona görə də Rəsulzadəni hər bir vəchlə unutdurmağa çalışırlar. Baxmayaraq ki, prezident İlham Əliyevin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı qərarı var idi. Həmin vaxt İctimai Televiziyada “Ekspromt” adlı apardığım verilişdə mənə onun ad gününü təbrik etməyə icazə vermədilər. Hətta dedilər ki, sən bunu etsən, biz yayımı dayandıracağıq. Sonra da mayın 10-u ərəfəsində, adı Gül bayramı olan Heydər Əliyevin doğum günü yaxınlaşanda mənə dedilər ki, bu barədə veriliş olacaq. Mən də onda dedim ki, onda bu veriliş də olmayacaq. Onda da mənim verilişimi bağladılar. Sanki uşaq oyunu oynayırlar. Siyasət, məncə, ciddi bir şey olmalıdır. Siyasətin bu dərəcədə cılızlaşdığını mən ancaq Azərbaycanda görürəm.


– Rəsulzadə sevgisinə görə basqıya məruz qalmanızla bağlı kiməsə müraciət etmisinizmi? Cavab olubmu?

– Bir mahnıda deyildiyi kimi “ səndən yar, sənə yar şikayətim var”mı edim mən? Kimdən kimə şikayət edim? Etsəm də, bunun bir mənası yoxdur. İkincisi də mən qürurlu adamam. Mən onlara gedib desəm, bu, elə bir təsəvvür yaradar ki, efirlərə qayıtmaq istəyirəm, toylarım azalıb və s. Haqqımda bu xəbərlər çıxanda insanların müxtəlif yanaşmaları var idi. Bəziləri yazırdı: “ucuz reklamdır, özünü reklam edir”, başqası yazırdı: “toylarımıza onu çağıraq”. İnanın ki, mənim belə bir dərdim yoxdur. Heç bir reklam arxasınca da qaçmıram. Allah mənim ruzimi  başqa ölkədə də olsam, verəcək. Allah adama bir istedad veribsə, onun ruzisini də verəcək. Amma yanlış anlaşılmalar olur. Mən buna görə də bu məsələnin çox işıqlandırılmasını istəmirdim. İnsanlar elə bilməsinlər ki, mən  digər şou-biznes adamları kimi nəyləsə gündəmə gəlmək istəyirəm. Bunun xüsusi ilə altını cızıram ki, elə anlaşılmasın. Mənim burda heç bir reklam məqsədim yoxdur, heç kimə də şikayət etməmişəm, etmək fikrim də yoxdur. Çünki etsəm, ancaq yanlış anlaşıla bilər. Mənə də heç bir köməyi olmaz.


– Efir qadağası ilə üzləşən ilk və tək müğənni siz deyilsiz. Vaxtı ilə siyasi mövqeyinə görə Flora Kərimova, Akif İslamzadə bu qadağa ilə üzləşib. Hazırda Xalq artisti Nazpəri Dostəliyevaya da efir verilmir. Məlumatınız var yəqin ki?

– Nazpəri xanıma qadağa, məncə, İsa Qəmbərin oğlunun toyunda oxuduğu üçün qoyulub. Məncə, burda heç bir Rəsulzadə, Müsavat və yaxud digər faktorlardan söhbət gedə bilməz. Sadəcə sırf bir şəxsi təşəbbüs olub. Və həmin təşəbbüsün qarşılığında da ona qadağa qoyublar. Sən niyə onun oğlunun toyunda oxumusan? Məsələ budur. Azərbaycan telekanalları cahil bir toplum formalaşdırmaqdadır hazırda. Bu, çox acınacaqlı bir şeydir. Bizdən sonra gələn nəslin necə yaşayacağı çox acınacaqlıdır. Tarixindən xəbərsiz, milli etnik kimliyindən xəbərsiz bir toplum formalaşır. Mən müğənniyəm. Mənim 5 min, 10 min tamaşaçım var. O tamaşaçıların 500-nə, 1000-nə, lap 50-nə bir şey çatdıra bilsəm, kiminsə beynində bir toxum səpilsə, o da bir xeyirdir. Yəni bizim borcumuz bacardığımız qədər danışmaqdı. Məsələlər danışdıqca çözülür, susduqca yox.


– Bu yaxınlarda Rəsulzadə adı ilə bağlı bir qalmaqal yaşandı. Düzdü, bu qalmaqalı yaradan deputat sonradan bu sözləri demədiyini bildirdi. Amma nəticədə qınaqlara görə Gəncədə xeyli müddətdir başına çuval keçirilərək saxlanan Rəsulzadə abidəsinin başından həmin çuval çıxarıldı. Bu hadisəyə münasibətiniz maraqlı olardı.

– Mən bu barədə öz facebook səhifəmdə yazmışdım. Əslində bu məsələdə  həmin məsələni ortaya çıxaran mətbu orqanının rəhbərinin obyektiv olacağına bir qədər şübhəm var. Məlum səbəblərdən. Amma əgər o adam həqiqətən o sözü deyibsə (deməyibsə, tamam, ona bir sözümümz yox), bu sadəcə hökumətin Rəsulzadəni sevənlərə göstərdiyi bir şou idi. Əvvəlcə hökumətin demək istədiyini onun adı ilə dedilər. O adamın ağzı ilə dedilər. Ondan sonra “alın, çuvalı götürdük, sevinin”- dedilər. Görün biz nə gündəyik ki, bir çuvalın götürülməsinə sevinirik. Bu, hansı durumdur? Biz necə acınacaqlı haldayıq. Mən özümə çox acıdım sözün doğrusu. Həmin deputatın Rəsulzadə haqda bu fikirləri yayılandan sonra YAP-çılar dedilər ki, bu, onun şəxsi mövqeyidir.  Mən statusumda da yazmışdım ki, bu iş Heydər Əliyev haqqında, onun abidəsi haqqında deyilsəydi, Heydər Əliyev haqqında belə bir şəxsi mövqe ortaya qoyulsaydı, həmin adamları nə gözləyirdi? Həmin adamlar həbs olunacaqdı. Bu məsələyə necə bu qədər tolerant qala bilərdilər? Əslində çox acınacaqlı durumdur.

Ana səhifəXəbərlər“Hakimiyyətdəkilərə baba obrazı lazımdı”