“Bu açıqlama əyləncə xarakterlidir və orada əksini tapan məlumatların dürüstlüyü həmin məlumatın götürüldüyü mənbənin nə dərəcədə doğru olması ilə bağlıdır”
“Global Firepower” təşkilatının dünya ölkələrinin orduları haqqında açıqladığı reytinq siyahısı maraqla qarşılanıb. 106 ölkənin yer aldığı siyahıda ölkələrin nüvə potensialı nəzərə alınmayıb, orduların quruda,
hava
da və dənizdə adi silahlardan istifadə imkanları, həmçinin ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyəti əsas götürülüb.
Ümumilikdə 50 faktor əsasında tərtib olunan siyahıya ABŞ Ordusu başçılıq edir. İkinci yerdə Rusiyadır. İlk onluğun sıralaması isə belədir: Çin, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya.
Azərbaycan siyahıda 50-ci yerdədir. Azərbaycan Ordusu 52-ci yerdə olan Belarusu, 64-cü yerdə olan Gürcüstanı və 80-ci yerdə olan Qazaxıstanı geridə qoyub.
Ukrayna 21-ci yerdə qərarlaşıb. Ermənistan isə ümumiyyətlə siyahıya düşə bilməyib.
Siyahını Meydan TV-yə şərh edən “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun təhlilçisi, hərbi jurnalist Cəsur Sümərinli hesab edir ki, 2006-cı ildən dünya ordularının gücü ilə bağlı hesabatlar açıqlayan “Global Firepower”in son açıqlaması orada əksini tapan bir sıra faktlar baxımından maraq kəsb edir. “Eyni zamanda bu indeksdə əksini tapan məlumatlar açıq mənbələrdən götürülüb və bu baxımdan hansısa özəllik statusu yox dərəcəsindədir. Hesabat müəllifləri özləri etiraf edirlər ki, bu açıqlama əyləncə xarakterlidir və orada əksini tapan məlumatların dürüstlüyü həmin məlumatın götürüldüyü mənbənin nə dərəcədə doğru olması ilə bağlıdır”.
C.Sümərinli qeyd edir ki, əhali, ehtiyat qüvvələr, ordudakı şəxsi heyətin sayı və hərbi xərclərinin miqdarına görə, Azərbaycanın bu siyahıda 50-ci yerdə qərarlaşması təbiidir. Eyni zamanda Ermənistanın bu siyahıya düşməməsinin də ciddi izahları ola bilər: əhalisinin çox az olması, hərbi bidcəsinin cüziliyi və s.
C.Sümərinlinin sözlərinə görə, “Güc İndeksi”ndə diqqət çəkən məqamlardan biri, Azərbaycanla bağlı hissədə Silahlı Qüvvələrin “neftdən asılılığı”nın göstərilməsidir. Xüsusi olaraq qeyd olunur ki, “Döyüş texnologiyaları sahəsində irəliləyişlərə baxmayaraq Azərbaycanda neft istənilən döyüş qüvvələrinin həyat damarı olaraq qalır”. Bununla da əslində, Azərbaycan iqtisadiyyatındakı mənfi tendensiyalara və bununla da orduda yaranacaq problemlərə işarə edilir.
“Ümumilikdə, hesabatda ordunun “neftlə qidalanması” “mənfi cəhət” kimi təqdim olunur. Beləliklə, araşdırmanın ümumi anlamı belədir ki, əsas güclü orduya malik olmaq düşünülmüş strategiya üzərində aparılmış işlərlə bağlıdır”, – deyə C.Sümərinli bildirir.
“Bu baxımdan hesab edirəm ki, hesabatın ümumi anlamı Silahlı Qüvvələr quruculuğunda kəmiyyətin deyil keyfiyyətin əsas olması fikrinə yönəldilib. O baxımdan düşünürəm ki, Azərbaycan hakimiyyəti Silahlı Qüvvələrdə kəmiyyət artımı ilə bağlı informasiyalara arxalanıb qürrələnməsin, əsas keyfiyyətdir. Bu keyfiyyət isə Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji durumu, hərbi qulluqçuların sosial təminatı, hərbi qayda-qanunlara riayətin səviyyəsi və sairədə özünü göstərir. Silahlı Qüvvələrdə ötən il baş verən problemləri, xüsusilə də əsgər ölümlərinin sayının artmasını nəzərə alsaq aydındır ki, keyfiyyət baxımdan hələ çox işlər görülməlidir”, – deyə C.Sümərinli qeyd etdi.