”Hakimiyyət Rusiya ilə hərbi əməkdaşlığı dayandırmalıdır”

Cəsur Sümərinli: ”Cəbhədəki qarşıdurmalar Rusiyanın silah sənayesinin biznes maraqlarına işləyir”

Source:


Cəsur Sümərinli: ”Cəbhədəki qarşıdurmalar Rusiyanın silah sənayesinin biznes maraqlarına işləyir”

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu “Silahla təchizatda beynəlxalq meyllər-2016” adlanan hesabatda Azərbaycanın da həmişəkindən çox silah aldığını bəyan edib.

Hesabatda dünyanın 40 ən böyük silah istehsalçısının müştəriləri siyahısında Azərbaycan 21-ci yeri tutub.

“Ermənistanla müqayisədə Azərbaycanın dəfələrlə çox silahlanıb. 2012-2016-cı illərdə Azərbaycanın silah idxalını 2007-2011-ci illərə nisbətən 75% artırdığı, Ermənistandan 20 dəfə artıq silah aldığı qeyd olunur”,-deyə sənəddə qeyd olunub.

Sənədi Meydan TV-yə şərh edən Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli deyib ki, araşdırmalar da son 5 ildə Azərbaycanın Rusiyadan ən azı 4 milyard dollar dəyərində silah və hərbi texnika aldığını təsdiqləyib.

Onun fikrincə, bu proses 2020-ci ilə qədər davam edəcək. Nəticədə Azərbaycanın Rusiyadan əlavə olaraq daha bir neçə milyard dollar dəyərində silah və hərbi texnika alması gözlənilir. Bu tip hesabatlar açıq məlumatlara əsasən hazırlanır, beləliklə, silahlanmanın gerçək miqyasının daha fərqli olduğu istisna deyil.

 “Azərbaycan ordusunun silahlanması barədə qərarları kim qəbul edir və bu qərar necə əsaslandırılır” sualına ekspert cavab verir ki, Azərbaycanın silahlanması, xüsusilə də Rusiya ilə hərbi-texniki əməkdaşlığın ilbəil gücləndirilməsi barədə qərar hakimiyyətin çox məhdud bir hissəsinin baxışlarını və istəklərini əks etdirir:

“Hətta Azərbaycan parlamentində əksər hallarda bu tip qərarlardan xəbərsiz olurlar. Təəssüf doğuran məqam ondan ibarətdir ki, belə həssas iqtisadi problemlər dövründə, ölkənin maliyyə vəsaitlərinin azaldığı bir zamanda silahlanma barədə qərarlar şəffaf deyil və bununla bağlı ölkə ictimaiyyətinin, müxtəlif institutların mövqeləri öyrənilmir. Bunu ən azı bədxərclik, büdcə vəsaitlərinin sovrulması adlandırardım”.

C.Sümərinli də Azərbaycanın Ermənistandan dəfələrlə artıq silah və hərbi texnika əldə etməsi barədə informasiyanı həqiqət hesab edir:

“Amma əgər rəsmi Bakı Rusiyadan aldığı tank, zirehli maşın, ballistik raket əleyhinə müdafiə sistemləri, döyüş təyyarələrini işğal altında olan torpaqların geri qaytarılması məqsədi üçün istifadə edə bilməyəcəksə, o zaman belə silahlanma nəyə lazımdır? Sadə məntiqlə onu deməyə əsas var ki, Rusiya Azərbaycana satdığı silah və hərbi texnikanın Ermənistana qarşı tam sərtliklə istifadə olunmasına icazə verməyəcək. Necə ki, biz bunun 2016-cı ilin aprel döyüşlərində şahidi olduq. Çünki Ermənistan onun bir neçə tərəfli hərbi müttəfiqidir”.

Onun qənaətincə, faktiki olaraq son illərdə Rusiya Cənubi Qafqazı, o cümlədən Azərbaycan və Ermənistanı silah anbarına döndərib və bununla da tərəfləri qarşılıqlı, kiçik miqyaslı hərbi əməliyyatlara həvəsləndirib:

“Ancaq bu hərbi əməliyyatların müharibəyə çevrilmə təhlükəsi yoxdur, ən azından Rusiya buna imkan verməyəcək. Çünki Rusiyanın Hərbi Doktrinasında Ermənistan strateji müttəfiq, Ermənistanın eyni adlı sənədində isə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı hesab olunur”.

Lokal qarşıdurmalara gəlincə, o, deyib ki,  əslində kiçik qarşıdurmalar Rusiyanın silah sənayesinin biznes maraqlarına işləyir: “Belə toqquşmalardan sonra tərəflər Rusiyadan növbəti “partiya” silah-sursat almaq üçün növbəyə dururlar. Fərq ondadır ki, Rusiya Ermənistana silahları satmır, əsasən bağışlayır və ya kredit şəklində verir. Azərbaycana gəldikdə isə bu silah və hərbi texnikanın çox baha qiymətə satılması barədə məlumatlar var”.

C.Sümərinli iddia edir ki, Rusiya silah satdığı ölkələri tədricən özünün hərbi-siyasi təsiri altına salır. Belə ki, satılan silah və hərbi texnikanın idarə olunması üçün özünün hərbi məktəblərini təklif edir. “Təsadüfi deyil ki, son 5 ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin xeyli sayda zabitləri Rusiyanın ali hərbi məktəblərində təhsil almağa başlayıblar. Rəsmi olmayan məlumatlara görə, son illərdə Azərbaycan ordusunun 200-dən artıq zabiti Rusiyada təhsil alıb və geri dönərək Rusiyanın Azərbaycana satdığı silah və hərbi texnikanın idarə olunması işinə cəlb olunublar”, – deyən C.Sümərinli bununla da Azərbaycanın Rusiyanın hərbi-siyasi təsiri altına daha sürətlə girdiyini vurğulayıb.

O, təəssüflənir ki, son 3 ildə Azərbaycan – NATO əməkdaşlığı özünün tənəzzül dövrünü yaşayır: “Faktiki olaraq hazırda Alyansla Bakı arasında hər hansı formatda dialoq getmir, əməkdaşlıq planlarının gerçəkləşdirilməsinə nəzarət edən monitorinq qruplarının səfərləri də təxirə salınıb. Bir vaxtlar NATO və o cümlədən Birləşmiş Ştatların ciddi dəstəyi ilə təkmilləşən Azərbaycan Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri son illər Rusiya ilə əməkdaşlığı gücləndirmək taktikasını seçiblər. Bütün bunlar mövcud hakimiyyətin siyasi qərarına görədir və ölkənin hərbi-siyasi gələcəyini ciddi suallar altına salır”.

İsraillə hərbi əməkdaşlığa gəlincə, o, düşünür ki, bu, Azərbaycanın milli təhlükəsizlik maraqlarına daha çox cavab versə də, eyni zamanda Təl-Əvivdən alınmış silah və hərbi texnikanın döyüş əməliyyatlarına cəlb olunmasında hər hansı problem olmasa da, rəsmi Bakının Moskva ilə hərbi əməkdaşlığının mövcud vəziyyəti bu yolda ciddi problemlər yaradır:

“Rusiya ilə hərbi-texniki əməkdaşlığın vəziyyəti faktik olaraq Azərbaycan hakimiyyətini Kremldən asılı vəziyyətə salıb. Bunun nəticəsində rəsmi Bakı atacağı hər bir addımı Moskva ilə razılaşdırmaq məcburiyyətinə düşüb. Bunun günahı Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətdədir. Bu siyasətin ölkənin milli təhlükəsizlik maraqlarına nə dərəcədə uyğun olması ciddi suallar doğurur”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri onu da vurğulayıb ki, Ermənistanın Rusiyadan aldığı xeyli sayda hərbi texnika, o cümlədən raket kompleksləri gerçəkdən Azərbaycanın milli təhlükəsizliyinə təhdid yaradır.

“Rəsmi Bakı bütün bunlara görə Rusiya hakimiyyətinə nota göndərməli, izahat istəməli və bu dövrdə Rusiya ilə hərbi əməkdaşlığı dayandırmalıdır. Gəlin görək Azərbaycan hakimiyyəti buna cürət edə bilərmi? Təəssüf ki, yox”, – deyə o qeyd edib.

Ana səhifəAnalitika”Hakimiyyət Rusiya ilə hərbi əməkdaşlığı dayandırmalıdır”