“Hakimiyyət ölkəni qapadır” (VİDEO)

Son həbslər Azərbaycanda yeni məhkəmə mərhələsinə hazırlığın olacağını göstərir. Bir neçə ay əvvəl partiya rəhbərləri İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, NİDA-çılar və bloqqerlərin həbsi bu institutun daxildən və xaricdən tənqid hədəfinə gəlməsinə səbəb oldu. REAL İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli isə söhbətimizdə ölkədə siyasi, hüquqi böhrandan çıxış yollarına istiqamətlənmiş suallara cavab almağa çalışdıq.



Erkin bəy, Azərbaycanda məhkəmələrinİlqar Məmmədov, NİDA-çılar, bloqqer Ömər Məmmədov dövrü başa çatmadan yeni mərhələbaşlanır. Mən iyulun sonu, avqustun əvvəli baş verənləri nəzərdə tuturam: hüquq müdafiəçiləri Leyla Yunusun, Rəsul Cəfərovun, tanınmış hüquqşünas İntiqam Əliyevin həbsini. Bu mənada Azərbaycanda nə baş verir?

–         Ölkəni qapadırlar. Ötən ilin əvvəlində, yəni 2013-cü ilin fevralın 4-də ilk həbslər başladı. REAL İdarə Heyətinin sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu, o cümlədən, İsmayıllı sakinləri həbs edildi. Ondan sonra NİDA-çılar, bir qrup bloqqer, dindar, jurnalist, yenə də müsavatçı Yadigar Sadıqov həbs olundu, sonra bir ara sanki dayandı. Prinsipcə, o həbslər də anlaşılandır ki, seçki ili kontekstində, üçüncü müddət başlayacaq, bu isə özü-özlüyündə bir sistem böhranıdır. Seçki ilində həbslər müxalifəti və ətrafındakı ən fəalları, jurnalistləri sıradan çıxarmaq, cəmiyyəti susdurmaq məqsədi daşıyır. Yeri gəlmişkən, İlqar Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarında birbaşa yazılıb ki, bu həbsin məqsədi seçki ilində ərizəçini susdurmaq idi.Bu fikri bütün həbs edilənlərə aid etmək olar. Yəni siyasi motivli olmasına heç bir şübhə yox idi, 18-ci maddə birbaşa bunu ehtiva edir.



Ancaq son həbslər Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başladığı dövrə təsadüf edir…

–         Bu, artıq rəzalətverici haldır. Xüsusən Avropa Şurasının özü üçün. Əslində Azərbaycan Nazirlər Kabinetinin sədri olub-olmamağı heç nəyi dəyişməməliydi, bizim bu qurumlarda ölmağımız insan haqları ilə bağlı bir sıra öhdəlikləri də gətirir, amma dövlət olaraq bu öhdəlikləri poza-poza gəlirik.



Və avropalılar da seyrçi bəyanatlar verirlər…

–         Bəli, AŞ PA-dakı qalmaqalları, korrupsiyayla ələ alınmış deputatları görürük. AŞPA-ya seçkilər birbaşa formalaşmır, oraya nümayəndə heyətləri qismində milli parlamentlərindən göndərilirlər. Xüsusən Şərqi Avropa  və Rusiya deputatlarının səs çoxluğu hesabına Azərbaycan hakimiyyəti öz mövqeyinə yaxın qərarlar çıxara bilir. Müqayisə üçün Avropa Birliyinin (AB) parlamentini götürsəniz, tamam fərqli bir mənzərə görərsiniz. Məsələn, AB-də İlqar Məmmədovla bağlı ayrıca qətnamə qəbul etdilər, o cümlədən, bütün siyasi məhbuslarla əlaqədar sənəd qəbul olunmuşdu. Çünki AB birbaşa seçilən parlamentə malikdir.



Azərbaycanda Leyla Yunusun və Rəsul Cəfərovun ortaya qoyduğu siyasi məhbus siyahısı REAL-da da daxil olmaqla 9 partiya və Milli Şura tərəfindən dəstəkləndi. Bnu ərəfədə AŞ baş katibi Yanqlandla prezident Əliyev telefon söhbətində 2003-2008-ci il İşçi Qrupunun yenidən bərpasına razılaşdılar. Necə düşünürsüz, həmin qrup bərpa olunsa dəstəklənən siyahının həyata keçməsi üçün hansısa addım olacaqmı?

–         İnsan haqlarının  müdafiəsi ilə məşğul olmadığımdan və o çevrənin də içində olmadığımdan bu barədə danışmaq mənə çətindir. Hərçənd ki, əksəriyyətini şəxsən tanıyıram və hamıdan da qarşı tərəfə ittihamlar eşitmişəm. Ona görə həmin çevrədəki etimadsızlıqdan xəbərim var. Yanqlandın telefon söhbətindən sonra yaranan narahatçılığı anlayıram. Amma mövqeyim belədir: hansı adla olur-olsun həbs edilənlər buraxılmalıdır.



Avropa Şurası da bu fikri səsləndirirmi?

–         Onların açıqlamalarında birbaşa tələb yoxdur. Qapalı görüşlərdə nə dediklərini isə bilmirik. Əslində, İlham Əliyev demişdi ki, heç bir dövlət rəhbəri onunla ölkədaxili məsələlərlə bağlı müzakirələr aparmayıb. Düzdür, bu cümlənin özü də müəmmalıdır, ölkədaxili məsələlərlə əlaqədar nə danışsınlar, pensiya, təhsil barədə…? Əgər insan haqları nəzərdə tutulursa, bu, ölkədaxili məsələ deyil. Avropa Şurasındakı üzvlüyümüz və Avropa Konvensiyasındakı iştirakımız bu məsələnin beynəlxalq münasibətlərin tərkib hissəsi olduğunu göstərir. Ona görə prezidentin həmin cümləsi ikibaşlıdır.



Siz hakimiyyətin siyasi məhbusları azad etməli olduğunu dediniz. Azərbaycannoyabra qədər Nazirlər Kabinetinə rəhbərlik edəcək.O dövrə qədər hansısa addımlar atıla bilərmi?

–         Bilmirəm, bu, falçılıq olar. Təəssüf ki, biz həbslərə öyrəncəliyik, hamı o baxımdan hətta acı zarafatla “növbədə kimdir” deyə sual edir. Artıq daha kiminsə həbs olunacağı təəssüf doğursa da, təəccüb doğurmayacaq.



Bəlkə sualım yerində deyil, amma partiyalar nəyi gözləyir?O cümlədən, siz, qapınızın döyülməsini gözləyirsiniz?

–         Yox, qapımızın döyülməsi məsələsinə gəlincə, artıq İdarə Heyətindən 2 nəfər həbsdədir, özü də bizdən başladılar, sədrimizi, prezidentliyə namizədi seçki ilində həbs etdilər. Avropa Məhkəməsinin qərarında da bu göstərilib. Bizim  təşkilat oturmur, sadəcə, planımız partiya quruculuğudur və gələn ilin parlament seçkilərinə hazırlaşırıq. İlqar Məmmədov da İdarə Heyətinin bu mövqeyi ilə razıdır, təlaşsız, təmkinlə partiya quruculuğu və seçkiyə hazırlaşırıq. Amma sədrin həbsdə olması, ilyarımdır məhkəmələrdə olmağımız və başqa məsələlər əngəllər yaradır.



Məhkəmələrdə olursunuz və növbəti proseslər baxımdan bu institutun hansı durumda olduğunu qiymətləndirə bilərsinizmi?

–         İlqar Məmmədovla bağlı proseslərə məhkəmə deməzlər. Təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, vəkillərin gətirdiyi sübutlar, istintaqın qərəzli mövqeyi, birinci instansiyanın müdafiə tərəfinin gətirdiyi sübutları qəbul etməməyi, bunların hamısı göstərir ki, bu, məhkəmə deyil. Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədov haqqında qərarında da bu barədə yazıblar. Ki, məhkəmə hər dəfə prokurorluğun qərarının təsdiqləyicisi rolunda çıxış edib, yəni heç bir mübahisələndirmə olmayıb. Təsəvvür edin ki, təqsirləndirilən şəxslərin hamısının xeyrinə olan məlumatlar, sübutlar, audio-video çəkilişlərin xeylisi nəzərə alınmayıb. Apellyasiya Məhkəməsində yeni vəsatətlər qaldırılıb, bunlar qismən təmin olunub. Açıq şəkildə görünür ki, tam saxta və qurulmuş bir işdir. Xüsusən İlqar Məmmədov və Tofiq Yaqublu hadisələrin ertəsi günü İsmayıllıya gediblər, o zaman şəhər tam polisin nəzarətində olub, amma bunun içindən bir cinayət işli çıxarırlar.



Siz birinci cümlənizdə hakimiyyətin ölkəni qapadıqlarını dediniz.Məhkəmələrin durumu məlumdur, hüquq müdafiəçiləri həbs edilir, azad mətbuatın dairəsi daralır. İqtidar bu gedişlə nəyə nail olmaq istəyir?Bəlkə Avrasiya İttifaqına üzv olmağa meyllilik var? Hətta Soçi görüşünü də bununla bağlayanlar oldu…

–         Bu haqda danışılır və mən də fərziyyə kimi bunları ağlımda saxlayıram. Sual yaranır, bu, hakimiyyətə nə verir? Bütün neft-qaz əməkdaşlığı Qərblə, maliyyə, təhlükəsizlik, geostrateji layihələr də Avropa ilə işlənilir. Belə olanda, Avrasiya İttifaqı hakimiyyətə nə verəcək ki? Sırf iqtisadi baxımdan düşünək, gömrükdən nə qədər qazanırlar, amma Avrasiya İttifaqında bunların heç biri olmayacaq. Üstəlik Moskvanın ümumi idarəsi altında olacaqlar.



Ancaq politoloq Zərdüşt Əlizadə fərqli düşünür və 90-cı illərdə MDB barədə oxşar fikirlərin olduğunu xatırladır…

–         MDB “mədəni boşanma” formatıydı, məqsəd SSRİ-ni davasız dağıtmaq idi. Zatən, o zaman MDB-in işlək format olmadığı və Rusiyanın da iqtisadi-siyasi baxımdan çox zəif dövrü idi. İkincisi, o zaman Yeltsin, Kravçuk, Heydər Əliyev başqa cür düşünürdülər və sonuncu tamamilə Qərbyönümlü idi, Nazarbayevin isə öz qayğıları vardı. Bugün Rusiya dəyişib, iddialar fərqlidir və qarşıdurmalar da kəskinləşib. Ona görə Avrasiya İttifaqı baş tutarsa, bu, Rusiyanın hegemonluğunun başqa bir forması olacaq.



Bəzilərinin Avrasiya İttifaqının Qarabağ münaqişəsinə müsbət təsiri barədə dediklərini necə cavablayardız?

–         Necə təsiri olacaq, bu, aydın deyil. Əgər söhbət 3-4 rayonun qaytarılmasından gedirsə, buna getmək olmaz. Heydər Əliyevin dövründə də bu məsələ vardı, amma o, bunu rədd edirdi və doğru da edirdi. Rusiyanın təklifini qətiyyən qəbul etmək olmaz. Çünki 3-5 rayon təklifini qəbul etsək, o zaman Ermənistanla razılaşarıq da, 10 ildir onlar bunu deyirlər.



Rusiya mətbuatının 5 milyarda rayonların qaytarılması barədə yazdıqlarını necə izah edərdiniz?

–         Mən inanmıram bu söhbətə. Fikir verin, Rusiya mətbuatı Ukrayna haqqında nələr yazır?! Bu, bir təxribatdır.



Hakimiyyət ölkəni qapayırsa, cəmiyyət harda dirənəcək, yoxsa Türmənistana, Şimali Koreyaya çevriləcək?

–          Yox. Türkmənistan və Şimali Koreya olmayacaq. Tarix və coğrafiya var, bu cəmiyyəti susdurmaq mümkün olsaydı, biz çoxdan Türkmənistan olardıq. Söhbət ondan gedir ki, hakimiyyətin ölkəni qapatmağının məqsədi Azərbaycanda yeganə Qərbyönümlü qüvvə kimi görünməkdir. Mən Fransa prezidenti Ollandla görüşdə də bunu dedim. Vəziyyət o həddədir ki, Fransa prezidenti müxalifətlə görüşür və həbslərdən, təqiblərdən danışılır. Əslində, bu rəzalətdir. Hakimiyyət elə bir sistem yaradıb ki, Azərbaycanla danışmaq yalnız bunlarla danışmaq kimi olsun.



Nail olurlarmı istəklərlərinə?

–         Ona doğru gedirlər. Zatən, Qərbdə Azərbaycanla bağlı çox aşağı gözləntilər var. Onlarda çox canlı stereotiplər var, Azərbaycandır da, kiçik şiə ölkəsi. Biz müxalifət olaraq bu stereotipləri qırmağa çalışırıq, ADR dövrü, insan haqlarına sədaqət. Amma iqtidarın etdikləri sayəsində “korrupsiya bu ölkə üçün normaldır da, avtoritarizmə layiqdirlər” fikirləri möhkəmlənib. Aşağı-yuxarı Qərb də, İsrail də belə düşünür. Sabah da Orta Şərq diktatorları ilə necə davranırdılarsa, təxminən bizimlə də həmin gözləntidir. Hakimiyyət də bu stereotipləri gücləndirməklə məşğuldur və cəmiyyəti susduraraq məqsədinə daha çox nail olur. Təhlükə ondadır ki, hakimiyyət çoxdan öz vətəndaşlarından asılı deyil.Təəssüf ki, gücünü də bunda görür. Hərçənd, tarix qaçılmaz olaraq bir halı təsdiqləyir: öz xalqından asılı olmayan hökumət başqa dövlətlərin hakimiyyətlərindən asılı vəziyyətə düşür. Bir daha deyirəm: hakimiyyət çox təhlükəli oyun oynayır: özünü tamamilə xalqdan qoparıb, vətəndaşlarından asılı deyil, seçkidən asılı deyil, amma kiçik təhdid, Rusiya, yaxud İran olsun, iqtidarı təşvişə salır. Bu casusluq mənzərəsi tamamilə ağlasığmaz bir şeydir, 90-cı illərin təhlükəli dövründə belə casus axtarışı yox idi. O zaman jurnalist, müxalifətçi, gənclər indiki səviyyədə həbs edilmirdi. Əgər hakimiyyətin dediyi kimi sabitlikdirsə, bu qədər xəyanətkar hardandır? Əgər təhlükəsizlikdirsə, bu qədər xaricə işləyənlər hardandır? Əgər siyasətiniz doğrudursa, bu qədər narazılar hardandır?  Yəni hekayə mənzərəyə uzlaşmır və bunudeyənlərin hamısını susdururlar ki, ölkədə söylənilən hekayələr hamısı özlərinki olsun.

Ana səhifəVideo“Hakimiyyət ölkəni qapadır” (VİDEO)