Hakim məhkəmədə: Həyat yoldaşımı ehtiyatsızlıqdan öldürmüşəm

Fəqan Əhmədovun toxunulmazlığı ləğv olunub, onunla bağlı cinayət təqibi həyata keçirilməsinə razılıq verilib.

Source: Specify Source


Fəqan Əhmədov həbs edilib

Sabunçu Rayon Məhkəməsinin hakimi, həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fəqan Əhmədov haqqında iyunun 1-də Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Meydan TV-yə məhkəmədən məlumat verilib:

“Dedi ki, hadisəni qəsdən törətməyib, ehtiyatsızlıq nəticəsində baş verib”.

Fəqan Əhmədov məhkəmə hakimi olduğuna görə onun toxunulmazlıq statusu vardı və birbaşa cinayət məsuliyyətinə cəlb edilə bilməzdi. Bu üzdən martın 31-də Baş prokuror onunla bağlı cinayət təqibi həyata keçirilməsinə razılıq almaq üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verib. Şura üzvlərinin iştirakıyla iclas keçirilib. İclasda Baş prokurorun birinci müavini Elçin Məmmədov təqdimatı müdafiə edib, məsələnin mahiyyəti barədə məlumat verib. Bundan sonra təqdimatın təmin olunmasına qərar verilib. Fəqan Əhmədovun toxunulmazlığı ləğv olunub, onunla bağlı cinayət təqibi həyata keçirilməsinə razılıq verilib.

Mayın 31-də Fəqan Əhmədov təqsirləndirilən şəxs qismində tanınıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Hakimin həbs xəbərini Baş Prokurorluğun mətbuat xidməti də Meydan TV-yə təsdiqləyib: “Fəqan Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi üçün istintaq hərəkətləri davam etdirilir”.

Hadisə mayın 30-da axşam saat 23.00 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində, Ləhiş bağları adlanan ərazidəki evlərdən birində baş verib. Məlumata görə, üç övladı olan ailə tikdirdiyi o evə yeni köçübmüş.

Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədovanı özünə məxsus ov tüfəngindən açılan atəş nəticəsində öldürdüyü iddia olunur. Məlumata görə, o, istintaqa ifadəsində odlu silahdan güllənin ehtiyatsızlıq nəticəsində açıldığını deyib.

Hadisə ilə əlaqədar əvvəlcə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Lakin Baş Prokurorluğun rəhbərliyinin göstərişilə bu işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Fəqan Əhmədovun vəkili Bəylər Məmişov bildirib ki, müvəkkili silahın boş olduğunu zənn edərək, onu zarafatyana həyat yoldaşına tuşlayıb və nəticədə bədbəxt hadisə baş verib. Bu açıqlamadan sonra Baş Prokurorluq vəkilə rəsmi şəkildə xəbərdarlıq edib. Müdafiəçinin bu cür açıqlamaları istintaqa təsir kimi dəyərləndirilib.

1976-cı il təvəllüdlü Fəqan Əhmədov 2016-cı ildən Sabunçu rayon Məhkəməsinin hakimidir. Bundan öncə isə o, 5 il (2011-2016) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hakimlikdən əvvəl üç il Xətai rayon Məhkəməsində böyük məsləhətçi işləyib. Buna qədər isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və məhkəmə iclas katibi olub. Tofiq Paşayev Xətai Rayon Məhkəməsinə sədr göndəriləndən sonra onu da özü ilə aparıb. Fəqan Əhmədov daha öncə Səbail Rayon Məhkəməsində də işləyib. O, Bakı Dövlət Universitetində hüquq təhsili alıb.

Onun adı bir sıra qalmaqallı işlərdə hallanıb, sifarişlə hökmlər çıxarmaqda ittiham olunub. AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun atası Arif Əhmədov Meydan TV-yə açıqlamasında şikayətlənirdi ki, Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həbsdə olan oğlunun hüquqlarının pozulmasıyla bağlı şikayətlərini araşdırmadan ərizəni geri qaytarır.

Ana səhifəSosialHakim məhkəmədə: Həyat yoldaşımı ehtiyatsızlıqdan öldürmüşəm