İddiaçı tərəf Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa tələb edirdi
Fevralın 14-də Binəqədi Rayon Məhkəməsində jurnalist Sevinc Vaqifqızının (Abbasova) ölkədən çıxışına qadağa qoyulması tələbi ilə bağlı məhkəmə iclası keçirilib.
Məhkəmə prosesi hakim Səadət Səlimovanın sədrliyi ilə keçirilib.
Hakim direktor müavininin həyat yoldaşı Rasət Qasımovun jurnalistə qarşı iddiasını rədd edib.
Sevinc Vaqifqızı növbədənkənar prezident seçkisi zamanı 251 saylı məktəbdə çəkdiyi video-materiala görə həmin məktəbin direktor müavini Elmira Alandarova və (daha sonra işdən azad olunub) ailəsi tərəfindən məhkəməyə verilib.
O, 3 ildir ki, məlum videogörüntüyə görə məhkəmə çəkişməsindədir.
Jurnalistin evinə məktub gəlib ki, məhkəmə qərarında yazılan “videonun silinməsi, təkzib olunması, üzr istənilməsi” hissəsi icra olunmayıb.
Bu səbəblə də Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Sevinc Vaqifqızı daha öndə də bildirmişdi ki, o, işini görüb və etdiyində hər hansı qanun pozuntusu olmayıb.
Video-materialın silinməsi və təkzib edilməsinə gəlincə, jurnalist bildirib ki, məhkəməyə “Azadlıq” qəzeti və Meydan TV-nin təkzib vermək, materialı silmək istəmədiyi ilə bağlı məktub təqdim edib. Yəni bu, mümkün deyil.
Ancaq ötən dəfəki məhkəmə iclasında icra nümayəndəsi bildirmişdi ki, bunların hamısı olsa belə, şəxsin ölkədən çıxışına qadağa qoyulmalıdır.
Jurnalist Sevinc Vaqifqızı prezident seçkisində 25 saylı seçki dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki çəkilişlərinə görə 1000 manat cərimələnib.
İyunun 25-də Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin bu qərarını haqlı sayıb.
Bu üç seçki məntəqəsi 251 saylı orta məktəbdə yerləşir.
Sevinc Vaqifqızı seçki günü həmin məktəbin direktor müavini Elmira Alandarovanın hərəkətlərini (onun məntəqələrdə davranışı, qrup şəklində səsverməyə gələnlərlə söhbəti və s.) çəkib.
Həmin görüntülər “Azadlıq” qəzeti və Meydan TV-nin internet saytlarında, sosial şəbəkələrdə yayımlanıb.
Jurnalist, sadəcə, çəkdiyi görüntülərdən ibarət videomaterial hazırlayıb, şərh verməyib.
Elmira Alandarova bununla şərəf və ləyaqətinin ləkələndiyini iddia edərək jurnalisti məhkəməyə verib.
O, jurnalistdən, “Azadlıq” qəzeti və Meydan TV-dən üzrxahlıq, 2 min 500 manat da kompensasiya tələb edirdi.
Binəqədi Rayon Məhkəməsi isə belə nəticəyə gəlib ki, jurnalist ancaq materialı yayımlayarkən videoreportajın başlığını (“Direktor müavini seçkidə “karusel”ə nəzarət edir”) düzgün seçməyib.
Şərəf və ləyaqətin aşağılanması iddiası isə əsaslı sayılmayıb.
Bakı Apelyasiya Məhkəməsi isə direktor müavininin şikayəti əsasında jurnalistin üzərinə üzr istəmək və 1000 manat təzminat ödəmək öhdəliyi qoyub.
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.
Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.
Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.
Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun “mənfi hal” olduğunu bildirib.
Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, seçki müddətində baş vermiş qanun pozuntularının araşdırılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib.
Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.