Hakim: “Jurnalist Teymur Kərimov istintaq təcridxanasında özünə xəsarət yetirib”

Foto: Teymur Kərimovun şəxsi arxivindən

 Jurnalist hakim qarşısına əlləri qandallı çıxarılıb

“Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrliyilə, Əli Məmmədov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası baxır.

Aprelin 5-də məhkəmənin hazırlıq iclası qalmaqalla başlayıb. Səbəb isə məhkəmə önünə çıxarılan Teymur Kərimovun şüşə kabinədə əlləri bağlı vəziyyətdə saxlanması, qandalın açılmaması olub.

Vəkil Nemət Kərimli müvəkkilinin şüşə kabinənin içində belə, qandallı vəziyyətdə saxlanmasının hüquq pozuntusu olduğunu vurğulayıb və əllərinin açılmasını istəyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxsin məhkəmə qarşısında bu vəziyyətdə dayanması onun təqsirsizlik prezumpsiyasını pozur, onun ləyaqətini alçaldır.

Məhkəmə prosesinə sədrlik edən hakim Azad Məcidov bildirib ki, konvoy xidməti icazə vermədiyinə görə onun əlləri açıla bilməz.

Teymur Kərimov bildirib ki, məhkəmə prosesinin ilk dəqiqəsindən hakim onun hüquqlarını pozur, qərəzli davranır. Ona görə də işinə hakim Azad Məcidovun baxmasına yazılı şəkildə etiraz edib.

Hakim bildirib ki, bəzən bu məhkəmədə müttəhimlər özlərinə xəsarət yetirir, şüşə kabinəni sındırır, başlarını divara çırpır. Ona görə də təqsirləndirilən şəxsin əlləri qandallı saxlanması məqsədəuyğun hesab olunub.

“Vaqif Xaçaturyan 25 nəfər azərbaycanlını qətlə yetirməkdə ittiham olunurdu. Amma onun məhkəməsində əlləri bağlanmırdı. Şəxsən özüm görmüşəm”, – Teymur Kərimov bildirib.

Azad Məcidova verilən etiraza digər iki hakim – Əli Məmmədov və Səbinə Məmmədzadə baxıb və təmin etməyib.

Əli Məmmədov bu qərarı açıqlayanda onu da əlavə edib ki, konvoy xidmətindən Teymur Kərimovun özünə qəsdə cəhd etməsi barədə məlumat alıblar:

“Həm istintaq təcridxanasında, həm də məhkəməyə gətiriləndə müəyyən addımlar atıb. Özünə xəsarət yetirməyə meylli şəxs kimi sənədləşdirilib. Ona görə də əllərinin açılması məqsədəuyğun deyil”.

Teymur Kərimov bu məlumatın doğru olmadığını bildirib:

“Bu məlumat yazılıdır, yoxsa şifahi? Mən o məlumatla tanış olmaq istəyirəm. Şifahidirsə, onlar özlərindən çox söz deyə bilərlər. Mənim bədənimə baxsınlar, görsünlər ki, harda xəsarət izi var?”.

Daha sonra məhkəmədə Teymur Kərimovun və onunla birlikdə təqsirləndirilən şəxs kimi, hakim önünə çıxarılmış İstək Totiyevanın anket məlumatları dəqiqləşdirilib.

Ardınca Teymur Kərimovun müdafiəçiləri Nemət Kərimli və Aqil Layıc onun ev dustaqlığına buraxılması, vəkillərinin yanında əyləşməsi, məhkəmədə jurnalistlərin videoçəkiliş aparmasına icazə verilməsi barədə vəsatətlər qaldırıb.

“Şəxsin məhkəmə qarşısında əlləri qandallı vəziyyətdə saxlanması məhkəmənin özünə hörmətsizlikdir. Bu məsələ konvoyların qərarından asılı ola bilməz. Məhkəmə prosesinə sədrlik edən qərar verir. Siz məhkəmə olaraq, konvoy xidmətinin dediyilə hesablaşmaq məcburiyyətində ola bilməzsiniz. Xahiş edirəm, bu məsələ növbəti məhkəmə iclasından həll olunsun. Teymur Kərimova vəkillərinin yanında əyləşməyə icazə verilsin. Müdafiə hüququ baxımından bu vacibdir. Avropa Məhkəməsi, hətta şəxsin belə şüşə kabinədə saxlanmasını da hüquq pozuntusu kimi qiymətləndirib, qərarlarında bunları “akvarium” adlandırıb”, – Nemət Kərimli bildirib.

Ev dustaqlığına buraxılması haqda vəsatətə gəlincə, vəkil bildirib ki, Teymur Kərimov jurnalistdir, yaşayış yeri məlumdur, istintaq da başa çatıb.

Teymur Kərimov digər təqsirləndirilən İstək Totiyevanın azadlıqda saxlandığı halda, özünün həbsdə qalmasını ayrı-seçkilik kimi qiymətləndirib:

Konstitusiyada bərabərlik hüququ anlayışı var. Eyni ittihamlardır, amma o azadlıqdadır, mən isə həbsdə…”.

Teymur Kərimov əlavə edib ki, özünün də vəsatəti var. Çünki tutularkən müdafiə hüququ pozulub.

Vəsatətlərin müzakirəsi növbəti məhkəmə iclasına saxlanılıb. Növbəti iclas isə aprelin 24-nə təyin edilib.

Dekabrdan həbsdə olan Teymur Kərimov əvvəl Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə ittiham olunurdu. Martda istintaqın sonunda ona eyni maddənin daha bir bəndi ilə əlavə ittiham verilib. O, həm də Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunur. O, İstək Totiyeva ilə əlbirlikdə təqsirləndirilir.

İstək Totiyeva haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Jurnalistin işi üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb. İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva video-materialın internet kanalından silinməsi üçün 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb.

Teymur Kərimov özünü təqsirli bilmir. O bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır. Teymur Kərimov jurnalist fəaliyyətinə – qanunsuzluqları çəkib göstərdiyinə görə cəzalandırıldığını deyir.

Jurnalist heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini bildirib. Teymur Kərimovun yaxınlarına bildirdiyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) əvvəl onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul etmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.

Teymur Kərimova ittiham verilən maddələrdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətHakim: “Jurnalist Teymur Kərimov istintaq təcridxanasında özünə xəsarət yetirib”