Hakim Cahangir Hacıyevin vəkilindən kollegiyaya şikayət edəcək

Şahidlər haqqında məcburi gətirilmə qərarı çıxarılsa da, onların prosesdə iştirakı təmin edilməyib

Foto: arxiv
Cahangir Hacıyev
Cahangir Hacıyev


Şahidlər haqqında məcburi gətirilmə qərarı çıxarılsa da, onların prosesdə iştirakı təmin edilməyib

Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”-nın İdarə Heyətinin həbsdə olan sədri Cahangir Hacıyev və onunla birlikdə saxlanılan digər təqsirləndirilən şəxslərin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, iclasda hakim Əfqan Hacıyev bildirib ki, ifadə verməyən 6 şahidin barəsində məcburi gətirilmə haqqında qərar çıxarılıb. Lakin onlar ölkə xaricində olmalarını və digər səbəbləri əsas göstərərək, iclasda iştirak etmirlər. Cahangir Hacıyevin vəkili Aqil Layıcov isə şahidlərin iştirakının vacibliyini vurğulayıb. Təqsirləndirilən İbrahim Hüseynov isə deyib ki, istintaqda ifadə verən şahidlərdən bəziləri özlərini onun rəhbəri olduğu şirkətin işçisi kimi təqdim ediblər. İbrahim Hüseynov bunun doğru olmadığını deyib və onların məhkəmədə ifadə vermələrini istəyib. Bildirib ki, onların çoxunu tanımır.

Hakim bildirib ki, şahidlər gələ bilmirlər və onlarla bağlı qərar verilib. Daha sonra həmin şahidlərin ifadələri elan olunub. Şahid Vüqar Sadıqov ifadəsində “İnter Security” şirkətinin əməkdaşı olduğunu, adına pul götürüldüyünü, sənədləri imzaladığını deyib. Bildirib ki, onun adına kredit olmasından xəbəri olmayıb. Şahid Tərlan İsmayılov isə Məmməd Cahangirovu tanıdığını bildirib. İfadəsində göstərib ki, başqa kredit işi ilə bağlı bankda olan zaman M.Cahangirov ondan şəxsiyyət vəsiqəsini alaraq başqa adamın adına 300 min kredit götürülməsini rəsmiləşdirdiyini söyləyib. Şahid bildirib ki, M.Cahangirovu tanıdığından və bank müdiri olduğundan onun əməlinə etiraz etməyib.

İclasda hal şahidi Ədalət Muradovun ifadəsi elan edilib. O bildirib ki, Azad Cavadovun bağ evinə baxış keçirilərkən iştirak edib. Onun sözlərinə görə, evdən silah və qılınc götürülüb. A.Cavadov isə həmin vaxt tapançanın ona məxsus olmadığını, qılınc dəstinin hədiyyə olduğunu, ov tüfənginin isə ona məxsus olduğunu söyləyib. Maliyyə Bazarlarına Nəzarət Palatasının böyük inspektoru Ayaz Vəliyev isə ifadəsində bildirib ki, “Beynəlxalq Bank”dan fiziki şəxslərin adına verilmiş kreditlər və C.Hacıyevin yaxınlarının adına olan kredit kartları vasitəsilə ayrılan kreditlərin verilmə qaydaları ilə bağlı yoxlama aparıblar. Yoxlama aparılarkən kreditlərin ayrılması zamanı qanunvericiliyin pozulması halları qeydə alınıb və banka külli miqdarda ziyan vurulduğu məlum olub.

Daha sonra iclasda fasilə elan edilib. Fasilədən sonra Cahangir Hacıyevin vəkili Aqil Layıcov və İbrahim Hüseynovun vəkili Azər Tağıyev iclasda iştirak etməyiblər. Hakim onlarla bağlı Vəkillər Kollegiyasına şikayət olunacağını deyib. Proses sentyabrın 21-də davam edəcək.

Ana səhifəXəbərlərHakim Cahangir Hacıyevin vəkilindən kollegiyaya şikayət edəcək