Hakim: Bura Avropadır bəyəm?

Elçin Qasımov: ”Dövr İmam Zaman dövrüdür”

Source:


Elçin Qasımov: ”Dövr İmam Zaman dövrüdür”

“Açaq şüşələri, siz gedin təqsirləndirilənlərin yanında oturun”.

Bu sözləri hakim Mayıl Bayramov vəkilin təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətinə münasibət bildirərkən deyib.

Dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin müavini olmuş Elçin Qasımov və digər 11 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda Elçin Qasımov və Seyfəddin Şirvanovun vəkili Fariz Namazlı müdafiə etdiyi şəxslər barəsində cinayət işinə xitam verilməsi üçün vəsatət verib. O, bildirib ki, təqsirləndirilən şəxslərin əməlində heç bir cinayət tərkibi yoxdur. İstintaq orqanı onları cinayətkar dəstə kimi qələmə verib, ancaq bu düzgün deyil:

“”Müsəlman Birliyi” qeyri-hökumət təşkilatıdır. Birliyin qeydiyyata alınması üçün təsis sənədləri hazırlanıb və Ədliyyə Nazirliyinə təqdim olunub. Ancaq Ədliyyə Nazirliyinin əsassız cavabı ilə, ölkədəki bürokratik maneələrə uyğun olaraq qeydiyyata alınmasından imtina edilib və sonuncu dəfə sənədlər keçən ilin noyabrında geri qaytarılıb. Sonra da Taleh Bağırzadə həbs edildiyi üçün sənədlər nazirliyə təqdim oluna bilmədi. Qeydiyyata alınmayan təşkilatın fəaliyyəti qadağan deyil, buna görə də təşkilatın qanunsuz təşkilat olması kimi iddialar səsləndirmək absurddur. Buna görə də təşkilatın üzvü olanlar, o cümlədən təqsirləndirilən şəxslər cinayətkar fəaliyyətlə məşğul deyil. Bundan başqa, Elçin Qasımov öncə 30 gün müddətində inzibati həbs edilib, lakin sonradan Elçin Qasımova eyni əmələ görə artıq ittiham verilib, yəni cinayət işi açılıb. Bu da qanunsuzdur, belə ki qanuna əsasən eyni əmələ görə ikinci dəfə məsuliyyətə cəlb olunmaq yolverilməzdir. Ona görə də cinayət işinə xitam verilməsini istəyirik”.

Daha sonra vəkil F. Namazlı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılıb vəkillərinin yanında əyləşməsi barədə vəsatətlər verib. O, bildirib ki, əgər qətimkan tədbiri də dəyişdirilmirsə, o zaman onlar vəkillərin yanında əyləşdirilsinlər: “Azərbaycan nə qədər ki, Avropa Şurasının üzvüdür, bunu etmək olar”.

Hakim Mayıl Bayramov isə vəkilə “Bura Avropadır bəyəm?” sualını verib:

“Burada otursunlar da yəni, sizin yanınızda, hə? Əksinə mümkün deyil ki?”



“Taleh Bağırzadə və digərləri ifadə versin”

Fariz Namazlının digər bir vəsatəti isə Taleh Bağırzadə və digərlərinin şahid qismində dindirilməsi barədə olub:

“Taleh Bağırzadə və 16 nəfərin, Əbülfəz Bünyadovun, işi məhkəməyə göndəriləcək daha 12 nəfər təqsirləndirilən şəxslərin çağırılıb dindirilməsini istəyirik. Həmin şəxslər hamısı cinayətkar dəstənin üzvləri kimi qələmə verilib. Onlardan Elçin Qasımov və digərlərinə qarşı ifadələr alınıb. Gəlsinlər, həm də müəyyən olunsun ki, “banda”nın üzvlərində vəzifə bölgüsü necə müəyyənləşib, “cinayətkar dəstə”də hansı vəzifə tutub”.

Vəkilin digər vəsatəti təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınması barədə olub. O bildirib ki, 15 dekabrda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bəyanat verib və o bəyanat KİV-də dərc edilib. Orada ümumilikdə MBH cinayətkar dəstə adlandırılıb. Yazılıb ki, onlar ağır cinayət törədiblər və cəzalarını alacaqlar: “Hökm olmadan ağır cinayətdə ittiham etmək təqsirsizlik prezumpsiyası hüququnun pozuntusudur və bu pozuntunun tanınmasını istəyirik. Sadiq Gözəlov barəsində də xüsusi qərar çıxarılsın”.

Təqsirləndirilən şəxslərdən Nahid Qəhrəmanovun vəkili Bəxtiyar Hacıyev də müdafiə etdiyi şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Müşavirədən sonra məhkəmə vəsatətləri təmin etməyib.



“Bunlar duanın qabağında acizdilər”

Hakimlər müşavirədə olan zaman isə Elçin Qasımov çıxış edib. O bildirib ki, tək silahları duadır:

“Bunlar duanın qabağında acizdirlər. Hər şey yaxşı olacaq. Dövr İmam Zaman dövrüdür. Haqq-ədalət tez-gec hər bir məmləkətdə bərpa olacaq. Xoş halınıza ki, siz bu gün haqqı müdafiə edənlərin məhkəməsinə gəlmisiniz. Bizim barəmizdə zərrə qədər narahat olmayın. Narahat olun Azərbaycan xalqının barəsində. Narahat olun ac-yalavac insanların barəsində. Narahat olun dəyərləri itirmək barəsində. Şükür olsun Allaha biz yaxşıyıq. İmkan daxilində prosesin sonuna kimi burda olun ki, biz öz günahsızlığımızı sübut edək, sizdə buna şahid olasınız ”.



“Hökumət xalqı ölümə sürükləyir”

Təqsirləndirilən şəxslərdən Ramil Əliyev isə bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində haqq görməyiblər:

“Biz istəyirik ki, demokratiya olsun. Allah bunları cəzalandırır. Nardaran hadisələrindən sonra Günəşli faciəsi, prokuror Talehgilə cəza istəyəndən sonra isə qaz partlayışı baş verdi. Allah bunları ən çox istədikləri yerdən vurur”.

Təqsirləndirilən Vüsal Alış isə deyib ki, hökumət Azərbaycan xalqını ölümə sürükləyir: “Onların hamısının sonu MTN-dəkilər kimi olacaq”.

Məhkəmənin baxış iclası yanvarın 13-nə təyin edilib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin müavini Elçin Qasımov 2015-ci ilin noyabrın 5-də tutulub. O, öncə İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılaraq 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb və o, həbs edilib. Elçin Qasımov və digərlərinə qarşı Cinayət Məcəlləsinin terrorçuluq, terrorçuluğa açıq çağırışlar, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə, mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, dövlət əleyhinə yönələn açıq çağırışlar, mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, bilə-bilə saxta sənədlərdən istifadə etmə, xuliqanlıq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə ittiham irəli sürülüb.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə 2015-ci ilin noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunan 17 nəfərin məhkəməsi davam edir.

Ana səhifəXəbərlərHakim: Bura Avropadır bəyəm?