Drev Sullian: Həqiqət həmişə işıqlandırılmalıdır
“Azərbaycanlılar həqiqəti biləcəklər və heç bir bloklanma bunun qarşısını ala bilməyəcək”. Bu sözləri Meydan TV-yə açıqlamasında OCCRP-nin layihə rəhbəri Drev Sullivan deyib. Layihə rəhbəri deyib ki, “Azərbaycanın pulyuyan maşını” adlı araşdırma güclü və varlı elitanın milyardlarla dollar məbləğində gizli əməliyyatlarını göstərir:
“Bu araşdırma öz hökumətlərinin onlar üçün, yaxud onların əleyhinə işlədiyi ilə maraqlanan azərbaycanlılar üçündür. Bu araşdırmadan dərhal sonra Azərbaycanda OCCRP-nin saytını bloklanması onu göstərir ki, hakimiyyətin prioriteti öz vətəndaşlarını məlumatsız saxlamaqdır. Təəssüf ki, onların bu addımı elə də təəccüblü olmadı. Bu, artıq uzun müddətdir ki, Azərbaycanda medianın susdurulması və ifadə azadlığının məhdudlaşdırılması prosesinin bir hissəsisdir”.
Drev Sullivan deyib ki, OCCRP, onun yerli və beynəlxalq tərəfdaşları, o cümlədən dünyanın müxtəlif araşdırmaçı jurnalistləri korrupsiya və qanunsuzluqları araşdırmağa və dərc etməyə davam edəcəklər:
“Həqiqət həmişə işıqlandırılmalıdır. Azərbaycanlılar həqiqəti biləcəklər və heç bir bloklanma bunun qarşısını ala bilməyəcək”.
Azərbaycan Prezidentinin mətbuat xidməti OCCRP-nin layihəsini qərəzli adlandırıb və bu məsələdə erməni lobbisinin əli olduğunu vurğulayıb. Bundan sonra təşkilatın saytı ölkədə bloklanıb.
Rabitə Nazirliyi məsələyə münasibət bildirməkdən yayınıb.