Hafiz Babalı yazır: “And olsun qələmə”

Hafiz Babalı. Foto: Meydan TV

“AbzasMedia işi” üzrə 9 il azadlıqdan məhrum edilmiş araşdırmaçı jurnalist Hafiz Babalı Milli Mətbuatın yaranmasının 151-ci ildönümü münasibətilə 2 saylı Cəzaçəkmə Müəssisəsindən yazı göndərib.

AbzasMedia-nın dərc etdiyi yazıda o, Azərbaycanda müstəqil medianın vəziyyətindən, jurnalistlərə qarşı təzyiq və həbslərdən, media qurumlarının susdurulmasından, eləcə də özünün jurnalist peşəsinə münasibətindən bəhs edib.

Yazını olduğu kimi təqdim edirik:

“Rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya axınında kütlələrə ənənəvi məlumat təminatı mənbələrinin (qəzet, telüviziya və s.) yerini onlayn platformalara (internet xəbər saytları, sosial şəbəkələr və s.) güzəşt etməsi ilə nəticələndi. 2005-ci ildə “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun indiyədək üstü bağlı saxlanılan siyasi qətlindən sonra azad mətbuat sövq-təbii özünüsenzuraya məcbur duruma düşmüş, bir çox müstəqil informasiya resurslarına ölkə daxilində girişə məhkəmə qərarı (oxu: hakimiyyətin əmri) ilə məhdudiyyət qoyulmuş, bir neçə tanınmış jurnalist və bloger qondarma ittihamlarla həbs həyatı yaşamış, yaxud mühacirət etmişdir. Belə bir şəraitdə “cücərən” əsasən yeni nəsil jurnalist və reportyorları öz ətrafında birləşdirən, sosial şəbəkələrdə geniş auditoriya toplamış “AbzasMedia”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil informasiya yayımı mənbələri cəmiyyətdə nüfuzunu artırmaqla hökumətin və onun proksilərinin saxta təbliğat maşınına özünün operativ və obyektiv xəbər, reportaj və təhqiqat ilə ciddi rəqibə çevrildi.

Lakin bu gənc xəbər platformalarının bir zəif tərəfi vardı: milli qanunvericilik yerli medianın xarici mənbələr hesabına maliyyələşdirilməsini qadağan edirdi və reklam bazarının tam inhisara alındığı bir mühitdə bu amil onların başı üzərində “Domokl qılıncı” kimi asılı idi. Konservativ xarakterli “Media haqqında” Qanunun qəbulundan sonra bu qılıncın “ipinin kəsilməsi” təhlükəsi daha da ciddiləşmişdi. Nəhayət, 2023-cü  ilin payızında bəlli siyasi mərkəzdən “düymə basıldı” və “‘Abzas’dan başla” göstərişi verildi. Beləliklə, valyuta qaçaqmalçılığı, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma, saxta sənəd hazırlama və ondan istifadə etmək kimi qurama ittihamlarla onlarca mətbuat nümayəndəsi və media qurumu meneceri həbs olundu. Cəmiyyətə həqiqətləri çatdıran jurnalistləri “mütəşəkkil cinayətkar dəstə” adlandıran və onları uzunmüddətli həbsə məhkum edən hakimiyyət öz vicdanına dünyanın hər yerindən görünən “qara damğa” vurmuş oldu.

Azad mətbuata, söz və ifadə azadlığına qarşı son və sarsıdıcı “səlib yürüşü”nə beynəlxalq ictimai fikrin (insan hüquqları və mətbuat azadlığı təşkilatları, Avropanın siyasi institutları) kəskin etiraz reaksiyası fonunda Azərbaycanın jurnalist təşkilatlarının (Mətbuat Şurası, Azərbaycan Jurnalistlər Birliyi) susqun mövqeyi yalnız acı təəssüf doğurur. Milli mətbuatın yaradılmasının 151-ci ildönümündə Azərbaycanda hakimiyyətdən, onun “pul kisəsindən” asılı olmayan bir ədəd də olsun media orqanı: qəzet, televiziya, radio, internet saytı, onlayn platforma mövcud deyildir. Bir vaxtlar özlərini “media kapitanları” adlandıranlar indi rejimin propaqanda alətinə çevrildiklərinin fərqində belə deyillər. Belə bir acınacaqlı şəraitdə və mühitdə “Əkinçi” qəzetinin quruluşunun qeyd edilməsi riyakarlıqdan başqa bir şey deyildir. Yüz əlli il əvvəl çar senzurasının qurbanı olmuş milli mətbuatın qaranquşunun xələfləri indi daha sərt senzuraya məhkumdur. Lakin Rusiyada çar mütləqiyyətini açıq tənqid edən “Peterburqdan Moskvaya səyahət” əsərini qələmə aldığına görə 1790-cı ildə II Yekaterinanın əmri ilə həbs edilən Aleksandr Nikolayeviç Radişevin yazdığı kimi, “düşüncə və fikirlərin təqibi nəinki onları məhv etmək gücündədir, əksinə, onları rişələndirir və yayır”.

İslamın müqəddəs kitabı Quranda ayələrdən biri “And olsun qələmə!”dir. Qanunsuz həbsimdən iki il yarım keçir və hər ötən gün özümə təskinlik verirəm ki, otuz illik jurnalist fəaliyyətimdə qələmə, mənə çörək, ruzi, həm də şərəf qazandıran peşəmə xəyanət etməmişəm: qələmi uca tutmuş, həmişə doğru bildiklərimi yazmış, kiminsə sifarişi ilə işləməmiş, həqiqətlərə işıq salmış, araşdırmaçı-jurnalist kimi korrupsioner parazitləri öz imzamla, üzlərinə dik baxaraq, qorxmadan ifşa etmişəm. Hüquqa zidd heç bir əmələ yol vermədiyim halda doqquz il müddətinə həbs cəzasına məhkum edilməyimi bu kontekstdə rüşvayçı “qisas əməliyyatı” kimi qiymətləndirir və səbr edirəm. Zaman hər şeyi yoluna qoyacaq və bir gün həqiqət parlayacaqdır!”.

Hafiz Babalı,

2 saylı Cəzaçəkmə Müəssisəsi

Ana səhifəHəbsxanadan məktublarHafiz Babalı yazır: “And olsun qələmə”