Lənkəranda deputat Hadı Rəcəblinin məşhur bir oteli var. Bu il may ayında ora istirahətə getmişdim. Dənizin sahilində, yaşıllıqlarla dolu bu məkan xoşuma gəldi. Ancaq ordakı infrastruktur istifadə etdiyim əlil arabasına uyğun deyildi. On gün ərzində dənizin sahilində dayanıb, dalğaların səsini dinləməkdən böyük zövq aldım. Yaşıllıqlar gözümü, könlümü oxşadı.
Etdiyim istirahətdən və ya təbiətdən yazmaq niyyətim yoxdur. Mən Hadı Rəcəbli ilə aramızda keçən söhbəti nəql edəcəyəm.
Günorta yeməyindən sonra otelin ərazisində gəzişməyə çıxmışdım. Sonra özümə sərin bir yer tapıb, ağacların kölgəliyində evdən gətirdiyim kitabı oxumağa başladım. Təbiət qoynunda, sərin mehin gətirdiyi cürbəcür ağacların ətrini duyaraq mütaliə etmək çox ləzzətli hissdir. Bir az sonra restorana yaxın ərazidə Hadı Rəcəblini gördüm. Səhərçağı da onunla rastlaşmışdım. Məndən istirahətimin necə getdiyini soruşmuşdu. İkimiz də bir-birimizi yola vermişdik. Şikayət etməmişdim. Bilirdim ki, digər narazılıqlara gələn reaksiyanı alacam.
Çünki buna oxşar halları görmüşdüm.
Hadı Rəcəbli ilə ilk dəfə bir layihə çərçivəsində Milli Məclisin özündə görüşmüşdük. Bir saatdan çox çəkən həmin görüşdə bir neçə digər deputat da iştirak etmişdi. Bax, onda mikrofon əlimə keçəndə əlillik sahəsinə aid vacib boşluqlar barədə onlara öz narazılığımı bildirmişdim. Heç şübhəsiz, orada da məni yola vermişdilər. Hətta liftlə aşağı düşəndə Hadı Rəcəbli əlini çiynimə qoyub demişdi: “Orxan, hər şey yaxşı olacaq!” Soruşdum ki, nə vaxt e, Hadı müəllim. Cavab verdi ki, “inşallah, darıxma”.
Mən kiminsə inancına qarşı deyiləm, sadəcə bir şeyi dəqiq bilirəm ki, dövlət məmurları onlara ünvanlanan suallara “inşallah” ifadəsi ilə cavab verməməlidilər. İnşallah, ərəb dilindən tərcümədə “Allah istəyərsə” mənasını verir. Bu isə qeyri-müəyyən bir şeydir. Dövlət məmuru prinsipial məsələlərə, əsas da öhdəlik daşıdığı sahədəki dəyişikliklər barədə suallara “inşallah” ifadəsi ilə cavab verməməlidilər. Bu heç diplomatik etikaya yaraşan söz deyil. Mənim etirazım “inşallah” kəlməsinə deyil, məhz yola vermək niyyəti ilə işlədilən konkretlikdən uzaq bütün terminlərədir.
Nə isə… Hadı Rəcəbli ofisantlara işarə etdi ki, mən oturduğum həmin sərin yerdə onun üçün süfrə qursunlar. Ofisantlar stol-stul gətirdi. Süfrəni hazırladılar və bir-bir yeməkləri gətirməyə başladılar.
Hadı müəllim oturdu, yerini rahatladı, yenə də əhvalımı soruşdu. Dilxoşluq etdim və başımı aşağı salıb, mütaliəmə qaldığım yerdən davam etdim. Sonra bilmirəm ya otelin müdiri, ya müdir müavini (onun vəzifəsini dəqiq bilmirəm) olan orta yaşlı kişi mənə yaxınlaşdı və dedi ki, “sən heç buraları gəzmisən?! Gəl, gedək səni aparım bir az gəzək”.
Həmin şəxsin başqa vaxt adama güclə salam verdiyi halda indi birdən-birə belə davranışı, əlbəttə, səmimi gəlmədi. Həyasız şəkildə arabamın yuxarı qollarından yapışıb məni ordan kənarlaşdırmağa çalışdı ki, guya birdən Hadı Rəcəblinin nahar etməyinə mane olaram.
Etiraz elədim. Çünki dolaşmaq, gəzmək istəmirdim. Ona səsimi qaldırdım ki, məni rahat buraxsın. Hadı Rəcəbli dedi ki, əl çəksin məndən. O da rədd olub getdi.
Hadı müəllim mənə onunla birgə nahar etməyi təklif etdi. Ona artıq yediyimi, tox olduğumu söylədim və “nuş olsun, təşəkkür edirəm”,- deyib, kitabımı oxumağa davam etdim.
Ürəyimdən Hadı Rəcəbliyə çox şey demək keçsə də, susmağa qərar verdim. Bura istirahət etməyə gəlmişdim. Kefimi pozmaq, yola verilmək istəmirdim. Adama öz işi barədə xəbər vermək, öhdəliklərini xatırlatmaq üçün heç də ideal məkan və məqam deyildi.
Fikirimi Jan-Kristof Qranjenin möhtəşəm romanı “Qara yol”a cəmləmişdim.
Bir az sonra Hadı müəllim özü məni söhbətə tutdu. Əvvəlcə kitabıma nəzər saldı, ancaq nə oxuduğumu soruşmadı. Elə birbaşa dedi ki, otelin kitabxanasında onun həyatından bəhs edən kitab var imiş və mən onu mütləq oxumalıyammış.
Onda anladım ki, Hadı Rəcəbli özü kitab yazsa da, kitabsevər şəxs deyil.
Səmimi kitabsevər şəxs belə məqamda mütləq qarşısındakının nə oxuduğu ilə maraqlanardı. O, isə heç yalandan da soruşmadı ki, nə oxuyuram.
Sonra hazırda nə işlə məşğul olduğumu soruşdu. Cavab verdim ki, İqtisad Universitetinin sonuncu kursundayam və dövlət imtahanı verməyə hazırlaşıram.
Elə-bil bayaqdan belə cavab gözləyirdi. Başladı öz təhsilindən danışmağa. Ardınca iş həyatından məlumatlar verdi. Uzun –uzadı danışandan sonra necəsə oldu, sosial siyasətdən danışarkən, Polşadan nümunə çəkdi. Mən də qeyd elədim ki, Polşada olarkən özüm həmin sosial inkişafı və əlilliyi olan insanlar üçün yaradılmış əlverişli infrastrukturu əyani şəkildə görmüşəm.
Həmin vaxt yanımızdan bağban keçirdi. Hadı müəllim süni gülüşlə ona baxıb, əli ilə məni işarə edərək bağbana dedi ki, “yemək yeməyi təklif etmişəm, ancaq tox olduğunu deyir, yemir”.
Bağban axı ondan heç nə soruşmamışdı və elə cənab Rəcəblinin bu fikirinə də heç bir reaksiya vermədi. Həmin vaxt bağbanın üzünə diqqətlə baxdım. Sanki dünyanın bütün kədəri onun üzündə cəmləşmişdi.
Sonradan öyrəndim ki, burdakı işçilər olduqca aşağı maaş alırlar.
Hadı müəllim iştahla yemək yeyərək, öz söhbətinə davam elədi. O dedi ki, uşaqlığı çox ağır keçib. Çox kasıbçılıq və səfalət içində keçən uşaqlığından bəhs edərkən, onun üzündəki qəzəbi və xiffəti sezdim. Hiss olunurdu ki, adamın ağır uşaqlığı olub.
Əmin oldum ki, insan sonradan var-dövlətə sahib olanda həmin var-dövlətdən bərk-bərk yapışır və onu həyatının mərkəzinə çevirir.
Anam danışır ki, babam həmişə nənəmə deyirmiş: “Bu uşaqlara yeyib-içməyi, palı-paltarı bolluca göstərmək və vermək lazımdır ki, onların gözü gələcəkdə də tox olsun”. Bəli, belə olmayanda adam görməmiş olur. Həmin kəslər də eqoistcəsinə ancaq özünü düşünür, çapıb-talayır və harınlamış şəxsə çevirilirlər.
Hadı müəllimə sual verdim ki, nə üçün ölkəmizdə bu qədər resurs olduğu halda əlillik sahəsi və sosial inkişafın səviyyəsi bu qədər aşağıdır. İnanın, adam etiraf elədi ki, sosial siyasətdəki sistemimiz xarabdır. Bu cavab onun ən dürüst etirafı idi. Ondan sonra heç bir sual vermədim. Həmin cavab məni “qane” elədi.
Yeməkdən sonra Hadı müəllim ayağa durdu, mənə əl uzatdı, görüşdü və bir neçə şablon duadan sonra dedi: “Orxan, bu həyatda hər kəs fərqli həyat tərzinə malikdir. Heç kəs bərabər formada ola bilməz”.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.