Yanvarın 29-da Hacıqabul rayonunun Talış kəndində aksiya keçirilib. Sosial şəbəkələrdə aksiyanın videogörüntüləri yayımlanıb. Məlumata görə, Kür Su Kəmərlərində işləyən şəxslər əmək haqlarının verilməməsinə etiraz ediblər. İşçilərdən biri deyib ki, onların maaşlarını artırmaq əvəzinə daha da azaldıblar: “Belə də iş olar? Bu, hökumətə qarşı təxtibatdır. Mən haqqımı istəyirəm”.
Digər bir etirazçı isə deyir ki, onun məvacibindən 100 manat kəsilib: “Əgər hökumət qərar veribsə ki, maaşlardan 2-3 faiz kəsilməlidir, onda hamının pulundan kəsilsin. Niyə ancaq mənim maaşımdan kəsilir?”
Aksiya iştirakçıları deyirlər ki, bir ayda iki dəfə maaş cədvəli tutulub: “Birində 175, digərində 143 manat yazırlar. Hamısı saxtadır. Aldadırlar bizi”.
Aksiya iştirakçıları tələblərini irəli sürdükdən sonra dağılışıblar. Aksiyaya polis müdaxiləsi olmayıb.