“Cəmi 3-4 ailəyə kompensasiya alıb, qalanları pullarını ala bilmir”
”Nardaran qəsəbəsində yol cəkilməsi üçün qazıntı işləri gedir, amma yeni yolların açılması haqda deyilənlər doğru deyil”,- deyə Nardaran ağsaqqallarından Hacıağa Nuri ”Turan IA”-a bildirib.
Onun sözlərinə görə, Bilgəh tərəfdən, “Ovdan” deyilən ərazidən Nardarandakı “İmam Hüseyn” meydanına qədər yol çəkilib, qalan yollarda ancaq qazıntı işləri gedir. Kommunikasiya, qaz, işıq, su xətləri işlənilir.
H.Nuri yol çəkilən ərazilərdə əhalinin problem yaşadığını da deyib. “Həmin yolda həyəti, əmlakı, evi yol çəkilişilə bağlı uçurulan şəxslər var, cəmi 3-4 ailəyə kompensasiya alıb, qalanları pullarını ala bilmir, kimi deyir “Azərservis” gecikdirir, kimi deyir hansısa bank yubadır, belə sözlərlə camaatın pulu hələ ki verilmir”, – H.Nuri duruma aydınlıq gətirib.
H.Nuri kəndin ətrafından postların götürüldüyünü, “Ovdan” tərəfdə, bir də kənddəki “Əbəlfəzl meydanı” yaxınlığında post qaldığı bildirilib. “Kənddə yol çəkilişilə bağlı avtobus kəndin içinə girə bilmir, amma insanlar avtomobillərilə bağlara rahat gedə bilirlər, “Nardaran Pir”inə getmək məsələsində də problem yoxdur. Amma kənd əhalisi olaraq ölkənin yüksək vəzifəli şəxslərinin kəndə gəlişini gözləyirik ki, gəlsinlər problemlərimizi deyək”, – H.Nuri qeyd edib. O, kənddə son vaxtlar həbslərin aparılmadığını da nəzərə çatdırıb.
2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib. Bu əməliyyatda 2-si polis 5-i mülki vətəndaş olmaqla 7 nəfər həlak olub. 68 nəfər müxətlif cinayətlərdə ititham edilərək həbsə alınıb. Bundan sonra kəndin ətraf və girişində post-bloklar qurulub.
Daha sonra dövlət başçısı Nardaranda abadlıq işlərinin aparılması üçün 12 milyon manat vəsait ayırıb.