Hacı Nuran və dövlət qayğısından məhrum qalan sənətçilər

Xəstəlikdən əziyyət çəkən aktyorların çoxu kömək ala bilmədiklərini deyirlər

Source:
Anar Ələkbərov, Hacı Nuran, Leyla Əliyeva
Anar Ələkbərov, Hacı Nuran, Leyla Əliyeva


Xəstəlikdən əziyyət çəkən aktyorların çoxu kömək ala bilmədiklərini deyirlər

“Bu ölkədə sənətdən kimsə danışırsa, onun başında problem var. Kimlərsə dövlətdən nəsə gözləyir və ona elə gəlir ki, sənətlə məşğul olur. Sənət üçün birinci növbədə gərək yaradıcı atmosfer olsun”.

Bu fikirləri bir neçə il öncə müsahibəsində Akademik Milli Dram Teatrından rol davasına görə böyük qalmaqalla uzaqlaşdırılan aktyor Hikmət Rəhimov səsləndirmişdi. İnternetdə kiçik bir axtarış etsəniz, əksər sənət adamlarının, aktyorların çoxlu sayda bu tip şikayətlərinə rast gəlmək mümkündür. Kimisi mətbuatda açıq-aşkar giley-güzar edir, “sənətə, sənət adamına dəyər verən yoxdur” – deyir, kimisi də ürəyini səhnə kluarlarında dosta-tanışa boşaltmaqla kifayətlənir.

Bütün bu narazılıqlar sənət aləmində durumun sözün əsl mənasında, acınacaqlı olmasından xəbər verir. Axı nəyə görə Azərbaycan incəsənətinə xidmət edən, sənətə canını qoyan insanları belə urvatsız tuturlar? Hansı səbəbə onları bir qarın çörəklə sınağa çəkirlər? Efirlərdə isə bayağı müğənnilər və şit zarafatları ilə tamaşaçının gözünü yağır edən “aktyorlar” “at oynadır”.

Fuad Poladov müalicəsi üçün heç kimə ağız açmadı

Qırtlaq xərçəngindən əziyyət çəkən xalq artisti Fuad Poladov ölümündən əvvəl həyat yoldaşı Gülüstan xanıma vəsiyyətində “birdən gəlib, sənin “saqqızını oğurlayarlar”, kiməsə əl açarsan, kimsə nəsə verə bilər, yollayar, bax ha, məzarımda tərs dönərəm, halal eləmərəm heç nəyi” – deyib.

Əslində, Fuad Poladovu səhnədən, sənətdən soyutmuşdular. İş o yerə çatmışdı ki, əsl sənətkar mövqeyi ilə hər zaman seçilən aktyor intirqalar ucbatından 2016-cı ildə Akademik Milli Dram Teatrından ərizəsini yazaraq uzaqlaşmışdı. Xərçəng xəstəliyinə tutulandan sonra isə heç kimdən heç nə ummadan müalicəsini özü davam etdirmişdi. Hətta onunla bir neçə dəfə söhbətimiz zamanı dərmanlarının çox baha olduğunu, onları özü xaricdən gətirdiyini bildirmişdi.

Hacı Nuran və digərləri

Ağciyər xərçəngindən illərdir Almaniyada müalicə olunan teleaparıcı Hacı Nuranın (Hüseynov) bugünlərdə vəziyyəti yenidən pisləşdiyi xəbəri yayıldı. Sonra onun Bakıda yerləşən, adını bir neçə dəfə dəyişən “Ege hospital”da yerləşdirildiyi görüntüləri sosial şəbəkələri bürüdü. Teleaparıcı gözünü açmamış yerli şou-biznesdə “məmə deyəndən, pəpə yeyənə” qədər hamı ona baş çəkməyə tələsdi. Hətta Hacı Nuranın ziyarətinə poni də gətirildi. Sosial şəbəkələrdə yayılan videoda poninin palatanı batırdığını da görmək mümkündür.

Səhiyyə Nazirliyindən Meydan TV-yə bildiriblər ki, hansısa bir heyvanın tibb müəssisəsinə gətirilməsi, gigiyenik-sanitar qaydalara uyğun deyil, hətta qəbulolunmazdır:

“Lakin nazirlik özəl tibb müəssisələrinin müalicə, qiymət və sair məsələlərinə nəzarət etmir. Sahibkar maraqlı olmalıdır ki, onun müəssisəsində bütün qayda-qanunlara riayət edilsin. Təbii ki, bizim bu məsələyə mövqeyimiz mənfidir. Çünki xəstəxanada hər şey steril olmalıdır. Sanitar-gigiyenik qaydalara riayət edilməlidir ki, vətəndaşlar hansısa xəstəliyə, yaxud virusa yoluxmasınlar”.

Dolayısı ilə, Səhiyyə Nazirliyi bu kimi hallara sözügedən hospitalın cavabdehlik daşıdığını bildirir. Amma deyilənə görə, bu şounun kökündə Hacı Nuranın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə dostluğu dayanır. Teleaparıcının bütün tibbi xərclərini Heydər Əliyev Fondu qarşılayır. Halbuki, əksər tanınmış sənət adamları maddi imkansızlıq ucbatından xəstəxana qapılarına belə yaxınlaşa bilmirlər.

Məsələn, süd vəzisi xərçəngindən əziyyət çəkən əməkdar artist, Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarova nəm çəkən, yarıqaranlıq qarajda xəstəliklə çarpışaraq, 47 yaşında vəfat etdi. Onun ölümündən sonra yeganə qız övladına azərbaycanlı iş adamı mənzil bağışlayıb.

X.Qafarova ilə eyni teatrda çalışan əməkdar artist Gülnar Salmanova da 2015-ci ildə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən həyatını itirib. Diqqət və qayğıdan kənar dünyadan köçən aktrisanın ölümü çox acınacaqlı olub.

Aktrisanın ev arzusu

İllərdir ev arzusu ilə yaşayan xalq artisti Nuriyyə Əhmədova isə 65 yaşında xəstəxanada ölüb. İki övladını faciəvi şəkildə itirən aktrisa qohumlarının və rəfiqəsi, əməkdar artist Nahidə Orucovanın evində gecələyirmiş. Kəskin ürək ağrısından dünyadan köçən aktrisanın məzar daşını isə iş adamı düzəltdirib. N.Əhmədovanın oğul nəvəsinin aqibəti bəlli deyil.

Mərhum Nuriyyə Əhdəmovadan fərqli olaraq, xalq artisti, müğənni Aygün Kazımova illər öncə ölkə başçısı İlham Əliyev tərəfindən ona verilən üçotqalı mənzilini geyim qarderobu kimi istifadə edir. O, bu barədə mətbuata müsahibəsində deyib.

Mədəniyyət Nazirliyi isə iradlarla razılaşmır. Nazirliyin sözçüsü İntiqam Hümbərov Meydan TV-yə açıqlamasında bildirib ki, mədəniyyət xadimləri daima dövlət qayğısı ilə əhatə olunurlar: “Həm ölkə başçısı, həm Birinci vitse-prezident Mehriban Əliyeva, eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən sənət adamlarına dövlət səviyyəsində qayğı göstərilir. Tək Mədəniyyət Nazirliyi deyil, digər qurumlar, həmçinin Səhiyyə Nazirliyi də lazımi köməklik göstəriblər. Azərbaycan dünyanın az ölkələrindəndir ki, mədəniyyət xadimlərinə yüksək qayğı və diqqət göstərilir”.

Ana səhifəXəbərlərHacı Nuran və dövlət qayğısından məhrum qalan sənətçilər