ÜST pandemiyanın bitdiyini elan etsə də, Azərbaycan hələ də Gürcüstanla quru sərhədlərini bağlı saxlayır. Rəsmi Bakı bunun səbəbini “təhlükəsizlik məsələləri” ilə izah edir. Lakin Gürcüstanda yaşayan azərbaycanlı hüquq müdafiəçisi Samirə Bayramovanın paylaşdığı video suallar doğurub — görüntülərdə Rusiya nömrəli üç avtomobilin Gürcüstandan Azərbaycan istiqamətinə keçdiyi əks olunub.
Sərhəd yaxınlığında fəaliyyət göstərən taksi sürücüləri bildirirlər ki, belə hallar vaxtaşırı baş verir. Onların sözlərinə görə, gürcü polisi əvvəlcə Azərbaycan tərəfi ilə əlaqə saxlayır və yalnız razılıq alındıqdan sonra avtomobillərin keçidinə icazə verilir. Sürücülər sərhədlərin uzun müddət bağlı qalmasının onların gəlirlərinə ciddi təsir etdiyini deyirlər.
Araşdırmamız göstərir ki, Azərbaycan hökuməti müəyyən hallarda seçilmiş şəxslərə quru keçid imkanı yaradır. Məsələn, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə Gürcüstanda yaşayan azərbaycanlılar Qarabağda keçirilən tədbirlərə quru yolla gedib. Həmçinin ADA Universitetinin Qazax filialında oxuyan gürcüstanlı tələbələr də səfirlikdən verilən xüsusi kod vasitəsilə sərhədi keçiblər.
Bununla belə, minlərlə vətəndaş öz ölkəsinə qayıtmaq üçün bu imkandan yararlana bilmir. Gürcüstanla sərhəd kəndlərində yaşayan insanlar bildirirlər ki, ailə üzvləri və qohumları iki tərəfdə qalıb, lakin sərhəd keçid qaydaları onları ayırıb.
2024-cü il mayın 14-də Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Gürcüstandan Azərbaycana keçməyə cəhd edən 36 nəfər – o cümlədən 24 uşaq saxlanılıb. Bildirilir ki, onların çoxu təyyarə bileti almağa imkanı olmadığından quru sərhədi keçməyə çalışıb.
Hüquqşünaslar hesab edir ki, sərhədlərin bu şəkildə bağlı qalması vətəndaşların hərəkət azadlığını məhdudlaşdırır və məsələ Konstitusiya Məhkəməsində müzakirə oluna bilər.