Hüquqşünas: “Sərhəddə saxlanılanlar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər”

Foto: DSX

Deputat: “Gürcüstan azərbaycanlılarının ölkəyə daxil olmaları ilə bağlı güzəştlər tətbiq edilməlidir”

Mayın 14-də Dövlət Sərhəd Xidmətinin “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq), ümumilikdə isə 36 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, onlar Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

DSX fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirildiyini vurğulasa da, əlavə məlumat verməyib.

Güman olunur ki, saxlanılan vətəndaşların təyyarə ilə qayıtmağa pulları olmadığından, quru yolla sərhədi keçməyə cəhd ediblər.

Belə olduqda onlara qarşı cinayət işi açıla bilərmi sualı aktuallıq kəsb edir.

Hüquqşünas Xalid Bağırov Meydan TV-yə şərhində deyib ki, Cinayət Məcəlləsinin 318-ci maddəsinə görə sərhədi qanunsuz, yəni nəzarət buraxılış məntəqəsindən kənar keçmək cinayət əməli kimi qiymətləndirilir:

Xalid Bağırov
Hüquqşünas Xalid Bağırov

“Həmin adamların əməlində Cinayət Məcəlləsinin 318-ci maddəsinin formal əlamətləri var. Lakin Cinayət Məcəlləsinin 14.2-ci maddəsi də deyir ki, hər hansı cinayət əməlinin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl cinayət hesab edilmir. Burada sual yaranır: bu adamların vurduqları zərər nədən ibarətdir?”.

Əməllərinin ictimai təhlükəli nəticəsi nədən ibarətdir? Yəqin, hökumət iddia etməz ki, siz ölkəyə təyyarə ilə gəlməliydiniz, bilet almalıydınız, almamısınız bizə zərər vurmusunuz. Nəzərə alın ki, Azərbaycan vətəndaşının Azərbaycana dönmək, öz ölkəsində olmaq ən təbii haqlarından biridir. Konstitusiyanın 28-ci maddəsi ilə təmin olunub. Əgər bu şəxslərin əməlləri yalnız bundan ibarətdirsə, belə olan halda adamların cinayət məsuliyyətinə cəlb edilməsi problemlidir”, – deyə məlumatda vurğulanıb.

Xalid Bağırov bildirib ki, ölkəyə qayıdan vətəndaşın sərhəddən buraxılmaması qanunsuzdur:

“Hökumət səni ölkədən buraxmaya bilər, amma ölkəyə qayıdanda ölkəyə girişinə məhdudlaşdıra, buraxmaya bilməz. Çünki insanın ölkəsində yaşamaq haqqı var. Bəli, həmin adamlar qaydaları pozublar. Amma onların hərəkətinin zahiri əlamətlərində cinayətin elementləri olsa da, ictimai təhükəlilik yoxdur. Hesab edirəm ki, bu işlə məşğul olan şəxslər bu məsələni Konstitusiya Məhkəməsinə qədər aparmağa çalışmalıdırlar”.

Milli Məclisin komitə sədri Fazil Mustafa da məsələ ilə bağlı “Pravda.az”a danışıb.

O deyib ki, Gürcüstan azərbaycanlılarının ölkəyə daxil olmaları ilə bağlı məsələlərdə müəyyən güzəştlər tətbiq edilməlidir:

Deputat Fazil Mustafa
Foto: Meydan TV

“Uzun müddətdir, quru sərhədlər bağlıdır. Amma fərdi qaydada insanların Azərbaycana gəlib-getmələrində, məncə, problem olmamalıdır. Bu istiqamətdə yumşaldıcı addımlar atılmalıdır. Çünki Gürcüstandakı soydaşlarımızın da hamısının Bakı – Azərbaycanla ciddi əlaqələri var. Qohumları, yaxınları buradadır. Yas var, toy var”.

Buna görə də soydaşlarımızın sərhədi pozmağa cəhd kimi məcburi addıma baş vurmaları arzuolunan deyil. Bu məsələ elə qaydada tənzimlənməlidir ki, insanlar belə metodlara əl atıb qanun pozuntusuna yol verməsinlər. Ən azından normal şəkildə sərhədi keçə bilsinlər”, – deyə deputat vurğulayıb.

Ana səhifəSiyasətHüquqşünas: “Sərhəddə saxlanılanlar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər”