Gürcüstanın Baş naziri  Avropa İttifaqına üzvlük üçün müraciət imzalayıb

Source: 1 noyabr 2020-ci il Gürcüstanda parlament seçkilərindən sonra. Tbilisi

“Bu mərhələ tariximizdə yeni səhifə açır”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciətini imzalayıb.

O, bu barədə Gürcüstan vətəndaşlarına müraciətində bildirib və “Facebook” səhifəsindən açdığı canlı yayımda üzvlük müraciətini imzalayıb.

Baş nazir bildirib ki, bu, Gürcüstan üçün tarixi hadisə, gün isə tarixi gündür:

“Mən dövlət adından Aİ-yə üzvlük müraciətini imzalayıram. Aİ-yə üzvlük müraciəti Gürcüstanın Avropaya inteqrasiyası yolunda daha bir vacib mərhələdir. Bu mərhələ tariximizdə yeni səhifə açır”.

Gürcüstan Aİ-yə üzvlüklə bağlı rəsmi müraciəti 2024-cü ildə etməyi planlaşdırırdı. Dünyada dəyişən vəziyyətdən dolayı bu işi sürətləndirmək qərarı verib.

Hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqına üzvlük üçün dərhal müraciət edəcəklər.

Avropa Birliyinə üzvlüyün qəbulu ilə bağlı qərar həmən verilmir. Bir çox halda bu proses illər çəkir. Avropa İttifaqı müraciət edən ölkədəki iqtisadi sabitlik, korrupsiyanın səviyyəsi, insan haqlarına hörmət kimi faktorları araşdırır, sonra qərar verir.

Eyni zamanda yeni üzvlərin qəbulu üçün 27 üzvün hamısının razılığı mütləqdir.

Ukrayna da Avropa İttifaqına üzvlüklə bağlı müraciətini tezləşdirmək qərarı verib.

Martın 2-də Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığında Kiyev “Ukraynanın Aİ-yə üzvlüyü barədə müsbət siqnallar gözləyir”, – deyib.

Hər iki ölkə Aİ ilə “iqtisadi inteqrasiya və siyasi yaxınlaşma” və azad ticarətlə bağlı assosiasiya razılaşmaları imzalayıb. Bu da yekunda üzvlüyə açılan qapıdır.

Ana səhifəDünyaGürcüstanın Baş naziri  Avropa İttifaqına üzvlük üçün müraciət imzalayıb