Gürcüstanda siyasi kimlik məsələsi

“Bizi ancaq dil birləşdirə bilər”

Source:

Postsovet ölkələrinin bir çox problemləri mövcuddur, lakin bir problem – milli identifikasiya demək olar ki, onların hamısında özünü eyni yöndə büruzə verir – məhz etnik kimliyin siyasi kimlik üzərində dominantasına gətirən yöndə.

Dünyanın siyasi xəritəsində cəmi 24 il öncə yer almış bu yeni dövlətlərin hər biri özünün milli identifikasiya sahəsində çatışmazlıq hissini mümkün qədər ört-basdır etmək üçün bəzən (çox zaman mövcud olmayan) “qədim” keçmişlərə, bəzən isə romantizmin tüğyan etdiyi XIX əsrə üz tutmuşdu.

Məsələn, postsovet ölkələri üçün keçmiş metropoliya, hazırkı Rusiya Federasiyasında bu istiqamətdə çox uzun müddət iş getdi, bir dövrdə hətta qarf Uvarovun 180 ildən çox  öncə, yəni hələ XIX əsrdə formalaşdırdığı məşhur “Православие, Самодержавие, Народность” (Ortodoks dini, Mütləqiyyət və Xalqçılıq) triadasına belə müraciət edildi. Lakin istənilən halda çağdaş zamanda, XXI əsr Rusiyasında bu triadanın heç cür funksional olmaması üzə çıxdı. Çünki qraf Uvarovun bu sözləri hazırda heç bir əhəmiyyət kəsb etmirdi və bütün Rusiya əhalisi üçün milli identifikasiya orientiri ola bilməzdi. Orada bu orientasiya üçün müasir ideoloqlar, Dugindən başlamış Eduard Limonova kimi, knyaz Trubetskoy, Petr Suvçinski və Lev Qumilyovun bütün kontinenti əhatə edəcək “Евразийство” (Avrasiyaçılıq) konsepsiyasına müraciət etdilər. Nəticədə “русский мир” (rus dünyası) adlı iyrənc ideologema, ruslara istənilən mənada ən yaxın xalq olan ukraynalılara ərazi iddiaları və nəhayət, minlərlə insanın məhv edildiyi müharibəyə gətirdi.

Yeri gəlmiş, Azərbaycanda da buna bənzər bir triada mövcud idi. Keçən əsrin əvvəlində ədib, filosof və ədəbiyyat tənqidçisi, Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olmuş böyük ictimai-siyasi xadim Əli bəy Hüseynzadə, Azərbaycan dövlətinin yaranması və onun vətəndaşları üçün universal olacağını düşünərək, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” tezisini azərbaycançılıq şəklində formulə etmişdi. Əlbəttə, müasir Azərbaycanda da bu triadanın faktiki iflasa uğradığını qeyd etsək, yanlış olmaz.

Bəs Gürcüstanda milli identifikasiya məsələsi üçün hara müraciət edilə bilərdi? Ölkənin ilk prezidenti Zviad Qamsaxurdiyanın zamanında “საქართველო ჩვენია!” (Gürcüstan bizimdir!) şüarı ilə bu məsələnin çox “asan” yoluna əl atıldı. Əslində bu şüar Gürcüstan adlanın ölkənin yalnız etnik gürcülərə aid olmasını özündə ehtiva edirdi və etnik yox, siyasi kimliyi gürcü olanlar üçün universal ola bilməzdi. Təbii ki, bu ideologema da sonda fəlakətlə, Gürcüstan üçün çox ağır nəticələrə gətirən vətəndaş müharibəsi ilə bitdi.

Bəlkə milli identifikasiyanın universal dəyərləndirilməsi üçün əvvəldə deyildiyi kimi daha öncəyə, romantik XIX əsrin ideyalarına diqqət yetirmək gərəkdir? Böyük gürcü şairi, yazıçısı, ictimai xadimi, knyaz İlya Çavçavadzenin portretini dünya “5 days of war” (Müharibənin 5 günü) filmində, prezident Saakaşvilinin kabinetində gördü. Prezident o zaman həqiqətən də böyük lütfkarlıqla öz real kabinetini filmin yaradıcılarına və onun rolunu ifa edəcək aktyor Andres García üçün bir neçə günlük ərməğan etmişdi.

Yaxşı bəs niyə məhz knyaz Çavçavadze? Gürcüstanın Şota Rustavelidən başlayaraq, elə keçmiş prezidentin atası, yazıçı Konstantin Qamsaxurdiyaya, lap elə dünyaca məşhur filisof Merab Mamardaşviliyə kimi böyük ictimai xadimləri olmuşdu, o zaman seçim niyə məhz İlya Çavçavadzenin üzərində dayanmışdı?

Məlum olduğu kimi, çağdaş gürcü ədəbiyyatının banisi hesab olunan və 69 yaşında qətl edilən knyaz Çavçavadze həm də XIX əsrdə Gürcüstanda milli-azadlıq hərəkatının ideyalarını ifadə edən başlıca şəxlərdən olub. Çavçavadze hələ gənclik illərində, 1860-cı ildə qələmə aldığı məşhur “ორიოდე სიტყვა თავად რევაზ შალვას ძე ერისთავის კაზლოვიდან „შეშლილის“ თარგმანზედა” (Revaz Şalvoviç Eristavinin Kozlovun “Ağılsız” əsərinin tərcüməsi haqqında bir neçə kəlmə) məqaləsində gürcü kimliyini nəyin yaratması – მამული, ენა და სარწმუნოება (vətən, dil və inanc) – haqdakı məlum tezisini formulizə etmişdi. Bəlkə prezident kabinetində portret seçiminin başlıca səbəbi də bu böyük ictimai xadimin gürcü kimliyi haqdakı həmin triadasından doğrudu?

Əgər elədirsə, görəsən bu triada indi necə, çağdaş Gürcüstan üçün keçərlidirmi? Bu sualın cavabı çox vacib olduğu üçün gürcü cəmiyyətinin müxtəlif etnik qrupların və sosial təbəqələrin təmsilçilərinə müraciət etdik. Rəy bildirən bütün insanlar Gürcüstantan vətəndaşıdır.

29 yaşlı iş adamı Elvin Buntürk hesab edir ki, bu yanlış təsbitdir, çünki gürcü dili tarixən bu bölgədə müxtəlif etnoslar üçün ortaq danışıq dili olmayıb, əksinə, dil baryeri olduğu üçün ölkədəki başqa etnik qruplar ümumi təfəkkur və fikir axınından kənarda qalıb, ayri bir sosiokultural məkan yaşayıb, təfəkküründə və yaşamında bir növ “muxtar” olub. Gürcü dili yazlnız sonra qanunla dövlət dili elan edilib, bu üzdən birləşdirici faktor ola bilməz. Ortodoks dini də, üç başlıca etnik qruplardan ikisini – azərbaycanlıları və erməniləri qane edəcək nəsnə ola bilməz. Yalnız ortaq vətən birləşdirici faktor ola bilər, lakin yalnız siyasi kimlik yaradılması ilə bu baş verəcək.

40 yaşlı musiqiçi Nino Jvania düşünür ki, bu məsələdə şəxsən ona bu triada yaxın deyil və ölkəsi üçün universal nəsnə ola bilməz. Lakin Çavçavadzenin 1878-ci ildə Acarıstana səfərindən sonra bu tezisə etdiyi dəyişikliklə, yəni – vətən, dil və tarix – formasında onu birləşdirici faktor kimi qəbul etmək olar.

48 yaşlı jurnalist İrakli Çixladze-Sulava isə hesab edir ki, hazırda Çavçavadzenin tezisləri aktual olsa da, indi bütün xalqı birləşdirəcək yeni ideya “ərazi bütövlüyünün təmin edilməsi” kimi səslənir. Məhz bu səbəbdən milli identifikasiya məsələsinə sırf geosiyasi aspektlər əlavə edilmişdir, çünki Gürcüstanda qərbyönlü və Rusiyameylli qüvvələrin qarşıdurması artıq ktirik həddədir. Cəmiyyətdə siyasi orientasiyanın bu qədər dominant roluna çıxması isə milli identifikasiya, yəni gürcü siyasi kimliyi üçün dərin dissonans rolunu oynayır.

34 yaşlı dayə Rəna Xudiyeva deyir ki, bu ideya ortaq dil ola bilər. O, özünü ancaq gürcü dilində danışarkən komfortlu hesab edir: “Anam, qardaşım və mən gürcü dilində rahat danışırıq, atam isə bilmir. Atamın bu üzdən gürcü qonşularla anlaşmazlığı, problemi olub, məni, anamı, qardaşımı isə gürcü qonşularımız özlərindən seçməyiblər. Bizi ancaq dil birləşdirə bilər”.

Məlumdur ki, istənilən xalqı ədəbiyyat yaradır. XIX əsrdə, Böyük Fransız inqilabından sonra Avropada intişarını tapmış État-nation (bir dövlət-bir milləti) ideyası üçün artıq dini identifikasiya, yəni hümmət ideyası artıq keçərli deyildi, və bu ölkələrdə yeni milli identifikasiyanı artıq romantik, insanmərkəzçi ədəbiyyat, birləşdirici yek ədəbi dilin üzərində yaratmalı idi. XIX əsrin romantikası bir dövlətdə bir dillə unifikasiya edilmiş bir millətin yaşayacağı belə bir “ideal cəmiyyət” yaradacığına inanırdı.

Lakin indi, üstündən iki yüzil sonra, XXI əsrdə məlum olur ki, bu, heç də belə deyilmiş və XIX əsr xülyalarının prokrust lojası indi əsla çalışmır. Bəlkə də bizim postsovet ölkələri üçün belə bir orientir universal bəşəri dəyərlər ola bilərdi, lakin təəssüf ki, hazırkı dövrdə, getdikcə qloballaşan Suriya müharibəsi fonunda və Paris teraktlarından sonra, bəşəriyyətin böyük bir apokalipsisi astanasında bu ideyalar da Avropa və dünyada dərin krizis keçirməkdədir…


liberali.ge

Ana səhifəXəbərlərGürcüstanda siyasi kimlik məsələsi