Gürcüstanda seçkilər: azərbaycanlılar nə düşünür?

“Azərbaycanlılar siyasi proseslərdə fəal deyillər, çünki onlardan çox azı gürcü dilini bilir”

Source:
© Meydan TV 2016
© Meydan TV 2016


“Azərbaycanlılar siyasi proseslərdə fəal deyillər, çünki onlardan çox azı gürcü dilini bilir”

Gürcüstanda 8 oktyabrda parlament seçkiləri keçiriləcək və seçki kampaniyaları bir neçə aydır ki, azərbaycanlıların məskunlaşdığı əsas bölgələr də daxil olmaqla, bütün Gürcüstanda aparılır.

Milli Azlıqlar üzrə Avropa Mərkəzi 2012-ci il parlament seçkilərində müşahidə missiyasını yerinə yetirdikdən sonra bu məsələ ilə bağlı həmin ildə bir hesabat hazırladı. Hesabatda ifadə edilir ki, Marneulidə şəhərin azərbaycanlı sakinlərinin 43.98 faizi səs verib. Bolnisidə 48.44 faizi, Dmanisidə 53.47 faizi səs verib. Hesabatda hətta qeyd olunub ki, məlumatların toplanmasının çətinliyinə və səsvermə prosesində şəffaflığın sual altında olmasına görə bu ədəd bir az şişirdilmiş ola bilər.


Orta milli seçici fəallığı 60 faizdən bir az yüksəkdir

Bundan başqa, hesabatda qeyd olunur ki, Gürcüstan parlamentinə seçilən etnik azlıq üzvlərinin sayı 1995-ci ildən bəri yarıya enib. Halbuki, o illərdə parlamentin 16 üzvü Gürcüstandakı milli azlıqların nümayəndəsi olub.

Elə isə sadəcə azərbaycanlıların Gürcüstanın siyasi həyatında iştirakı niyə aşağıdır?


Seçilmiş rəsmilərə inamın azlığı

“Kim seçilsə də, onların bizə heç bir yardım olmayacaq” – Marneuli rayonu, Qızılhacılı kənd sakini Mahir Xəlilov belə deyir.

“Bizim qaz, su və işıq problemlərimiz var və yolların vəziyyətini özünüz görürsünüz. İllərdir ki, bu problemlərimiz var, hətta onlar bunu düzəldəcəklərini desələr də, etmirlər. İşsizlik həmçinin böyük problemdir. Şəhər və ya ölkə olsun – ümumi seçkilərdə, mən səsvermənin hər hansı yaxşı bir şey edəcəyinə inanmıram. Mən səs verməyəcəm”.

Faxralı kənd sakini (Bolnisi rayonu) Sənan Qurbanov hüquq təhsili aldığı Tbilisi Dövlət Universitetində 4-cü kurs tələbəsidir. Qurbanov deyir ki,rayonlarda milli seçkilərə maraq yoxdur, çünki seçilmiş nümayəndələr öz vədlərini yerinə yetirmirlər:

“Maraqlıdır ki, azərbaycanlılar məskunlaşan ərazilərdə 2012-ci il parlament seçkilərində əhalinin 50 faizi səs verdi. Lakin ötən il bələdiyyə seçkilərində yalnız 32 faiz insan səs verdi. Səbəb o idi ki, seçilən şəxslər öz vədlərini heç vaxt yerinə yetirmirlər. Onlar hələ namizəd olanda bir çox vəd verirlər. Ancaq seçkilərdən sonra öz öhdəliklərini unudurlar. Bu təkralanan praktika insanlarda səsvermənin gücünə olan inamı və etimadı azaldır. Və ən pis tərəfi də odur ki, partiyalar insanlarda siyasi şüur formalaşdırmaqda maraqlı deyillər. Onlar bəzən öz broşuralarını gətirirlər, ancaq insanlar onu hətta oxumadan atırlar”.


Dil baryeri partiya namizədləri və platformaları haqqında informasiya çatışmazlığına gətirib çıxarır

Digər bir Marneuli sakini Aslan Bədəlov deyir ki, onun yeni yaradılmış siyasi partiyalar haqqında məlumatı yoxdur:

“Biz yeni siyasi partiyalar ilə maraqlanmırıq, heç bir şey bilmirik. Biz o siyasətçilərin heç birini şəhərimizdə görməmişik. Onlara nəyə görə səs verməliyik?”

Lakin “Gürcü arzuları” Partiyasının Marneuli rayonu qərargah rəisi Atiran Giorgadzenin sözlərinə görə, bu, düz deyil:

“Azərbaycanlılar seçkilərdə aktiv iştirak edirlər və Azərbaycan dilini bilən partiya üzvləri tez-tez Azərbaycan dilində danışılan kəndlərə və şəhərlərə insanlarla danışmaq və məlumatları yaymaq üçün göndərilir”.

Giorgadze dil baryerinin azərbaycanlıların iştirakının qarşısını aldığını inkar edir və deyir ki, əgər belə şey varsa, bunun günahkarı şəxslərin özləridir:

“Etnik azlıqların gürcü dilini öyrənməsi üçün bir sıra proqramlar var. Əgər onlar dili bilmirlərsə, siyasətdə iştirak edə də bilməzlər. Bu, onların öz günahıdır, çünki lazımlı şərait və proqramlar artıq var” .

Marneuli rayonundakı 22-ci seçki məntəqəsində nəzarətçi olan Yakob Asanidze deyir ki, seçki prosesi ilə bağlı bütün sənədlər Azərbaycan və erməni dillərinə tərcümə olunub və buna görə də seçki kabinəsində dil baryeri seçicilər üçün problemli ola bilməz.

Girçi (şam qozası) Partiyasının namizədi Araz Maşov deyir ki, gürcü dilinin yayılması üçün hökumətin aldığı müəyyən tədbirlərə baxmayaraq, onlar problemi həll etməyib və çox az azərbaycanlı son illərdə dili öyrənib:

“Azərbaycanlılar siyasi proseslərdə fəal deyillər, çünki onlardan çox azı gürcü dilini bilir. Əgər bilsəydilər, onlar hakim mövqelərə öz səs və tələblərini daha yaxşı çatdıra bilərdilər”.

2009-cu ildə Təhsil Nazirliyi etnik azlıqların nümayəndəsi olan tələbələrə kömək məqsədilə onların ali təhsillərini Gürcüstan universitetlərində davam etdirmələri üçün bir kvota sistemi tətbiq etdi. Qısası, bu müsbət fəaliyyət planı etnik azlıqdan olan tələbələrə bütün bakalavrların 12 faizini və ya akademik sertifikat səviyyəsindəki akademik yerləşdirmələri şamil edir. Erməni və azərbaycanlı tələbələr bütün akademik yerləşdirmənin onlar üçün ayrılmış 5 faizindən, osetiyalılar və abxazlar isə 1 faizindən yararlanır.

Bu tələbələr sadəcə öz ana dillərində Ümumi Bacarıqlar imtahanından keçərək, universitetə daxil ola bilirlər, lakin onlar seçilmiş təhsil proqramlarına başlamamışdan öncə gürcü dilini öyrənmək üçün əlavə 1 il sərf etməlidirlər. Proqramı “1 + 4” adlandırılır və 2018-2019 tədris ilinə qədər davam edəcək.

“1 + 4” kimi proqramlara baxmayaraq, Gürcüstan azərbaycanlılarının yalnız 6 faizi dövlət dilini bilir.

© Meydan TV 2016
© Meydan TV 2016


Azərbaycanlı qadınlar siyasətdə yoxdurlar

Gürcüstan tarixində heç bir azərbaycanlı qadın parlamentə seçilməyib. Lakin bu il sadəcə bir azərbaycanlı qadın namizəd var – parlament seçkilərinə hazırlaşan Samirə İsmayılova. Ümumiyyətlə, etnik azərbaycanlı qadınlar ölkədəki siyasi proseslərdə fəal iştirak etmirlər.

Gürcüstanın “Aktiv Qadınlar Assosiasiyası”nın rəhbəri Gultəkin Mustafayeva deyir ki, əsas səbəb təhsilin olmamasıdır:

“Etnik azərbaycanlı qadınlar tez-tez erkən yaşda evlənirlər və təhsillərini başa vurmurlar. Eyni zamanda onlar dili bilmilər, ailələri və uşaqları var və siyasətlə maraqlanmağa vaxt tapa bilmirlər. Azərbaycanlı qadınların əksəriyyəti səs vermir. Ancaq səs verənlər də ərləri və ya ataları dediyi kimi səs verirlər. Öz siyasi əqidəsinə görə səs verən qadınların sayı çox azdır”.


Aşağı siyasi və hüquqi savadlılıq

Siyasi ekspert və Paata Burjuladzenin “İnsanlar üçün Dövlət” Hərəkatının baş məsləhətçisi Aqit Mirzoyev deyir ki, etnik azlıqların məskunlaşdığı sahələrdə siyasi savadlılıq aşağıdır və müəyyən problemlər ilə qarşı-qarşıya qalanda bəzi etnik qruplar öz dil və mədəni dairələrində olan bir kimsə ilə münasibət qurmağa üstünlük verir.

Burjuladze əlavə etdi ki, müəyyən problemləri həll etmək üçün bələdiyyə və regional hakimiyyət orqanlarına necə yanaşmaq lazım olduğunu bilmirlər. Bu, 1991-ci ildə Gürcüstan müstəqillik əldə etdikdən sonra keçid illərinin qalığıdır:

“Sovet hakimiyyəti dövründə bütün suallar bələdiyyə orqanlarına ünvanlanırdı. İndi, torpaq, su və qaz ilə bağlı məsələlər ayrı-ayrı şöbələrə bölünüb. Hər nazirliyin öz funksiyası var və cəmiyyət hələ də bununla razılığa gələ bilmir. Siyasi və hüquqi savadlılığın olmaması insanların əleyhinə işləyir və bariyerlər yaradır. Onlar bilmirlər nəyi kimdən xahiş etsinlər”.


Gürcüstan azərbaycanlıları Azərbaycanda baş verən siyasi proseslərə daha maraqlıdırlar

Aqit Mirzoyevə görə, Gürcüstan azərbaycanlıları özlərini gürcülərdən daha çox azərbaycanlılarla eyniləşdirirlər. Onların bir çoxunun uzun illərdir ölkədə yaşadığı faktına baxmayaraq, Gürcüstandan daha çox Azərbaycanda baş verən siyasi, sosial və mədəni proseslərə maraqlıdırlar:

“Etnik azərbaycanlılar daha çox Azərbaycan, Türkiyə və Rusiyaya köçürlər. Gürcüstanda qalanlar isə özlərini Azərbaycan vətəndaşı kimi hiss edirlər. Bu zehniyyət hökumətin onları Gürcüstana inteqrasiya etdirmə cəhdlərini zəiflətməyə çalışır. Təəssüf ki, onlar özlərini ölkənin vətəndaşları kimi görmürlər”.

Meydan TV müxbirləri Marneuli rayonunda sorğu keçirib və 50 nəfər azərbaycanlıdan seçki prosesi haqqında fikirlərini və inanclarını soruşub.

Onlardan 39-nun Girçi və Paata kimi yeni və inkişaf etməkdə olan siyasi partiyalar haqqında heç bir fikri yoxdur. 30-u isə deyib ki, onlar milli seçkilərdə iştirak etməkdə maraqlı deyillər. 41-i düşünür ki, keçmiş seçkilər və nümayəndələr onların həyatına heç bir nəzərə çarpan fərqlilik gətirməyib. 38-i deyib ki, seçilənlər onlarla maraqlanmayıblar. 35-i düşünür ki, dil bariyeri siyasətlə daha çox maraqlanmağın qarşısını alır.

Ana səhifəXəbərlərGürcüstanda seçkilər: azərbaycanlılar nə düşünür?