Gürcüstanda “donuz qripi” təhlükəsi

H1N1 virusundan 13 adamın vəfat etdiyi bildirilir

Source:
Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzi oktyabr 2018-ci il Foto:David Pipia/JAMnews
Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzi oktyabr 2018-ci il Foto:David Pipia/JAMnews

Məqalə JAMnews saytında dərc olunub.

Gürcüstanda qrip virusundan on üç nəfər vəfat edib və daha bir neçəsi reanimasiyadadır. Cəmiyyət təlaş içindədir, lakin hökumət ölkədə epidemiyanın olmadığını israr edir. Bununla yanaşı, onlar virusa qarşı pulsuz peyvəndə başlamağa, ya da təlaşın aradan qalxması üçün başqa nələrsə etməyə tələsmirlər.


Epidemiya yoxdur, təlaş var

Gürcüstanda H1N1 qripi hallarının artması səbəbindən qış tətilini uzadıblar – məktəblilər dərsə, planlaşdırıldığı kimi, yanvarın 15-də deyil, 21-də gedəcəklər.

Səhiyyə Nazirliyi ölkədə hələ ki epidemiyanın olmadığına inandırır: bu gün ölkədə yüz min adamdan 256-sı qripə yoluxub, epidemiya zamanı isə xəstələrin sayı 450-500-ə çatmalıdır.

Bununla belə, Gürcüstanda əsl təlaş hökm sürür. İnformasiya buraxılışları qrip haqqında xəbərlərlə başlayır, ölümlə nəticələnən yeni hallar barədə məlumat sosial şəbəkələrdə ildırım sürəti ilə yayılır, küçədə çoxu tibbi maskalarda gəzir. Qrip və soyuqdəymə dərmanlarını, o cümlədən “donuz” qripinin müalicəsi zamanı istifadə olunan əsas preparatı – virusa qarşı bahalı “Tamiflyu”nu apteklərdən silib-süpürürlər.

Qış tətili olmasına baxmayaraq, uşaq tamaşalarında və bayram konsertlərində heç də qələbəlik deyil – valideynlər kütləvi tədbirlərdən uzaq durmağa çalışırlar.

Yanvarın 8-dən Tbilisi xəstəxanalarının bir qismi sutkaboyu iş rejiminə keçib. Ölkənin, demək olar ki, bütün tibb müəssisələrində karantin elan ediblər – klinikaya giriş və orda qalmaq maksimum məhdudlaşdırılıb. “Təcili yardım”, üstəlik təcili kömək çağırışları qəbul edən xidmət fövqəladə rejimdə işləyir – dispetçerlərin sayını, demək olar ki, ikiqat artırıblar.

Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amirana Qamkrelidzenin sözlərinə görə, laboratoriya 300 “donuz qripi” halını təsdiqləyib, onlardan on üçü ölümlə nəticələnib. Ağırlaşmanın qurbanları əsas etibarı ilə xroniki xəstəliklərdən əziyyət çəkənlər olub.


“Türkəçarələr”

Yanvarın 8-də keçirilən rəsmi brifinqdə həkim Amirana Qamkrelidze əhalini naşatır spirtinə, sarımsağa və ya digər “türkəçarə”lərə əl atmamağa, qripin ilk əlamətlərində dərhal həkimə müraciət etməyə çağırıb.

Məsələ burasındadır ki, Gürcüstanda qrip haqqında informasiya fonunda profilaktika və müalicənin “türkəçarə” reseptləri böyük populyarlıq qazanıb. Məsələn, yerli saytların birində dərc olunmuş səhərlər acqarına naşatır spirti içmək kimi məsləhətə bir neçə yüz min baxış sayı olub. Halbuki, bu üsula əl atan adamlar şərhlərdə mədə ağrısından şikayətləniblər. Tezliklə naşatır “Facebook” şəbəkəsində gürcü seqmentinin daha mütərəqqi kəsimi arasında zarafat mövzusuna çevrilib.


Qrip və Qərb əleyhinə təbliğat

Bəzi gürcü qəzetləri və saytları Qərb əleyhinə ifadə olunmuş ritorika ilə yazıb ki, “donuz qripi” virusu süni şəkildə yaradılıb və yeni bioloji silahın sınağı zamanı yayılıb. Guya bu bioloji silahı Tbilisidə Luqara adlı amerikan laboratoriyası işləyib hazırlayır.

Rusiya məmurlarının və dövlət nəzarətində olan KİV-in Gürcüstanda amerikalı senator Luqara adına olan

tədqiqat mərkəzinə olan marağı zəifləmir

.

Kremlə meylli media 2011-ci ildə açılmış tədqiqat mərkəzinin Rusiya üçün az qala əsas təhlükə olması barədə dəfələrlə materiallar çap edib. Belə ki amerikalı hərbçilər Rusiyaya qarşı istifadə etmələri üçün bioloji silahları məhz burda işləyib hazırlayır, ya da istehsal edirlər.

Gürcüstan və ABŞ hökuməti bu ittihamları dəfələrlə təkzib edib, ötən ilin payızında isə tədqiqat mərkəzi öz fəaliyyətləri ilə tanış etmək üçün jurnalistləri – o cümlədən Rusiya jurnalistlərini dəvət edib. Sonra Luqara laboratoriyasında 17 ölkənin eksperti olub. Onların görüşdən sonra dərc etdikləri xülasədə “müəssisədə profilaktik, elmi və dinc məqsədlərə uyğun gəlməyən” heç nəyin

aşkarlanmadığı deyilir

.

Məndə qrip olduğunu necə anlamalı?

İndi bu sualı təkcə Gürcüstanda deyil, qonşu ölkələrdə də verirlər. H1N1-in əlamətləri elə adi mövsüm qripinin əlamətləri kimidir: baş ağrısı, hərarətin kəskin qalxması, üşütmə, öskürək, ara-sıra zökəm.

Hərarət 40 dərəcəyədək yüksələ bilər, bəzən ishal, qusma, mədədə ağrılar ola bilər.

H1N1 bir çox halda ağırlaşma olmadan keçir – xəstə təxminən bir həftədən sonra sağalır. Lakin ağır formalarda xəstəlik sürətlə şiddətlənə bilər. Qrip həmçinin tez-tez virus sətəlcəmi ilə ağırlaşır ki, onu da bakterial sətəlcəmdən fərli olaraq antibiotiklərlə müalicə etmək mümkün deyil – burda xüsusi və çox təcili virus əleyhinə müalicə tətbiq olunmalıdır. Ona görə də həkimlər xəbərdarlıq edirlər ki, qripin ilk əlamətlərindəcə təcili ixtisaslı tibbi köməyə müraciət etmək lazımdır.

Dünyada bu ştampın son pandemiyası 2009-cu ilin mart və aprel aylarında olub. O zaman “donuz” qripindən 20 minə yaxın adam ölmüşdü. Və bu təkcə laboratoriya tərəfindən təsdiqlənmiş məlumatlardır, gerçəkdə isə ölənlərin sayı daha çox olub.

Ana səhifəXəbərlərGürcüstanda “donuz qripi” təhlükəsi