Masa arxasında oturub sakitcə onu izləyirdim. O ev yığışdırır, bir tərəfdən uşağa baxır, o bir tərəfdən qonaqlara qulluq edir, o biri yandan işi ilə maraqlanır, zənglərə cavab verir, eyni zamanda da qardaşlarının həpsi məsuliyyəti ürəyini sıxır ona dinclik vermirdi. Şövkət xanım (Günel xanımın anası) isə hirsli addımlarla evdə dolaşır, sual dolu gözlərini Günelə zilləyir, bu hadisədə onun günahkar olduğunu dəfələrlə ona sübut etmək üçün daha ağır nəzərlərlə onu durmadan yükləyirdi. Günel isə başını bulayır, gözün tavana zilləyir, bəzən də əli ilə üzünü ovxalayır, köksünü ötürür, sonra da ironik gülüşlə gülüb çiyinlərini çəkirdi…
***
Müharibə qurbanı ol, qaçqın həyatı sür, əziyyətlərlə həyatda tutunmağa çalış, ailədə təzyiqlərə məruz qal, ideyan, inandığın dəyərlər uğrunda xalq tərəfindən söyül, qınaq obyekti ol, dövlət tərəfindən sıxışdırıl, mühacir həyatı yaşamağa məcbur qal, bunun üzərinə də azmış kimi ailə üzvlərinin həyatda qala bilmə məsuliyyətini də boynuna qoysunlar.
Övlad yetişdir, həyat yoldaşına qulluq et, hər dəqiqə başına bir iş gələcəyi qorxusuyla yaşa, üstəlik də qardaşlarını həbs edib onların ailəsinin, başsız qalan övladlarının məsuliyyətini də boynuna yükləsinlər. Ananın kinayəli baxışları, qohumların qınağı…Üstəlik, vicdanındakı ağırlıq qadın üçün bəlkə də qaldıra bilməyəcəyi ən böyük yükdür. Və bütün bunlar sadəcə öz işini gördüyün, həqiqəti dediyin üçün olsun.
Evdəki dialoq bundan ibarət idi: “filankəsi tutublar”, “hə, eşitdim”, “o birin də tutublar da”, “filankəsləri də tutacaqlar”, “filankəs çoxdan tutulub”…Onlar çox adi halmış kimi həbs olunanların adlarını bir-bir sadalayırdılar. Azərbaycan hakimiyyətinin həyata keçirdiyi günə bir həbs kompaniyasının köməkliyi ilə insanların həbs olmağı onlar üçün gözlənilən və qarşısı alınmayacaq bir hala çevrilibdir.
***
İllər öncə fikrinə hörmət etdiyim adamlardan biri “azərbaycan xalqı savadlı insanın düşmənidir”- fikrini söyləyəndə onu qınamışdım. Səni axır nəfəsinə kimi sınayırlar, belin sınana kimi yük verirlər sırtına. Əli sənə çatmır qohumlarından yapışır, qohumlarına çatmır, əcdadlarından tutur. Yəni söz, qələm adamısansa Azərbaycanda doğulmaq sənin doğuşdan bədbəxt olduğunun göstəricisidir.
***
Azərbaycanlı olmağıma baxmayaraq bəxtim onda gətirib ki, Gürcüstan vətəndaşıyam və Tiflisdə yaşayıram. Çünki yəqinki ziyalısını, alimini, akademikini, jurnalistini, rəssamını, xalqın içindən say seçmə azad düşüncəli vətəndaşlarını muhacir həyatı yaşamağa məcbur edən bir dövlətdən bir gün mən də qaçıb yenə Tiflisin küçələrinə sığınmağa məcbur qalacaqdım.
Tiflisin küçələrində Azərbaycandan gələn tələbələrin, iş adamlarının, aydın gənclərin sayi getdikcə artır. Bu qədər mülkü olan ölkədən canlarını xilas etməyə fürsət axtarırlar. Rahat nəfəs almaq üçün öz
vətənlərindən qaçıb Gürcüstana gəlirlər.
Yüksək səslə prezdentinin adını çəkib haqqında fikir söylənməsi qadağan olan bir dövlətdə bütün vəhşiliklər, əziyyətlər, qarşıdurmalar maksimumuyla gözlənilən hallardır. Son illər Azərbaycan hakimiyyətinin öz aydın vətəndaşlarına tutduğu divanı seyr etdikcə bu insanlarla eyni dili danışdığım üçün özümdən utanıram. Axı necə olur ki, bu qədər zülmün, əziyyətin, vəhşiliyin qarşısında insanlar rahat evində oturub çörəyini yeyib, gecə yastığıa baş qoyub rahat yata bilir?
Necə olur ki, həftədə bir əsgəri vəhşicəsinə öldürülən, milyonlarla insanın haqqı tapdalanan, qadınları zorlanan, döyülən, kişiləri alçaldılan, söyülən, uşaqları susdurulan bir dövlətdə insanlar rahat şəkildə toy edir, bir-birinə qonaq gedib rahat yeyir, içir, bahalı maşınlara minir, restoranlarda doyunca şənlənir, əylənirlər?! Ölkədə monarxiyadır və hakimiyyət diktatura sistemiylə ölkəni idarə edir. Qəzetlər kirminaldan başqa heç bir ciddi xəbər vermir, ölkədə bir dənə də azad media orqanı yoxdur. Medianın ölkə siyasətindən xəbəri yoxdur. 24 saat saz, tar, zurna çalıb oynayırlar. Axı nə qədər bayram etmək olar, nə qədər çalıb oynamaq olar?! Bəs deyilmi bu arsızlıq, bu soyuqqanlılıq? Axı bütün bu vəhşiliklər sizin ölkənizdə baş verməkdədir. Bu qədər biganə qalmaq mümkündürmü? Bu insanlar yaşamağı necə bacarırlar? Hələ də dərk edə bilmirəm.
***
Mən gürcü azərbaycanlısıyam. Amma bu sonuncu mənim adıma yapışdırma kəliməni bir dəfəlik silib atmaq hirsi məni yetərincə zara gətirib. Çünki sayı üç dəfə bizdən az olan xalq sovetdən sonra dövlət başına gələn bütün siyasətçilərin balaca səhvini onlara bağışlamayıblar. Gürcüstanın avrointeqrasiya yolunda sürətlə irəliləməsinə imkan yaradan Saakaşvilini ilk səhvindən vətəndaşları etiraz aksiyası atəşinə tutdular. Hər ailədən həbsdə yatan bir gəncin yarım həyatını ona bağışlamadılar. Analar çıxdı üsyan etdi, qohumları, sevənləri ayağa qalxdı, bütöv gürcü xalqı bir ağızla küçələrə töküldü, etiraz etdi, üsyan etdi və qazandı…
Azərbaycanda oğulları ölən əsgərlərin anaları pulla susdurulanda Gürcüstanda həbsxanalarda zorlanan oğulların anaları hakimiyyəti süpürgəylə qovurdu. Azərbaycanda yazıçısı, ziyalısı döyülüb-söyüləndə, Gürcüstanda camahat ziyalıdan avtoqraf toplayır. Azərbaycanda bir çoxları teatrı fahişəxana, aktirisanı fahişə adlandıranda Gürcüstanda incəsənət adamının əlindən öpürlər, tamaşalara baxmağa növbəylə 1 ay əvvəldən yazılırlar.
Azərbaycanda hökm sürən rejimin söz adamlarını susdurmaq üçün keçirdiyi təzyiqlər həddini aşıb. Rafiq Tağı gülələlənib, Əkrəm Əylislinin başına gəlməyən iş qalmadı, Günel Mövluddan anası imtina edib, Emin Millidən qohumları imtina edib, Xədicə İsmayıl həbsdə, Nidaçılar…
Şübhəsiz ki, indi hökm sürən rejim bütün ədalətsizliklərin qaynağıdır, amma bütün bu ədalətsizliklərə imkan yaradan özünü maksimum istifadə olunmağa, haqqının tapdalanmasına, ruhunun satın alınmasına, milyonlarının yeyilməsinə, övladlarının orduda öldürülməsinə şərait yaradan 30 ildir bu rejimə baş əyən, onu sevib, səs verən Azərbaycan xalqının özüdür.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…