Gürcüstan və Azərbaycan tanınmamış Abxaziyada “seçkiləri” pisləyiblər

“Seçkiləri və nəticələri tanımırıq”

Foto: XİN


“Seçkiləri və nəticələri tanımırıq”

Gürcüstan prezidenti Salome Zurabişvili tanınmamış Abxaziya bölgəsində avqustun 25-də təşkil olunan “prezident seçkilərini” riyakarlıq adlandırıb.

Azadlıq Radiosunun məlumatına görə, Salome Zurabişvili “Twitter”-də yazıb ki, bu “qanunsuz seçki” ölkənin suverenliyinin “bir daha pozulmasıdır”.

Abxaziyada keçirilən “seçkilərlə” əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

“Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”, – bəyanatda deyilir.

Seçkiyə bölgənin separatçı lideri Raul Xadzimba ilə yanaşı səkkiz namizəd qatılıb.

Separatçı regionun seçki rəsmiləri 116 min adamın seçki hüququ olduğunu, Abxaziya üzrə 152 səsvermə məntəqəsinin təşkil olunduğunu bildirib. Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra bölgəni müstəqil ölkə kimi tanıyıb.

Ana səhifəXəbərlərGürcüstan və Azərbaycan tanınmamış Abxaziyada “seçkiləri” pisləyiblər