Gürcüstan prezidentinin impiçmenti baş tutacaqmı?

Salome Zurabişvili. Foto: Dmitry Khorov/shutterstock

Hakimiyyət prezidenti Konstitusiyanı pozmaqda ittiham edib

“Jamnews”un materialı əsasında

Gürcüstanda hökumət və hakim partiya ilə Prezident Salome Zurabişvili arasında yeni qarşıdurma yaranıb. “Gürcü arzusu” Partiyası sentyabrın 1-də prezidentə qarşı impiçment proseduruna başlayaraq, onu Konstitusiyanı pozmaqda ittiham edib. Belə ki, hökumətin qadağasına rəğmən, prezident Avropaya səfər edib.

Hakimiyyət həmçinin prezidenti “radikal müxalifət”lə əlbir olmaqda günahlandırır. Hakim partiyanın lideri İrakli Kobaxidenin elan etdiyi kimi, “onların ümumi gündəmləri var – Gürcüstana namizəd statusunu almağa imkan verməmək”.

Hakim partiya artıq ikinci dəfədir ki, Salome Zurabişviliyə impiçment elan etməyə çalışır. Belə ki, 2020-ci il iyunun 10-u hökumət Konstitusiya məhkəməsində prezidentə qarşı iddia irəli sürüb. Həmin vaxt digər səbəblər arasında yenə də hökumətin icazəsi olmadan prezidentin Avropaya səfər etməsi idi.     

2023-cü il yanvarın 11-də Konstitusiya məhkəməsi iddiaya baxmaqdan imtina etdi və hökumət onu geri çağırmaq məcburiyyətində qaldı.

Bu iki iddiaya qədər Gürcüstanda elə bil hal olmamışdı ki, vəzifə başında olan prezident Konstitusiyanı pozduğuna görə məhkəməyə cəlb edilsin.

Hökumət niyə ikinci dəfə Konstitusiya məhkəməsinə müraciət edir? İmpiçment prosesi necədir – hakim partiya prezidenti kənarlaşdıra biləcəkmi? Əgər bacarmazsa və hakimiyyət bunu öncədən bilirsə, o zaman niyə hökumət bu yolla gedib? 

Hüquqşünas, Konstitusiya üzrə mütəxəssis Levan Alapişvili vəziyyəti araşdırmağa çalışır.

“Gürcü arzusu” hakim partiyanın sədri İrakli Kobaxidze sentyabrın 1-də “Konstitusiyanı kobud şəkildə pozduğu” üçün prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunun başlaması barədə elan edib.

Gürcüstan Konstitusiyasına əsasən, prezident təkcə hökumətin razılığı ilə xarici münasibətlərdə nümayəndə səlahiyyətlərini icra edə bilər. Belə ki, ölkənin xarici siyasətinin gerçəkləşdirilməsi hökumətin səlahiyyətindədir.

Avqustun 30-u hökumət elan edib ki, prezidentə xarici ölkələrə səfər etməyə və orada rəsmi görüşlər keçirməyə icazə verməyib və izah edib ki, bu addımı “prezident ölkənin Avropaya inteqrasiyasına qarşı çıxış etdiyi” üçün atıb. Lakin avqustun 31-i Zurabişvili yenə də Almaniyaya yola düşüb və orada prezident Frank-Valter Ştanymayerlə görüşüb. Daha sonra o, digər Avropa liderləri ilə də görüş keçirib.

Bundan əvvəl Prezident Administrasiyasının dərc etdiyi bəyanatda deyilir ki, Avropaya səfərlərin və oradakı liderlərlə görüşlərin məqsədi Gürcüstana Avropa İttifaqına daxil olmaq üçün namizəd statusunun təqdim edilməsi dəstəyinin lobbiləşdirilməsidir.

Hökumət parlamentdə impiçmentə lazım olan 100 səsi yığmaq üçün onları müxalifətdən almalı olacaq. Lakin artıq müxalifətdə çoxu aşkar bəyan ediblər ki, impiçmenti dəstəkləməyəcək.

Hazırda müxalifətdə olan sabiq baş nazir Qriqori Qaxariya deyir ki, “hər şeydən əvvəl, (prezidentlə münaqişə) – bu, ölkənin Avropa gələcəyinə qarşı şüurlu addımdır. Amma bundan başqa, bu, ölkədə konfrontasiya və polyarizasiyanın dərinləşməsinə doğru şüurlu addımdır. Məlum addımsa dövlətin sabitliyi üçün ciddi problem yaradır”.

Konfliktoloq Paata Zakareişvili deyir ki, “Gürcü arzusu” bu cür addımları Rusiyaya olan loyallığını göstərmək üçün atır: “Gürcü arzusu” namizəd statusu almaq yolunda istənilən şansı məhv etmək üçün bütün bunlara əl atır. Hakim partiya Avropa ittifaqına biabırçı şəkildə nümayiş etdirir ki, prezidentin Avropa ittifaqı ilə əməkdaşlıq yolunda fəaliyyəti onlar üçün qəbuledilməzdir. Əlbəttə ki, onlara Rusiyaya can atdıqlarını göstərmək lazımdır.

İmpiçment mövzusuna cavablar necə olub?


“Gürcü arzusu”nun məqsədi necə olursa-olsun, bir çox analitik bu prosesin dövlətə böyük zərər verəcəyi ilə razıdır.
 “İmpiçment sıradan bir prosedur deyil, bu, böyük siyasi böhrandır. Və hakim partiya bu böhranı özü yaradır. Biz kənardan çox pis görünürük”, – hüquqşünas Levan Alapişvili deyir.
“Gürcü arzusu” Gürcüstan xalqının Avropa arzusuna hədə-qorxu gəlir. Dövlət prezidentinə, həqiqi Avropa liderinə həmrəyəm”, – Almaniya Bundestaqının Xarici İşlər üzrə Komitəsinin sədri Mixael Rot yazıb.
Salome Zurabişvilinin özü hələ ki impiçmentlə bağlı rəsmi bəyanat verməyib. O, Avropada görüşlərə davam edir.
Ana səhifəDünyaGürcüstan prezidentinin impiçmenti baş tutacaqmı?