Dünyada hazırda, ədəbiyyatçılar demiş, cövlan edən sağ-populist reqres bir çox dövləti öz təsirinə salıb. Başında Putin-Ərdoğan-Brexit-Trump dördlüyü gedən bu proses demokratik ənənələri, institutları zəif olan dövlətləri daha tez məğlub edir.
O boyda Amerikada qələbə çalmış bu axmaq gedişat ABŞ demokratiyasının müqaviməti ilə üzləşib, ona görə də Amerika Türkiyənin gününə düşməyib. Eləcə də Britaniya – hakimiyyətdə mühafizəkarlardır, amma ölkə demokratik olaraq qalır, təbii ki. Sadəcə avrosentrizmdən geri çəkilir. Bu hərəkat Avstriyada, Hollandiyada, Almaniyada, Fransada uduzdu, çünki onlar artıq vahid kontinental Avropa kimi ənənələrə malikdirlər. Avropa Birliyi kimi qurumu yarım əsr saxlamaq o deməkdir ki, orada çox böyük demokratiya enerjisi yığılıb, belə asan məğlub etmək olmaz.
Putin və Ərdoğan onsuz da var idilər, bu tendensiya qalxandan sonra bir az da qızışdılar. Közərən rus demokratiyası (daha doğrusu, demokratik qüvvələri) buna müqavimət göstərə bilmədilər. Türkiyənin demokratik ənənələri isə Rusiyadan çox-çox güclüdür, amma belə qlobal hərəkat qarşısında çox zəifdir. Türkiyədə demokratiyanın sonuncu dirçəlişi 1980-lərin sonunda başlayıb, 2002-də Ərdoğan hakimiyyətə gələndən sonra zirvədən üzüaşağı gedir. Bu qısa müddətli müsəlman demokratiyası, təbii ki, tez uduzmalı idi. Ərdoğanın fikri demokratiya sahəsində Türkiyədə daşı daş üstə qoymamaqdır, hələ ki, uğurla gedir.
Başqa dövlətlər də var bu prosesdən təsirlənən – Polşa, Macarıstan, Çexiya və s. Sonuncu nümunə isə, hələ ki, Gürcüstandır. Bütün bu sadalananlar içərisində (Rusiya xaric) ən zəif demokratik institutlaşmaya malik ölkə Gürcüstandır. Dünyada liberalların, sosial-demokratların, qlobalistlərin, yaşılların nüfuzunun zəiflədiyi vaxt Gürcüstan ada kimi qala bilməz, orada da qeyri-demokratik qüvvələrlə demokratik qüvvələrin demokratik şəraitdə mübarizəsi gedir. Əfqan Muxtarlı hadisəsində gördük ki, qələbə demokratlarda deyil.
Gürcüstanın Əfqana qarşı hərəkəti daha çox Trump-ın Ər-Riyaddakı çıxışını xatırladır. Trump bildirdi ki, “biz başqa dövlətlərin işinə qarışmayacağıq, bizə amerikanların vəziyyəti maraqlıdır”. Pitsburqda da bildirdi ki, “mən Pitsburqu təmsil edirəm, “Paris”i (iqlimlə bağlı beynəlxalq Paris anlaşmasını nəzərdə tutur) yox”. Gürcüstan hökuməti də özünü gürcüstanlıların hökuməti kimi apardı, azərbaycanlı qaçqınların yox.
Əlbəttə, gürcülərin də marağında olmalıdır ki, öz dövlətlərində SOCAR-ın oyuncağı olan hökumət olmasın, İnsan hüquqlarına hörmət olunsun. Amma maraqlarında olacaqmı? İraqda bombalamada ölən yüzlərlə mülki şəxs amerikalıların marağındadırmı? Yaxud Suriya qaçqınlarına türklərin münasibəti çoxmu yaxşıdır? Çox misal çəkmək olar. adamlar öz başlarının çarəsinə zorla baxırlar, qaldı, İraqın, Suriyanın, Azərbaycanın.
Gürcüstan hökumətinin etdiyi biabırçıdır, buna heç kim bəraət qazandıra bilməz. Mənim toxunduğum məsələ başqadır – Gürcüstan düz yoldadırmı? Son günlər daha çox “Bu da sizin Gürcüstan”, “Qafqazdan bir şey çıxmaz”, “Biz demokratiyaya hazır deyilik, olmayacağıq da” kimi sağ-populistlərə sərf edən, üçüncü dünyanın diktatorlarının sevimli şüarı olan “üçüncü yol” səfsətəsinin müddəaları kimi səslənən çoxlu fikirlər gördük. Amma, xanımlar və cənablar, Gürcüstan düz yoldadır. Əfqanı verməsi düz deyil, siyasi qazanında demokratik mübarizənin getməsi düzgündür. Gürcüstan demokratik ölkələrin yaşadığı problemi yaşayır.
Gürcüstanın yolu avropalaşmadır, ona görə də Avropanın ümumi problemləri onlara da sirayət edir. Söhbət qlobal populistləşmənin təsirindən getmir (bu, bizə də təsir edib), söhbət bu təsirin hansı üsulla baş verməsindən gedir, proqressivlərin və reqressivlərin mübarizəsinin demokratik mahiyyətindən gedir. Türkiyənin Gürcüstandan müqayisəyəgəlməz dərəcədə güclü demokratiyası bu prosesin qabağında çökdü. Gürcüstanın rüşeym halındakı bu cıqqılı demokratiyasından nə gözləyirsiniz? Baş naziri tutub Haaqa Məhkəməsinə verməsini?
Təbii ki, Gürcüstan hökumətinə bu rüsvayçı hərəkətinə görə etirazlar olmalıdır. Sadəcə əsəbdən gözardı etdiyimiz bir şey var – Gürcüstan tutduğu yolla yenə nümunədir. Əfqanla bağlı rüsvayçı hərəkəti isə Avropa dəyərlərinin zəruriliyinə şübhə yaratmamalıdır. Bütün dünyada inkişafın, xoşbəxt gələcəyin yolu Avropa dəyərlərindən keçir. Hamımız əvvəl-axır ora üz tutacağıq. Gürcüstan bizdən qabaqdadır, sadəcə ayağından tutub dala çəkirik. Əfqan işində bizimkilər bunu bacardılar. Ümid edək, Gürcüstan bu zəif demokratik institutlaşması ilə ayağını bizim əlimizdən çıxarıb qabağa qaçacaq.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.